Qarabulaq qəbiristanlığı

Qarabulaq qəbiristanlığıŞərur rayonunun Maxta kəndindən şimalda, dağ ətəyində qədim arxeoloji abidə

Şimaldan başlanğıcını Arpaçaydan alaraq Sədərək kəndinədək uzanan qədim suvarma arxı (bax Fərhad arxı) buradan keçir. Meliorasiya və tikinti işləri ilə əlaqədar burada bir neçə kurqan tipli abidə dağıdılmışdır. Diqqəti cəlb edən kurqanlardan birində dəfn kamerasının daş qutudan ibarət olduğu və onun dördkünc xəndək qazılmaqla divarlarının bərkedici məhlul istifadə edilmədən kiçik daşlardan hörüldüyü müəyyənləşdirilmişdir. Kameranın uzunluğu 4 m, eni 1,25 m, hündürlüyü 1,30 m-dir. Qəbrin daxilində at skletinə qast gəlinmiş, tunc xəncər, əhəngdaşı, əqiq, mavi rəngli pastadan hazırlanmış 4 ədəd muncuq, iri və orta həcmli 3 ədəd küpə, 3 ədəd kasa, badya, vaza, parç və çaydan tipli gil qabları aşkar olunmuşdur. Naxçıvanın son Tunc və ilk Dəmir dövrü üçün səciyyəvi olan tapıntılar Qarabulaq, Şahtaxtı, Şortəpə, Oğlanqala abidələrinin arxeoloji materialları ilə eyniyyət təşkil edir.

  • Aşurov S.H., Qarabulaq qəbiristanlığı, Azərbaycan Dövlət quruluşunun bərpa olunması gününə həsr olunmuş elmi konfransın əsərləri,Bakı,1991.
  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 254. ISBN 5-8066-1468-9.