Qaradam — dam örtüyünün formasına görə piramidal-pilləli dam örtüklü ev. Süni mağaraların və qazmaların inkişaf etmiş forması hesab etmək olar. Azərbaycan ərazisində Kültəpə, Mingəçevir, xüsusilə də qərb bölgəsində e.ə. VI-IV minilliyə aid Şomutəpə və Töyrətəpə yaşayış yerlərindən aşkara çıxarılmış dairəvi planlı, konusvari (günbəzşəkilli) dam örtüklü yaşayış evləri qaradam tipli evlərin bariz nümunəsidir.
XVIII-XIX və XX əsrin əvvəllərində qaradam tipli yaşayış evləri yayılma arealına görə Kiçik Qafqaz dağlıq və dağətəyi ərazisini, qismən Dağlıq Qarabağ və Naxçıvan bölgələrinin əhatə etmişdir. Naxçıvan bölgəsinin qaradamları yerüstü tikilməsi ilə fərqlənirdi. Qaradamlar Şəki-Zaqatala, Quba-Xaçmaz və Lənkəran bölgələrində də mövcud olmuşdur.
Qaradam tipli yaşayış evlərinin plan quruluşu, tikinti texnikası və təyinatı haqqında bir çox mənbələrdə, Azərbaycana gəlmiş səyyahların yol qeydlərində ətaflı məlumatlara rast gəlinir.
X əsrin sonlarında ərəb coğrafiyaşünası əl-Məqdisi belə evlərin Ərdəbil mahalında da mövcud olduğunu qeyd edir. XVII əsrdə Naxçıvan vilayətinin Culfa şəhərində olmuş məşhur səyahətçi J. Şarden buranın yaşayış evlərinin əksəriyyətinin qayalarda çapılmış qazma və mağaralardan ibarət olduğunu göstərmişdir. Çox güman ki, müəllifin göstərdiyi yaşayış evləri dağlarda çapılmış dik yamaclı qaradamlardan ibarət olmuşdur.
Azərbaycan ərazisində çox qədimlərdən mövcud olmuş qaradam tipli evlərə aşağıdakı adlarıda məlum idi.
Qaradam tipli yaşayış evləri digər xalqlar üçün də xarakterik olmuşdur. Belə ki, gürcülər ona "darbazi", "ertobis saxli"; ermənilər "tun", "xatsatun", "qlxatun" ; osetinlər "erdoyani saxli"; taciklər "ruzan" ; hindistanlılar isə "dubars" deyirdilər.
Özünün ibtidai formasında eramızdan xeyli əvvəl meydana çıxmış böyük patriaxal ailələr, sonralar məhsuldar qüvvələrin inkişafı, maddi istehsal və mübadilənin, əmtəə-pul münasibətlərinin meydana gəlməsi nəticəsində bölünərək kiçik ailələlərə çevrilmiş, bunun məntiqi nəticəsi olaraq onlara məxsus ümumi yaşayış evləri də (qaradam) tədricən aradan çıxmış, yerüstü evlərin yeni-yeni tipləri meydana gəlməyə başlamışdır. Bu proses uzun illər boyu davam etmişdir. Dağ rayonlarında əhalinin mədəni mərkəzlərdən uzaq olması və sosial-iqtisadi gerilik ucbatından böyük patriarxlar ailələr və onlara məxsus qaradamlar XX əsrin ortalarına kimi mövcud olmuşdur.
Qazax, Zəngəzur, Gəncə və Qarabağ bölgələrində "qaradam" tipli yaşayış evlərinin bəzilərində 30-35 nəfərlik böyük ailələr yaşamışdı.
Azərbaycanda mövcud olmuş qaradam tipli yaşayış evləri yer səhtinə nisbətən yerləşmə mövqeyinə görə yeraltı, yarımyeraltı və yerüstü, yerləşmələrinin sayına görə isə bir və ya iki elementli və kompleks formada olmaqla fərqlənmişlər.
Qaradam tipli evlərin tikilməsi üçün yamacın güney hissəsində kalafa yerini müəyyənləşdirib, onun küncləri boyunca xəndək qazılırdı. Sonra kalafanın künclərinə divardan təxminən 1 m aralı dörd yoğun və haçalı dirək basdırılır, dirəklərin haçasına geydirilmək şərtilə bir-birinə paralel iki kərən (tir) atılırdı. Bu tirlərin üzərinə onlara planda kvadrat əmələ gətirən digər iki tir atılırdı. Möhkəm ağac dirəklər üzərində yoğun tirlərdən düzəldilən dam örtüyü getdikcə daralan yaruslarla yuxarı qaldırılaraq pilləli, çoxmərtəbəli günbəz əmələ gətirirdi. Bu iş prosesi, günbəzin ortasında istənilən ölçüdə baca (pəncərə) alınanadək davam etdirilirdi. Bacadan həm içəri işıq düşür, həm də ocağın tüstüsü bayıra çıxırdı.
Künbəzin bayır tərəfi sıx döşənmiş pərdilər vasitəsilə örtülür, üzərinə carcı və avar döşənirdi. Damın günbəzinə torpaq qatı əlavə etmək üçün, adətən kalafanın içərisindəki torpaqdan istifadə edilirdi. Bu torpaq qatı "kövər" adlanır, onun qazılıb damın üstünə atılmasına isə "damın kövərinin atılması" deyilirdi. Arxa və yan divarları torpağın içərisində qalan qaradamın fasad divarı daşdan hörülür, orada 90-100 sm enində giriş yolu qoyulurdu. Qaradamın qapısı dabalı olmaqla, uc çıxıntıları vasitəsilə çərçivəyə geydirilirdi. Giriş yolunun üstündə yağmurluq düzəltmək üçün iki dirək üzərində çardaq qurulurdu.
X IX-XX əsrin əvvəllərində Naxçıvanın dağlıq hissəsində qaradam tipli yaşayış evlərinin başqa bir variantı-eyvanlı qaradamlar geniş yayılmışdı. Belə evlərin qarşısı tirlər üzərində tikilmiş eyvanla tamamlanırdı. Eyvanların ya hər iki tərəfi açıq saxlanılır, ya da yanları daşla hörülür, yalnız qabaq tərəfi açıq olurdu.
Qaradamlarda qızdırıcı vasitə kimi, həm də çörək və digər ərzaq məhsulları bişirmək üçün təndirdən istifadə olunmuşdu.