Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi — Azərbaycan Respublikasının qiymətli kağızlar bazarında vahid dövlət siyasətinin formalaşmasında iştirak və bu siyasətin həyata keçirilməsini, habelə qiymətli kağızlar bazarının və onun infrastrukturunun inkişafını təmin edib. Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi qaydaları bu komitə tərəfindən müəyyən edilib.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 30 dekabr 1998 |
Ləğv edilib | 3 fevral 2016 |
Tabelik | Azərbaycan Respublikası Prezidenti |
Baş qərargah | |
Ünvan | Bülbül prospekti 27, AZ1000 Bakı / Azərbaycan |
Rəhbərlik | |
Rəhbər | Rüfət Aslanlı |
Müavin |
Comərd Əliyev İlqar Muradov |
|
|
Rəsmi saytı | scs.gov.az |
1998-ci il 30 dekabr tarixində "Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılması haqqında" fərmanın imzalanması ilə Azərbaycan qiymətli kağızlar bazarının növbəti mərhələsi başlandı. İlk növbədə, Fərmana müvafiq olaraq Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yaradıldı.
QKDK öz fəaliyyət istiqamətlərinə uyğun olaraq qiymətli kağızlar bazarının tənzimlənməsi ilə bağlı normativ aktların qəbul edilməsi, qiymətli kağızların emissiyası və tədavülü, qiymətli kağızlar bazarı iştirakçılarının və investisiya fondlarının fəaliyyətləri, qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəlikləri bazarı, müvafiq fəaliyyət növlərinin lisenziyalaşdırılmasının həyata keçirilməsi, lotereyaların təşkili və keçirilməsi, qiymətli kağızlar bazarında investorların və qiymətli kağızlar bazarının iştirakçılarının hüquqlarının müdafiəsi, sağlam rəqabət mühitinin yaradılması üzrə dövlət tənzimlənməsini və nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı idi.
Qiymətli kağızlar bazarının fəaliyyəti və tənzimlənməsinə dair hüquqi normativ baza təkmilləşdirildi. Mülki Məcəlləyə müvafiq əlavə və dəyişiklər edilməklə yeni nəsil baza qanunvericiliyi qəbul edildi. Mülki Məcəllə ilə müəyyən edilmiş hüquqi çərçivənin tətbiqi məqsədilə bir sıra qanunaltı normativ sənədlər qəbul edilib.
3 fevral 2016-cı ildə ləğv edilib.[1]
Azərbaycanda qiymətli kağızlar bazarının yaranması XX əsrin əvvəllərinə təsadüf edir və ilk səhmlər 1913-cü ildə Bakı Tacir Bankının nizamnaməsi təsdiq edildikdən sonra buraxılmışdır. Bakı Tacir Bankının əsas səhmdarları Azərbaycanın tanınmış sahibkarları -H. Z. Tağıyev (şuranın sədri), üzvləri M. Ş. Əsədullayev, M. Nağıyev, M. Muxtarov və başqaları (şuranın üzvləri) olmuşdur. XX əsrin ilk iki onilliyində Bakıda bir sıra səhmdar cəmiyyətləri fəaliyyət göstərmişdir. Bu cəmiyyətlərin əksəriyyəti neft istehsalı, emalı və ticarəti ilə məşğul olurdu. Onlardan "Neft məhsulları səhmdar cəmiyyəti", "Bülbülə neft və ticarət səhmdar cəmiyyəti", "Balaxanı-Zabrat neft istehsalı səhmdar cəmiyyəti" və digərlərini qeyd etmək olar. Yeni Bakı neft emalı zavodunun, Bakı Tacir Bankının və başqa iri şirkətlərin səhmləri Moskvanın, Sankt-Peterburqun və Rusiyanın digər iri şəhərlərinin fond birjalarında satışa çıxarılırdı.
ХIX-XX əsrlərdə Azərbaycanda Rusiyanın iri banklarının Bakı filialları fəaliyyət göstərirdi. Bunlardan Sankt-Peterburq Dövlət Bankını (1874–1920), Sankt-Peterburq Beynəlxalq Kommersiya Bankını (KB) (1868–1920), Voljsk-Kams KB-ni (1870–1920), Rusiya Xarici Ticarət KB-ni (1871–1919), Rusiya Sənaye Ticarət KB-ni (1890–1920), Şimal KB-ni (1901–1910), Rusiya Asiya KB-ni (1910–1920), Azov-Don KB-ni (1877–1920) və s. göstərmək olar.
Hələ 1900-cü ildə "Kaspi" qəzetində veksel islahatı ilə bağlı dərc edilmiş məqalələrdə hələ o zaman bu qiymətli kağızdan geniş istifadə olunduğunu təsdiq edən maraqlı faktlar öz əksini tapmışdır. Həmin dövrdə Bakı Tacir Bankı ilə yanaşı, Bakıda fəaliyyət göstərən digər banklar tərəfindən də veksellər və faiz kağızları buraxılmışdır. Veksellərdən ödəniş prosesində və borc münasibətlərinin formalaşdırılmasında geniş istifadə olunmuşdur. Veksel bazarı Azərbaycan Demokratik Respublikası dövründə də inkişaf etdirilmiş, lakin Sovet hakimiyyəti dövründə məhdudlaşdırılmışdır.
Sovet Mərkəzi İcra Komitəsinin 1917-ci il 23 dekabr tarixli sərəncamı ilə qiymətli kağızlarla əməliyyatlar qadağan edilmiş, 1918-ci ilin yanvar ayında isə Çar hökumətinin və Müvəqqəti hökumətin bütün daxili və xarici borcları, eləcə də, öhdəlikləri ləğv olunmuşdur. Bununla da, faktiki olaraq, qiymətli kağızlar bazarı öz fəaliyyətini dayandırmışdır.
SSRİ-də qiymətli kağızlar bazarı 1922-ci ildə Yeni İqtisadi Siyasətə keçidlə əlaqədar yenidən dirçəldi — səhmdar cəmiyyətlərinin meydana çıxması ilə korporativ qiymətli kağızlar bazarının inkişafına təkan verildi. Elə həmin il SSRİ-də birinci uzunmüddətli istiqrazın buraxıldı. Bu qiymətli kağızın dövriyyə müddəti 11 il oldu. Ümümiyyətlə, SSRİ dövrünün qiymətli kağızlar bazarı prinsip etibarilə inkişaf etmiş ölkələrin analoji bazarlarından fərqli və zəif idi.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən (1991-ci il) sonra, daha doğrusu, 1993-cü ildən etibarən Azərbaycanda qısa vaxt ərzində iqtisadi inkişaf prioriteti olaraq bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan, sahibkarlığın və sağlam rəqabət əsasında fəaliyyət göstərən özəl təşəbbüslərin əsas rol oynadığı, eyni zamanda dövlətin tənzimləyici və strateji inkişaf funksiyaları ilə məhdudlaşdırıldığı iqtisadi münasibətlərin və iqtisadi mühitin formalaşdırılması istiqamətində bütün sahələr üzrə zəruri tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Belə ki, ölkənin qiymətli kağızlar bazarının yaradılması və inkişaf etdirilməsi məqsədilə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə 1998-ci il 9 sentyabr tarixində Qiymətli Kağızlar haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq edilmiş, 1998-ci il 30 dekabr tarixində isə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yaradılmışdır.
Fəaliyyət göstərdiyi dövr ərzində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qiymətli kağızlar bazarının dövlət tənzimlənməsi sistemi yaradılmış, həmçinin müasir tələblərə cavab verən, bazar münasibətləri prinsiplərinə əsaslanan, eləcə də, geniş əhatəli infrastrukturu olan fond bazarının formalaşdırılması istiqamətində zəruri tədbirlər görülmüşdür. Belə ki, 2001-ci il 15 fevral tarixində bir neçə iri bank və maliyyə strukturlarının təsisçiliyi ilə qiymətli kağızlar bazarının əsas ticarət infrastrukturu sayılan Bakı Fond Birjası yaradılmışdır. Bakı Fond Birjasının əsas funksiyası Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş bütün növ qiymətli kağızlar üzrə alqı-satqını (ticarəti) təşkil etməkdən ibarətdir.
Qiymətli kağızlar bazarının digər mühüm infrastrukturu — qiymətli kağızlar bazarı depozitar xidmətinin yaradılması və fəaliyyət göstərməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 may tarixli Fərmanı ilə "Milli Depozit Sistemi haqqında" və "Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı yaradılmış səhmdar cəmiyyətlərinin və ixtisaslaşdırılmış çek investisiya fondlarının səhmdarlarının reyestrinin aparılması qaydaları haqqında" Əsasnamələr təsdiq edilmiş və 1997-ci il 18 sentyabr tarixindən etibarən Milli Depozit Mərkəzi fəaliyyətə başlamışdır.
Komitə 30 dekabr 1998-ci ildə yaranmişdir[2].
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında" 1999-cu il 26 iyul tarixli Fərmanının icrası ilə bağlı 1999-cu il 08 sentyabr tarixində Milli Depozit Mərkəzi yenidən təsis edilmiş və səhmlərin tam həcmi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə keçmişdir.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılması haqqında" 2008-ci il 19 noyabr tarixli 52 nömrəli Sərəncamının və "Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin və Komitənin Strukturunun təsdiq edilməsi barədə" 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanının qüvvəyə minməsi ilə ölkənin qiymətli kağızlar bazarının yeni inkişaf mərhələsi başlamışdır.
3 fevral 2016-cı ildə ləğv edilib[1]. Səlahiyyətlər Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına verildi[3].