Qaratoyuq nəğməsi

Sərdar Aminin romanı - Qaratoyuq nəğməsi

Yazıçı-şair Sərdar Aminin 2013-cü ildə nəşrdən çıxmış romanı. Roman müharibəyə nifrət edən, jurnalist, yazar Amin Amanlının taleyi üzərində qurulub. Onun hər şeyi var idi; sevgilisi, işi, karyerası... Bu zaman müharibə başlayır. Bütün yazıları müharibə əleyhinə olan bir gənc müharibədə qəhrəmana çevrilir. "Qaratoyuq nəğməsi”nin qayəsi humanizm, insansevərlik üzərində qurulub. Burada müharibənin acıları humanist bir gəncin taleyi üzərində göstərilib.Əsərdə göstərilir ki, baş verən bütün hadisələr kimi müharibə də insanların həyatında, taleyində bir xətt cızır. Ancaq müharibənin digər hadisələrdən fərqi ondadır ki, onun cızdığı xətt milyonlarla insan taleyinin üzərindən keçir və onları pozur.

Müharibəyə nifrətlə qələmə alınan romanda həmçinin bu qənaət ortaya çıxır ki, miqyasından asıllı olmayaraq müharibələr dünyanı məhv edir. Bunu dərk etmək üçün nizamını itirmiş orduları, qalaq-qalaq meyitləri, boş qalan məktəbləri, dünya müharibələrindən sonra ildə bir neçə sıfır qazanan statistik rəqəmləri araşdırmaq lazım deyil. Müharibənin dəhşətini duymaq üçün onun məhv etdiyi bir insanın həyatına diqqətlə baxmaq kifayətdir. Çünki hər insan bir dünyadır.