Qarğabazar karvansarası — Füzuli rayonundan 8 kilometr cənubda yerləşən Qarğabazar kəndi qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlarda ölkələrarası ticarət vasitələrini qaydaya salan karvansaralardan həm də poçt-rabitə məqsədi üçün geniş istifadə olunmuşdur. Bir sözlə, yaxın və uzaq məmləkətlərin təbiət və cəmiyyətində baş vermiş dəyişiklikləri ilk növbədə karvansaralardan öyrənərlərmiş. Göründüyü kimi, dünya xalqlarının siyasi-iqtisadi və sosial-mədəni həyatının inkişafında karvansaraların rolu əvəzolunmaz idi. Mənbələrdən məlum olur ki, bütün orta əsrlər boyu Şərqi Qərb ölkələri ilə birləşdirən Azərbaycandan keçən karvan yolları və bu yollar üstündəki karvansaralardan bu məqsədlə müntəzəm surətdə istifadə olunmuşdur. Müasir dövrümüzə qədər gəlib çatmış, XVII əsrin yadigarı olan Qarğabazar kəndindəki karvansara da elə bu qəbildəndir. Bu da təbiidir. Çünki kənd Xudafərin körpüsündən keçən Şəki-Qarabağ-Hindistan və s. istiqamətli ipək ticarəti üçün çox əhəmiyyətli olan qədim karvan yolu üzərində yerləşir. XVII əsrdə əsas kütləsi yonulmamış daşdan tikilmiş karvansara planda bir küncü kəsilmiş uzunsov düzbucaqlı formadadır. Onun uzun tərəflərini başdan-başa tağbəndlə örtülü iki iri yerləşmə tutur. Bu uzun yerləşmələr karvan heyvanları üçün nəzərdə tutulub. Ensiz cənub tərəfdə iri ölçülü baştağ və ona yanlardan bitişik iki otaq giriş qrupunu təşkil edir. Karvansaranın əsas yaşayış otaqları girişlə üzbəüz, uzun heyətin ensiz şimal tərəfindədir. Bu otaqların əhəmiyyəti onların relyefin hündür yerində tikilməsində də özünü göstərir. Funksiyalarına və relyefə uyğun olaraq həmin otaqların önündə iki hündür səki düzəldilmişdir. Otaqların qapılarının açıldığı üst səki üç tağlı monumental eyvan kimi həll edilmişdir. Bu hissədə tağlar və tağ sütunları, eləcə də qonaq otaqları yonulmuş daşdan tikilmişdir. Bütün otaqlar və yerləşmələr bayırdan içəriyə doğru genişlənən kiçik pəncərələrlə işıqlandırılır. Qarğabazar karvansarası Azərbaycan mülki memarlığının yolüstü karvansara tipinin çox dəyərli bir örnəyidir.[1][2]
Qarğabazar karvansarası | |
---|---|
Qarğabazar karvansarası | |
39°32′18″ şm. e. 47°09′25″ ş. u. | |
Ölkə | |
Şəhər | Füzuli rayonu |
Yerləşir | Füzuli rayonu |
Memar | Məlum deyil |
Tikilmə tarixi | 1681-ci il |
Uzunluğu | 37,70 m |
Eni | 23,67 m |
Vikianbarda əlaqəli mediafayllar |
O kəndin mərkəzində çox da hündür olmayan təpənin döşündə (eni 23,67, uzunu 34,70) inşa olunmuşdur. Elmi mənbələrdə onun tikilmə tarixi 1681-ci il göstərilsə də, karvansaranın memarı məlum deyil. Füzuli rayonundakı Qarğabazar kəndinin mərkəzində Karvansara tikildiyi kəndin adına uyğun olaraq adlandırılsa da, bu tarixi abidəyə bəzən Şah Abbas karvansarası da deyirlər. Giriş fraqmentdən göründüyü kimi, karvansaranın partalının birinci yarımdairə tağbənd ilə ondan nisbətən böyük olan ikinci oxvari tağbəndləri arasında xüsusi şəkildə yerləşdirilmiş üç ədəd kvadrat formalı daşlardan kənardakılar üzərində zoomorf və həndəsi ornamentlər işlənmişdir. Həmin daşların arasındakı nisbətən böyük daşın üzərində isə karvansara memarının adı və tikilmə tarixi həkk olunduğu güman edilir. Lakin orada tədqiqat işləri aparanda heç bir yazı nümunəsi qalmamışdır. Bu məsələ ilə əlaqədar yerli yaşlı sakinlərin dediyinə görə burada doğrudan da əski əlifba ilə yazılmış yazı nümunəsi olmuşdur.
Qarabağ abidələrinin başına min bir oyunlar açan və onların gözəl memarlıq bəzəkləri içərisinə öz xaçlarını çox böyük ustalıqla həkk edən erməni "sənətkarları" bütün Qarabağda analoqu olmayan Qarğabazar karvansarasının kitabəsinə də bu niyyətlə yanaşmış, lakin xaçı həkk etməyə vaxt çatmadığından yazını tamamilə məhv etməklə kifayətlənmişlər.[3]
Ümumi uzunluğu 37,70 m, eni isə 23,67 metrə çatan bu karvansaranın plan və memarlıq həlli mərkəzdən keçən oxa simmetrik həll olunaraq ümumi konstruksiyaya tabe edilmişdir. Onun həcm-məkan həllinə də xüsusi diqqət yetirildiyi açıqca hiss olunur. Ümumi şəkildə baxdıqda karvansara kompozisiyası bütöv bir orqanizm kimi baxılır. Burada hər bir otağın öz funksiyası var. Planda düzbucaqlı şəkildə həll olunmuş karvansara iki böyük ölçülü dəvəlikdən (zal), girişin sağ və sol tərəflərində gözətçilər üçün iki kiçik otaqdan, baş tərəfində isə karvansara sahibi və tacirlər üçün altı ədəd kvadrat şəkilli otaqlardan ibarətdir. Otaqların qapıları çox da böyük olmayan eyvana açılır. Həmin eyvanı mütənasib "qamətli" iki daş sütun və onları yuxarıdan tamamlayan yarımdairə şəkilli üç ədəd tağbənd bəzəyir. Sütunlar arasında yerləşdirilmiş daş pilləkənlər ümumi Həyətlə eyvan arasında əlaqə yaradır. Karvansaranın bütün bağlı otaqları sağ, sol və arxa tərəflərində yerləşdirildiyindən onun mərkəzində üstüaçıq şəkilli geniş həyət yaranır, bu da isti aylarda elə buradaca karvanların təhlükəsiz gecələməsinə imkan verir. Girişin sağ və sol tərəflərindəki gözətçi otaqları qarşısında torpağa batmış iki böyük sal daş diqqəti cəlb edir. Deyilənə görə gözətçilər həmin daşlar üstündə dayanaraq karvansaraya daxil olan karvanların yüklərinə baxarlarmış. Çox təəssüf ki, sonralar karvansara önündən keçən şose yolunun çəkilişi zamanı onun səviyyəsi xeyli qaldırıldığından yaxınlıqdakı yamaclardan axan sel suları karvansaranı basmış və nəticədə nəinki giriş, hətta bütün karvansara həyəti lil çöküntüləri altında qalmışdır. Bundan fərqli olaraq, karvansaranın yanındakı təpənin üstündə tikilmiş məscid binası çox yaxşı qalmışdır. Karvansaranın dəvələr saxlanılan hər iki zalında xüsusi kanalizasiya xətləri mövcuddur. Bu da onu bir daha sübut edir ki, Qarabağ memarlığında kanalizasiya məsələlərinə hələ çox qədimdən xüsusi diqqət yetirilmişdir. Ümumiyyətlə, Qarğabazar karvansarasının memarlıq həlli Qarabağın Alban dövrünə məxsus olan memarlıq ənənələrini yada salır.[4] Memarlıq üslubuna görə Qarğabazar karvansarası Alban dövrü memarlıq ənənələrinin oxşarıdır.
Karvansara ölkənin daşınmaz tarixi abidələrindən hesab edilir. 1992-ci ildə Qarğabazar kəndinin işğalından sonra ermənilər bu tarixi-memarlıq abidəsini mal tövləsinə çevirmişlər.