Əqiq – SiO2 — Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
Əqiq | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
SiO₂ |
Xüsusiyyətləri | |
Zolaq rəngi | ağ |
Sıxlıq | 2,6 q/sm³ |
Vikianbarda əlaqəli mediafayllar |
Xalsedonun zolaqları və təbəqəcikləri müxtəlif rəngdə olan, konsentrik-zonal və zolaqlı növ müxtəlifliyidir. Çox vaxt əqiqin quruluşunda xalsedonla yanaşı silisium oksidi ailəsinin digər mineralları, habelə müxtəlif karbonatlar və seolitlər, hötit, seladonit və s. iştirak edir. Rəngi: müxtəlif çalarlı boz, tutqun-ağ, yaşıl, çəhrayı, göy, qara. Əqiqlər (Ə) təkcə rəng müxtəlifliyinə görə deyil, həm də aqreqatlarının morfologiyasına və dekorativ xüsusiyyətlərinə, şəffaflıq dərəcəsinə, başqa mineral möhtəvilərinin xarakterinə görə də fərqlənirlər. Göstərilən xüsusiyyətlərin müxtəlif tərkibdə uzlaşması əqiqin bir sıra növ müxtəlifliklərinin əmələ gəlməsinə səbəb olur: rənginə görə – oniks (paralel təbəqəli), farforovik (tutqun-ağ), əlvan rəngli, muar tipli, alovlu, göy və s.; aqreqatlarının formasına görə– jeodalar, badamcıq- və salxımvarı, ulduz- və boru şəkilli Ə və b.; şəklinə görə – qala (bürc) şəkilli, brekçiyalaşmış, nöqtəli, landşaft tipli, gözlüklü Ə; başqa mineral möhtəvilərinin formasına görə – dendritli, mamırlı, oolitli Ə və s. Tez-tez əqiqin başqa mineralların, əsasən, kalsit və anhidritin konkresiyaları üzrə, həmçinin müxtəlif üzvi qalıqlar – ağaclar (ağac və ya oduncaq Ə), mərcanlar (mərcan Ə), mollüskalar (şelf-əqiq) üzrə psevdomorfozlarına rast gəlinir. Arizonada (ABŞ) bütün dünyada məşhur olan Daşlaşmış meşə və Monqolustanda Qobi səhrasının cənubunda Ulugey-Xid ətrafında silisium oksidinin (xalsedon, o cümlədən əqiq və b.) ağaclar üzrə psevdomorfozaları geniş sahələrdə kütləvi şəkildə təzahür etmişdir. Bunlar vulkan fəaliyyəti ilə əlaqədar olaraq yaranmışdır. Enhidros əqiqin, yaxud xalsedonun badamcıqları və ya jeodaları qismən maye ilə dolmuş növ müxtəlifliyidir.
Badamcıq, jeoda və damarcıq şəklində effuziv süxurlar, adətən, bazaltlar, nisbətən az andezitlər, bəzən riolitlər içərisində yerləşən mühüm əqiq kütlələri vulkanik proseslərin gec etaplarında əmələ gəlir. Əqiqə aşağı temperaturlu hidrotermal damarlarda və çökmə (əsasən karbonat və gilli-karbonat) süxurlarda nisbətən az rast gəlinir. Onun sənaye əhəmiyyətli bir çox iri yığınları səpintilərlə bağlıdır. Birlikdə rast gəldiyi minerallar: xalsedon, kvars, kvartsin, opal, kalsit, araqonit, dolomit, siderit, barit, anhidrit, qlaukonit, seladonit, seolitlər, pirolüzit, bəzən flüorit və b. Mineralın tapıldığı yerlər: Uruqvay; Braziliya; Dekan yaylası (Hindistan); Monqolustan; Kamçatkada Tevi burnu, Timan tirəsi (Rusiya); Axalsix rayonu (Gürcüstan); İdar-Oberşteyn (Almaniya); Arizona ştatında Daşlaşmış meşə (ABŞ) və b. Azərbaycanda əqiqin əsasən Kiçik Qafqazın şimal-şərq dağətəyi hissəsində yerləşən 20-dən artıq yataq və təzahürü məlumdur. Əqiq yataqları Göy-Göl (Hacıkənd, Todan, Yasamal), Gədəbəy (Morul), Qazax (Yaradullu), Qubadlı (Eyvazlı) rayonlarında yerləşir. Göstərilən rayonlardan əlavə bir sıra əqiq təzahürləri Şəmkir, Cəbrayıl rayonlarında və Dağlıq Qarabağda (Domu, Böyük Tağlar, Çıldıran) da məlumdur. Əqiq həmçinin Laçın, Kəlbəcər rayonlarında və bəzi digər məntəqələrdə də aşkar edilmişdir.
Dəqiq cihazqayırmada və laboratoriya həvəngdəstələrinin hazırlanmasında geniş istifadə edilir. Zərgərlikdə və dekorativ-tətbiqi incəsənət sahəsində də istifadə olunur.