Qorxmaz Quliyev

Qorxmaz Həsi oğlu Quliyev (d. 9 iyun 1941) — Azərbaycan ədəbiyyatı tarixçisi, filologiya elmləri doktoru (1990), professor (1992), Azərbaycan Dövlət Dillər İnstitutunun rektoru (1993–2001).

Qorxmaz Həsi oğlu Quliyev 1941-ci ildə anadan olmuşdur. O, 1970-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunun fransız dili fakultəsini bitirmişdir. Keçən əsrin 70-80-ci illərdə Əlcəzairdə fransız-rus dili tərcüməçisi, Strasburq Universitetində mühazirəçi kimi fəaliyyət göstərən, 90-cı illərdə Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsində işləyən Qorxmaz Quliyev 1999-cu ildən Azərbaycan Universitetinin professorudur.

Q.Quliyevin "Azərbaycan ədəbiyyatının poetikası" (1992) monoqrafiyasında Cəlil Məmmədquluzadənin "Ölülər", "Dəli yığıncağı", "Poçt qutusu" əsərləri təhlil olunmuşdur. "Statistikadan dinamikaya" adlı məqaləsində o, Azərbaycan ədəbiyyatında fərdi daxili xarakterin ilk dəfə C.Məmmədquluzadənin yaradıcılığında meydana gəldiyini dəlillər və elmi təhlil yolu ilə sübut edir.

"Dəlidən doğru xəbər" (1999) kitabındakı "Absurd teatr. Məmmədquluzadənin "Dəli yığıncağı" faciəvi komediyası Ö.İoneskonun "Kərgədanlar" komik faciəsi işığında" məqaləsində C.Məmmədquluzadənin yaradıcılığı XX əsrin 50-ci illərində təşəkkül tapmış və bu gün Avropa dramaturgiyasında aparıcı meyllərdən biri olan absurd teatr konsepsiyası kontekstində araşdırılır.

Professor Qorxmaz Quliyev eyni zamanda XX əsrin əvvəllərində Qərb ədəbiyyatşünaslığında hakim mövqe tutan ədəbi-estetik konsepsiya və cərəyanları ilk dəfə Azərbaycan ədəbiyyatşünaslığına təqdim edən alimlərdən biri, Qərb ədəbiyyatının Azərbaycandakı ən məşhur tədqiqatçılarındandır. Görkəmli alim, filosof, tərcüməçi, ədəbiyyatşünas Qorxmaz Quliyev 6 elmi monaqrafiya, 2 dərs vəsati, 150-dən artıq elmi məqalənin müəllifidir.

  • Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı.2008. səh.157.