Qasım Amanjolov

XX əsrdə türk xalqlarının ədəbiyyatı coşqun bir vüsətlə inkişaf etmişdir. Bu əsrin gətirdiyi böyük inqilablar, sosial təlatümlər, milli çalxantılar, ikinci dünya savaşı xalqların və ədəbiyyatların taleyinə öz silinməz damğasını vurmuşdur. Bizim bucaqdan baxdıqda, üç qitədə ucsuz-bucaqsız torpaqlara hakim olan, dünyanın super qüvvələrindən biri sayılan böyük Osmanlı imperiyasının tənəzzülü dünya türkləri tərəfindən milli bir fəlakət kimi qəbul edilmişdir. Eynən Osmanlı kimi ərazicə azman, əhalicə çoxmillətli Rusiya imperiyası da I dünya müharibəsində məğlub olmuş, torpaqlar itirmiş, üstəlik, amansız vətəndaş müharibəsi yaşamış, lakin Osmanlı kimi parçalanmamışdır. Ruslar bolşevik inqilabı sayəsində öz imperiyalarını qoruyub saxlaya bilmiş, "on beş respublikanın könüllü birliyi" şəklində, Sovet İttifaqı adı altında ehya etmişlər. Sovet rejimi türk xalqlarını imkan daxilində bir-birindən ayırmağa, yadlaşdırmağa çalışdı. Bunun üçün çoxlu süni ideyalar icad etdi, hər türk ləhcəsini ayrı ədəbi dilə çevirdi, əlifbaları dəyişdirdi, dilləri bir-birindən uzaqlaşdırdı, nəhayət, milli şüurun daşıyıcısı olan türk ziyalılarını fiziki cəhətdən məhv etdi. Türk xalqlarının yeganə qazancı isə orta və ali məktəblərin yaranması, kütləvi savadlanma, yeni ziyalı zümrəsinin meydana çıxması, saysız-hesabsız eybəcər sapıntılara baxmayaraq öz milli mədəniyyətini, o cümlədən ədəbiyyatını inkişaf etdirmək oldu.

Qasım Amanjolov
Doğum tarixi 10 oktyabr 1911(1911-10-10)
Vəfat tarixi 18 yanvar 1955(1955-01-18) (43 yaşında)
Fəaliyyəti şair
Əsərlərinin dili Qazax dili

XX əsrin birinci yarısında sovet türk respublikalarında bir-birindən parlaq ədəbi simalar yetişdi. Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Qafur Qulam, Aybək, Zülfiyyə, Berdi Kerbabayev, Qara Seyitliyev, Muxtar Övezov … kimi nəhəng sənətkarlar ortaya çıxdı. Heç şübhəsiz, bu cərgədə məşhur qazax şairi Qasım Amanjolovun da öz xüsusi mövqeyi və yeri var.

Qasım Amanjolovun ədəbi portretini dolğun şəkildə təsəvvür etmək üçün demək lazımdır ki, o, inqilabi-trubun şair kimi Süleyman Rüstəmə, duyğu yüklü lirikada, xalq ruhuna yaxınlıqda daha çox Hüseyn Arifə bənzəyir. XX əsr qazax ədəbiyyatı onsuz çox kasıb görünərdi.

Şairin öz əlilə yazılmış geniş tərcümeyi-halı yoxdur. Müxtəlif vəsilələrlə doldurduğu anketlərdən öyrənirik ki, Qasım Rəhimcan oğlu Amanjolov 1911-ci ildə Qazaxıstanın indiki Karaqanda vilayətinin Qarqaralı rayonunun Qızılaray qışlağında yoxsul bir ailədə dünyaya gəlmişdir. Kiçik yaşlarında ata-anasını itirdiyi üçün onu Semey şəhərindəki internat məktəbə vermişlər. Qasım 1924–27-ci illərdə burada, daha sonra Semey baytarlıq texnikumunda və Uralsk şəhərində pedaqoji institutda təhsil almışdır. Uşaqlıqdan qazax akınlarının ifa etdikləri mahnıları, dastanları dinləyən və əzbərləyən Qasım füsunkar xalq poeziyası ilə yaxından tanış olmuşdur. Böyük akın-şair Abayın yaradıcılığı ona xüsusi təsir göstərmişdir. Texnikum tələbəsi ikən rus və dünya ədəbiyyatının klassiklərini mütaliə etməsi onun ədəbi dünyagörüşünü və poetik zövqünü formalaşdırmış, gənc şair ədəbiyyatda ilk kövrək addımlarını o vaxtlar ataraq, öz şeirlərini texnikumun divar qəzetində dərc etdirmişdir.

Qasım Amanjolov ali təhsil almaq üçün Leninqrad Meşə Təsərrüfatı İnstitutuna daxil olmuş, lakin maddi imkansızlıq üzündən doğma vətənə qayıdaraq özünü bütünlüklə ədəbiyyata həsr etmişdir. O, 1930-cu ildə "Leninşil jas" ("Leninçi gənclik") qəzetində işə girmiş, sonra isə "Ekpendi kurılıs" ("Zərbəçi tikinti") qəzetində çalışmışdır. Redaksiyalardakı yaradıcı mühit, xalq kütlələri ilə yaxın ünsiyyət, adlı-sanlı akınlarla tanışlıq gənc şairə çox şey vermişdir. Qasımın bu mətbuat orqanlarında, "Qızıl əsgər" və "Pioner" qəzetlərində bir sıra şeirləri çap olunmuşdur.

1933–35-ci illərdə ordu sıralarında xidmət edən Qasım Amanjolov əsgərlikdən qayıdan kimi Uralskda bizdəki tənqid-təbliğ teatrına bənzər bir teatrda bədii rəhbər işləmişdir. Bu teatr onun akın, müğənni və artist kimi yetişməsində mühüm rol oynamışdır. Qasım burada özünün bir neçə şeirinə ("Heyhat", "Doğma el" və s.) musiqi bəstələmişdir. Həmin dövrdən təxminən 80 il keçməsinə baxmayaraq bu mahnılar hələ də xalq arasında populyardır.

Qasım Amanjolov 1936-ci ildə Almatıya köçərək "Sosialistik Kazakstan" qəzetində və Qazaxıstan Yazıçılar İttifaqında işləmiş, çoxlu məqalə, oçerk, felyeton və şeir yazmışdır. 1938-ci ildə onun "Ürək sirri" adlı ilk şeir kitabı işıq üzü görmüşdür.

1941-ci ildə Qasım Amanjolov Böyük Vətən müharibəsinə getmiş, düşmənə qarşı əlində silah və qələm olaraq savaşmış, çox sayda cəbhə şeirləri və bir poema yazmışdır.

Ordudan tərxis olunduqdan sonra bir neçə il "Ədebiyet jəne öner" ("Ədəbiyyat və incəsənət") jurnalının poeziya şöbəsinin müdiri işləyən Qasım Amanjolov bu dövrdə özünün ən gözəl əsərlərini yaratmışdır.

1947-ci ildən etibarən sənətkarın səhhətində ciddi problem yaranmağa başlamışdır. Gecə-gündüz durmadan çalışan, sağlamlığına fikir verməyən Qasım Amanjolovun ömrünün yeddi ili əsgərlikdə keçdiyindən evlənməyə də macal tapmamışdı. Nəhayət, o, 1948-ci ildə, 37 yaşında ikən Sahibcamal xanımla evlənmişdir. Lakin onun ailə səadəti və rahat həyatı uzun sürməmişdir.

1954-cü ilin payızında Qasım Amanjolov Qazaxıstan yazıçılarının III qurultayında iştirak etmiş, bundan qısa bir müddət sonra yatağa düşmüşdür. 1955-ci il yanvarın 18-də qorxu bilməz insan, alovlu tribun-şair ömrünün və yaradıcılığının çiçəkləndiyi bir çağda, cəmisi 44 yaşında ölümə məğlub olmuşdur.

  • * *

Qasım Amanjolov tipik bir sovet şairi idi, öz dövrünün, zəmanəsinin övladı idi. Bir sovet şairi kimi öz şeirlərində kolxoz quruculuğundan da, fabrik-zavod fəhlələrinin əmək rəşadətindən də söz açmış, oktyabr inqilabını, Lenini, kommunist partiyasını, sosializmi, xalqlar dostluğunu vəsf və tərənnüm etmişdir. Bugün bunları danmaq, onun yaradıcılığını təftiş etmək, yaxud başqa prizmadan dəyərləndirmək nihilizm olardı. Qasım Amanjolov o quruluşa ürəkdən inanmış, ona axıradək sadiq qalmışdır. Çünki o özü və onun kimi yoxsul təbəqədən çıxmış bir çox həmkarı sosializm sayəsində təhsil almış, parlamış, ad-san qazanmış, həyatda çox şeyə nail olmuşdu. Şair bioqrafik səciyyəli bəzi şeirlərində bunu dilə gətirmişdir:

Mənbə

  • Казахские советские писатели : Биографические справки. — Алма-Ата, 1949.
  • Айбын. Энциклопедия. / Бас ред. Б.Ө.Жақып. — Алматы: "Қазақ энциклопедиясы", 2011. — 880 бет.ISBN 9965–893-73-Х
  • Жоғарыға көтеріліңіз ↑ Қарағанды. Қарағанды облысы: Энциклопедия. — Алматы: Атамұра, 2006. ІSBN 9965-34-515-5
  • Жоғарыға көтеріліңіз ↑ "Қазақ Энциклопедиясы"