Qaradağ Sement Zavodu — Azərbaycanda Qaradağ rayonunda yerləşən əsasən sement istehsal edən böyük zavoddur. Zavodun tikintisinə SSRİ Nazirlər Sovetinin qərarı ilə 1949-cu ildə başlanıb və zavod tezliklə iki fırlanan soba ilə istifadəyə verilib. Keçmiş Sovet İttifaqı ərazisində kütləvi şəkildə aparılan tikinti işlərinin sementlə təmin olunmasında Qaradağ Sement Zavodunun əvəzedilməz rolu olub. Sovet İttifaqında sementə olan tələbatın artması nəticəsində 1957–1964-cü illərdə daha 3 fırlanan soba istifadəyə verilib ki, bu da istehsal həcminin əhəmiyyətli artımına səbəb olub. (1996-2000)-ci illərdə zavodun rəhbəri Ağamməd Zalov olmuşdur. İstehsal gücünə görə Qafqaz ölkələri arasında ən iri müəssisə hesab olunan Qaradağ Sement Zavodu sovet ölkələri arasında tamponaj sementin istehsal olunduğu ilk müəssisədir. Zavodda yüksək ixtisaslı mütəxəssislərin işlə təmin olunması nəticəsində yetmişinci illərdə istehsal həcmi 1.500.000 tona olmuşdur, lakin Sovet İttifaqının dağılması zavodun istehsal prosesinə ciddi mənfi zərər vurdu. Minimal istehsal zavodun İsveçrənin Holsim şirkəti tərəfindən özəlləşdirilməsinə qədər davam etdi.
1999-cu ildə Qaradağ Sement Zavodu özəlləşdirildi və zavodun adı dəyişdirilərək "Qaradağ Sement" ASC elan olundu. Sentyabr ayının 25-də isə müəssisənin səhmlərinin əksər hissəsi Holsim şirkəti tərəfindən satın alındı. İstehsalın artırılmasına Holsim şirkətinin ciddi münasibəti istehsal həcminin müvafiq olaraq 2003-cü ildə 900.000 tona, 2004-cü il üçün isə 1.140.000 tona çatmasına səbəb oldu. 2005-ci il üçün istehsal hədəfi 1.300.000 ton olaraq müəyyən olunmuşdur. Hal-hazırda "Qaradağ Sement" ASC-də 4 fırlanan soba vasitəsilə sement istehsal olunur. Zavodun yerli sement istehsalı bazarında payı 35–40%-dir.
2012-ci ildə "Qaradağ Sement" ASC-nin adı dəyişdirilərək "Holcim" (Azerbaijan) ASC adlandırılıb. Onun əsas səhmdarı İsveçrənin "Holcim" şirkətidir. Səhmlərin ayrı-ayrılıqda 10%-i Avropa Yenidənqurma və İnkişaf Bankına və Azərbaycan İnvestisiya Şirkətinə, 10,6%-i özəl səhmdarlara məxsusdur.[1]