Qaradaş ocağı — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Axura kəndinin mərkəzində ziyarətgah.
Axura kəndinin içərisində yerləşir. Qaradaş ocağına indi də inam var. Öz ürəyində arzu və istəyinin həyata keçməsini istəyən şəxslər ocağa nəzir deyir və adamlar arzu, istəklərinə çatdıqda nəziri ocağa aparırlar. Qaradaş ocağının mərkəzində nəhəng prizmatik-konusvari formalı qara daş var. Daşın ətrafına bir neçə kiçik ölçülü daşlar düzülmüşdür. Əfsanəyə görə iri qara daşlar göydən gəlmiş ana, ətrafında olan kiçik daşlar isə onun övladlarıdır. Odur ki, ocağa ancaq qadınlar və uşaqlar girə bilər. Kişilərin ocağa gəlməsi qadağandır. Ocağa qab-qacaq da gətirilir. Qaradaş ocağının həyətindən iki ədəd şirli saxsı qab sınıqları aşkar edilmişdir. Bu materiallar XIII–XIV əsrlərə aiddir. Görünür, müqəddəs Qaradaş ocağı da həmin dövrlərə aiddir.[1].