Qaratəpə yaşayış yeri (Beyləqan)

Qaratəpə yaşayış yeriBeyləqan rayonunun Örənqala kəndi yaxınlığında yerləşən arxeoloji abidə.[1]

Qaratəpə yaşayış yeri
Ölkə  Azərbaycan
Rayon Beyləqan
Aidiyyatı e.ə. VII—IV əsrlər
KateqoriyaArxeoloji abidə

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Abidə e.ə. I minillikdən orta əsrlərə qədərki dövrə aid yaşayış yeridir. Hündürlüyü 4 m, diametri 140 m, sahəsi 2 ha-ya yaxındır. Qazıntılar zamanı qalınlığı 4,6 m olan 3 mədəni təbəqə öyrənilmişdir. E.ə. VII-VI əsrlərə aid alt təbəqədə çiy kərpicdən hörülmüş çoxmənzilli yaşayış binasının qalığı, təndir, ocaq aşkar edilmiş, qara rəngli şirlənmiş gil qablar, nehrə, ipəyirən, dən, dən daşları və s. tapılmışdır. II təbəqədən (e.ə. V-I əsrlər) dördkünc binanın qalıqları üzə çıxarılmış, antropomorf və zoomorf qablar əldə edilmişdir. Üst hissəsi uçub tökülmüş, alt hissəsi isə 36x36x14 sm ölçülü kərpicdən hörülmüş binanın şimal-qərb divarının dibində ocaq yeri aşkar edilmişdir.

Təbəqənin üst qatlarından tapılmış gil qabların bir qismi Yaloylutəpə mədəniyyəti üçün xarakterikdir. Hər iki təbəqənin materialları e.ə. I minillikdə Mil düzündə oturaq əkinçiliklə yarımköçəri maldarlığın eyni vaxtda mövcud olmasına baxmayaraq maldarlığın üstünlük təşkil etdiyini göstərir. Yaxınlıqdakı (4 km) Beyləqan şəhərinin tərəqqi etdiyi dövrdə Qaratəpədə kiçik yaşayış yeri olmuşdur. Bu IX-XIII əsrlərə aid olan III təbəqənin materiallarından (Örənqala tipli şirli və şirsiz qablar, onların qırıqları və s.) da aydın görünür.

  1. "Tarixi-arxeoloji abidələr". beyleqanli.az. 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-24.