Qazma ev

Qazma — Azərbaycaının ən qədim məskən tiplərindən biri. Mağara tipli yaşayış evlərinin sonrakı mərhələsini qazma, yarımqazma adlandırırdılar. Azərbaycanın Kiçik Qafqaz, Gəncəbasar və qərb bölgələrində bu tip evləri pəyə evlər kimi də adlandırıblar.

Qazmanın inşaatı

[redaktə | mənbəni redaktə et]

Planda düzbucaqlı olan bu tip evlər, onun sahibinin maddi vəziyyətindən asılı olaraq müxtəlif ölçülərdə tikilirdi. Dağlıq ərazilərdə son zamanlara qədər qalmaqda olan qazma (pəyə) tipli evlərin inşaqaydası bəsit olduğundan, onları hər kəs özü tikə bilirdi. Bunun üçün yamacın gündöyən səmtində (güney) tikiləcək ev üçün ilk növbədə yer müəyyənləşdirib kalafa qazılırdı. Kalafanın arxa və ya iki yan divarları yamacın dik çapılmış torpaq divarından, açıq qalmış qabaq tərəfi isə daş hörgüdən ibarət olur və burada giriş yolu qoyulurdu. Düzənlik yerlərdə inşa edilən belə qazmalarda divarların dördü də torpaqdan olurdu. Kalfa qazılıb başa çatdıqdan sonra qazmanın (pəyənin) dam örtüyü qurulurdu. Bunun üçün evin uzunu boyunca bir-birindən 1,5-1, 7 m aralı dirəklər basdırılır, üzərinə yoğun tir (kərən) atdıqdan sonra kalafa divarlarının üstünə "hərmə" (pasna) adlanan yastı ağaclar uzadılırdı. Hərmənin qoyulması dam örtüyünü ağırlığı altında torpaq divarın uçulub-tökülməsinin qarşısını alırdı. Bir ucu hərmənin, digər bir ucu isə kərənin üzərinə qoyulan pərdilər vasitəsi ilə dam çardağı qurulur, üstünə carcı, avar döşəndikdən sonra kalafanın içərisindəki torpaq dam örtüyünün üstünə atılıb möhkəm tapdalanırdı.

Qazma (pəyə) tipli yaşayış evləri ictimai inkişafın sonrakı mərhələrində inşaat ənənələrinin zənginləşməsi nəticəsində təkmilləşərək yeni variantlarda təzahür etmişdir. Bu təkmilləşdirilmiş formalardan biri ondan ibarətdir ki, dik çapılmış divarın qarşısında hərmə (pota) dirəkləri basdırılır, hərmə ağacları həmin dirəklərin üstünə qoyulurdu. Belə olduqda qazmanın davamlılığı artır, torpaq divara dam örtüyünü təzyiqi azalırdı.

Digər formada isə, divarboyu basdırılmış hərmə dirəklərin arası çubuq və ya qarğı ilə hörülür, üzəri suvanırdı. Sonralar onu daş hörgüsü əvəz etmişdir. Ayrımlara məxsus yaşayış evi tiplərindən qazma evlərin inkişafının sonrakı mərhələsi pəyəbaşı, daha sonra şeşə öylük və ya qaradamolmuşdur.

  • Azərbaycan etnoqrafiyası AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU, ŞƏRQ-QƏRB BAKI 2007,