Qanqlılar (Kanqlı, kankyu, Kəngərlər) — qədim türk tayfası.
Erkən orta əsrlərdə Albaniyanın türk tayfalarından biri də kəngərlər olmuşdur. Kəngərlər Albaniyanın qərbində, Ermənistan bölgəsində və Naxçıvan ərazilərində yaşayırdılar. Kəngərlər haqqında ilk mə’lumat V əsrdən verilir. Onlar peçeneqlərin bir qolu hesab olunur. Peçeneqlərin əsas yurdu isə Aral gölündən şimalda, Sır-Dəryanın yuxarı və aşağı axarı daxil olmaqla, Kəngər vilayəti idi. IX əsrin ərəb coğrafiyaçısı ibn Xordadbeh Sır-Dərya çayını ‘Kanqar’ adlandırmışdır. Güman olunur ki, kəngərlər bizim eranın ilk illərində hunlarla birlikdə Azərbaycana gəlmişlər. Kanqlı tayfası kimi, kanqar (kəngər) tayfası da e.ə.II əsrdə mövcud olan Kanq vilayətinə, Sır-Dərya üzərindəki Kanqyuy dövlətinə mənsub olmuşlar. Buna görə də kanqar (kəngər) sözünün ‘kanq’ tayfa adı və ər ‘igid’, ‘əsgər’, ‘kişi’ sözündən əmələ gəldiyi müəyyən edilir – bolqar, suvar, xəzər, avar, quqar tayfa adlarında olduğu kimi.
Kayı/qayı – kanqlı/kanlı oğuz qəbilə birləşməsinin (24 qəbilə) adıdır. Bu etnonim haqqında ilk məlumat "Telfikül-Əxbar"da verilmişdir. Burada qumıkların kanqlılardan törədikləri qeyd olunur [1]. Dağıstanda Qaya-kənd/Qayı-kənd toponiminin bu vaxtadək qorunub-saxlanması da buna sübut ola bilər.
Mahmud Kaşğarlının "Divan"ında şəxs (Kanğ) adının kanq/kanqlı tayfasından olduğu şübhəsizdir. Bir çox mənbələrdə kəngərlərlə eyniləşdirilən kanqlı/kanlı etnonimi Ç.Ç.Valixanovun fikrincə, eradan əvvəl ІІІ əsrdən məlumdur [2].
Kanqlıların VІІІ əsrin ortalarında Sır-Dəryanın orta axarının hövzəsində yaşadıqları, oğuz və karlukların basqınından sonra iki hissəyə parçalandıqları və bir hissəsinin Aral dənizinin şimal-qərb çöllərinə doğru hərəkət edərək peçeneq və xəzərlərlə qarışması [3] digər hissəsinin isə şimal-şərq tərəfə sıxışdırılaraq Balxaş gölü və Xarəzm zonasında köçərilik etmələri, 1218-ci ildə monqolların tərkibinə daxil olaraq Azərbaycana gəlmələri qeyd olunur.[4]
Bəzi mənbələrdə isə kanqlıların XІ əsrdə İrtış çayı ətrafında Aral dənizi boyu çöllərə köçmüş qıpçaqların yerli oğuz-peçneqlərlə qaynayıb-qarışması nəticəsində XІ-XІІ əsrlərdə yarandığı yazılır. Eləcə də onların orta əsrlərdə Orta Asiya dövlətlərinin (Xarəzmşahların) həyatında mühüm rol oynadıqları və XІІІ əsrdə monqolların İssıkkul ərazisinə köçmüş kanqlıların bir qismini darmadağın etdikləri, Xarəzmdə qalanlarının isə sonralar Orta Asiya xalqlarının (özbək, qazax, qaraqalpaq, eləcə də başqırdların) tərkibinə daxil olduqları barədə məlumat verilir [5].
Kanqlılar isə VІІ-VІІІ əsrlərdə Sırdərya çayının orta axını hövzələrində yaşamış türk tayfa birləşməsinin adı kimi qeyd olunur. Oğuz və karlukların VІІІ əsrin 70-ci illərində iki hissəyə parçalanmış bir hissəsi Aral dənizindən şimal-qərbindəki çöllərə çəkilmiş və sonra peçeneq və qıpçaqlara qarışmış, digər hissəsi Qazaxıstanda Talas və Çu çaylarının sahillərində məskunlaşmış, sonralar başqırd, qazax və qaraqalpaqların tərkibinə daxil olmuşlar. Kanlıların oğuz və monqolların tərkibində Cənubi Qafqaza yürüşlərində də iştirak etdikləri yazılır. Azərbaycanda Kəlbəcərin Qanlıkənd, Tovuzun Bozalqanlı toponimlərinin kanlılarla əlaqədar olaraq yarandqları haqqında məlumat vardır [6].
T.Əhmədov kəngər/kanqar və qanlı/kanqlı etnonimlərini eyni adların müxtəlif dil və ya dialekt paralelləri sayır. O yazır: ―... bunu ekstralinqvistik faktlarla yanaşı, adın linqvistik təhlili də təsdiq edir. Hər iki etnonimin əsasını kanq/kəng sözü təşkil edir. Əsas fərq onlardan birinin etnonim düzəldən ―adam, ər, kişi‖ mənalı ar/ər vahidi, ikincisinin isə təxminən eyni funksiyanı yerinə yetirən -lı/-li şəkilçisi ilə yaranmalarındadır" [7].
Göründüyü kimi, T.Əhmədov Azərbaycan dili üçün incələşmənin xarakterik olması, sağır nun-un ədəbi dilimiz və əksər dialekt və şivələrimiz üçün səciyyəvi olmaması və ya nq-nin ng-yə keçməsi ilə əlaqədar kanq+ar-ın kəng+ər formasına düşdüyünü göstərir.
Bir sıra toponimik lüğətlərdəki məlumatlar bu etnonimlə bağlı olan ərazi adlarının XIX-XX əsrin əvvəllərində Azərbaycanda kənkər (kəngərli) sözü ilə bağlı qeyd olunduğunu göstərir. M.Baharlı kəngərlilərin Azərbaycan xalqının etnogenezində fəal iştirakını göstərərək kəngərli etnotoponimlərinin də adını qeyd etmişdir [8]
Bəzi mənbələrdə Cənubi Rusiya əarazisində yaşayan peçeneqlərin kanqar adlandırıldığı, eləcə də kanqarların hun adı altında məlum olduqları haqqında yazılır .[9].
Qeyd edək ki, bu etnonim Cənub-Qərb başqırdlarında 8-ci nəslin min-minlər yarımqrupunda, Şimal-Qərb başqırdlarının X qəbiləsinin (kanlı/kanqlı) 1-ci nəslində aktay-kanqlı, aktı-kanqlı, 2-ci nəslində idel-kanqlı, 3-cü nəslində kır-kanqlı, sındaş-kanqlı, 4-cü nəslində yurektay-kanqlı, yuraktı-kanqlı yarımqruplarında bugünədək mühafizə edilmişdir.