Qara Sunqur (v. 1140, Gəncə) — Azərbaycan atabəyi.
Qara Sunqur | |
---|---|
1130 – 1140 | |
Sonrakı | Çavlı ət-Toğrul |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Gəncə |
Dəfn yeri | Gəncə |
Dini | Sünni İslam |
Hicri 524-cü ilin zül-hiccə ayında (noyabr, 1130) Məsud qardaşı Mahmuda qarşı yenidən qiyam qaldırdı. Ancaq qardaşlar Kirmanşahda görüşüb, dinc barışıqla ayrıldılar. Məsud Gəncəni nahiyyələri ilə birlikdə iqta götürüb, 150 min dinarlıq hədiyyə aldı və qoşunları ilə Gəncəyə qayıtdı.[1] Hələ hicri 521-ci ildən Arranı öz idarəsi altına keçirən Qara Sunqur bu vaxt şahzadələrdən Məsudla Toğrulun atabəyi idi.[2]
Məsudun Azərbaycan məlikliyi dövründə əvvəlcə qardaşı Mahmud, sonra isə II Toğrul ilə mübarizə aparmaq məcburiyyətində qaldı. 1135-ci ildə isə nəhayət, İraq Səlcuqlu dövləti taxtına oturdu. Sultan Məsud, hakimiyyətə gəldikdən və xəlifə ilə yaşadığı sürüşmədən sonra vəzir Kəmaləddin Məhəmməd əl-Xazininin məsləhəti ilə əmir və atabəylərin səlahiyyətlərini əllərindən almaq üçün hərəkətə keçdi. Bu qərara ilk müxalifət Azərbaycan hakimi Atabəy Qara Sunqurdan gəldi. Qara Sunqurun İraq Səlcuqlu əmirləri arasında böyük ehtiramı var idi. O, aralarında Sultan Məsud da daxil olmaqla bir çox Səlcuqlu şəhzadəsinə atabəylik etmişdir.
Atabəyin şöhrətini yaxşı bildiyi üçün vəzir əl-Xazini, Sultan Məsuda belə demişdir: "Qara Sunqurun mövcudiyyəti sultana öz iqtidarından və iradəsindən yararlanmağa imkan verməyəcəkdir".[3] Həqiqətən də böyük bir nüfuza sahib olan Atabəy Qara Sunqur yanına Səlcuqşah və Davudu da alaraq gücünə güc qatmışdır.
1139-cu ilin ilk aylarında 20 minlik orduyla Həmədana doğru irəliləyən Qara Sunqur iyun ayında şəhər divarlarına yaxınlaşdı. O, sultana bir elçi göndərib vəzir əl-Xazininin başını tələb etdi. Qara Sunqura rədd cavabı verəcək nə gücü, nə də cəsarəti olan sultan elçinin tələbini qəbul etdi və atabəyin vəziri İzz əl-mülk Tahiri özünə vəzir təyin etdi. Bunun üzərinə Qara Sunqur sultan əleyhdarı bütün əmirləri Azərbaycana yığıb müstəqil qərarlar almağa başladı. Hətta Atabəy Qara Sunqurun tələbi ilə Məsud, Davudu özünə xələf təyin etdi.[4] Ancaq bir müddətdir ismaililərlə gizli əlaqədə olan Sultan Məsud bir yolunu tapıb onların əliylə Davudu öldürtdü.
Xəbərin ortaya çıxması üzərinə 1139-cu ilin sonlarında Qara Sunqur Fars istiqamətində hərəkətə keçdi. O, buranın idarəsini Səlcuqşaha verdi. Ancaq geri döndükdən sonra Boz Apa onu məğlub edib Səlcuqşahı İsfiddəç qalasına həbs etdi.
553 (08.09.1138–27.08.1139)-cü ildə atabəy Qara Sunqur sultan Məsudun nüfuzunun tamamilə aşağı düşdüyündən istifadə edərək, böyük bir ordu ilə Farsa doğru yürüşə başladı. O, bu əyaləti tutub şahzadə Səlcuq şahın hakimiyyətinə tapşırdı. Buna baxmayaraq, Qara Sunqur Azərbaycana qayıtdıqdan sonra, Farsın keçmiş hakimi Boz Apa öz yerinə döndü, Səlcuq şahın qüvvələrini dağıtdı, özünü əsir alıb İsfid-Dəc qalasına saldı. Sultanlıq taxtı uğrunda çarpışan bu şahzadənin taleyi qaranlıq qaldı. Çox güman ki, o, həmin qalanın məhbəsində öldürülmüşdür.[5]
Qara Sunqur həbsə atılan şahzadənin köməyinə gedərkən Gəncədə böyük bir zəlzələ meydana gəldi. Zəlzələ nəticəsində şəhərin yarısı yerlə bir oldu və çoxlu insan həyatını itirdi. Ölənlər arasında atabəyin öz ailəsi də var idi. Gəncəyə dönən Atabəy Qara Sunqur şəhəri yenidən bərpa etmək üçün tədbirlərə başladı. Ancaq zəlzələ sonrası ortaya çıxan yoluxucu xəstəliyə tutulan Atabəy Qara Sunqur hicri 535-ci ildə (1140/41) həyatını nöqtələdi. Ölümündən bir neçə gün əvvəl Sultan II Toğrulun məmlüklərindən Çavlı ət-Toğrulu öz yerinə Aran və Azərbaycanın hakimi təyin etmişdir.[6]