Qanqala dərəsi (ガンガラーの谷, Qanqara no tani?) – Yaponiyanın Okinava prefekturasının Nanco şəhərində yerləşən dərə. Burada yerləşən mağaralar qədim yaşayış məskəni olmuşdur. Hazırda turistik gəzinti yeri kimi istifadə olunur. Dərə 45.000 m² sahəni əhatə edir.[1]
Qanqala dərəsi | |
---|---|
Yerləşməsi | |
26°08′15″ şm. e. 127°44′44″ ş. u. | |
Ölkə | |
|
Okinava prefekturasının Nanco şəhərində yerləşən Qanqala dərəsi 5 kilometrə yaxın uzunluğa malik Qyokusendo mağara sisteminin bir hissəsinin yüz minlərlə il əvvəl çökməsi nəticəsində yaranmışdır.[2] 1970-ci ildə dərə yaxınlığında 20.000 il əvvəl yaşadığı ehtimal olunan "Minatoqava adamı" adlı insan irqinin qalıqları aşkar edilmişdir.[3]
Dərə ərazisində çox sayda kiçik mağara yerləşir. Sakitari mağarası turistik gəzintilərin başlanğıc nöqtəsi kimi istifadə olunur, burada kafe yerləşir. Bu mağarada aparılmış arxeoloji qazıntı işləri zamanı Okinavadakı ən qədim daş alətlər[2] və 23.000 yaşı olan, dünyanın ən qədim balıq tilovu aşkar edilmişdir.[1]
İkiqa və İnaqu mağaraları yerlilər tərəfindən müqəddəs hesab olunur. Bu mağaraların adları hərfi tərcümədə "kişi" və "qadın" deməkdir. Yerlilər bolluq və rahat uşaq doğumu arzulamaq üçün burada dua edirlər. İnaqu mağarasına giriş mümkün olmasa da, İkiqa mağarasında yerləşən, keçmişdə ibadət yeri olan fallos formasında olan stalaqmit ziyarətə açıqdır.[2]
Buqey mağarası turistik gəzintilərin başa çatdığı mağaradır. Bu mağara minlərlə il əvvəl qədim yaşayış məskəni olmuşdur. Burada arxeoloji tədqiqat işləri davam edir. Burada basdırılmış sarkofaqda skelet qalıqları aşkar edilmişdir.[2]
Qanqala dərəsi keçmiş əhəngdaşı mağaralarının qalıqları ilə subtropik cəngəlliyi özündə birləşdirir. Ərazidə banyan ağacları, nəhəng taro yarpaqları, Clerodendrum trichotomum, Alpinia zerumbet kimi bitkilər bitir. Dərənin əsas görməli yerlərindən biri 150 yaşında və 20 metr hündürlüyündə olan Ufuşu Qacumaru adlı banyan ağacıdır.[2]