Qoseybay Şikimoku (yap. 貞永式目) - 1232-ci ildə Yaponiyada Minomoto şoqonluğu dövründə hazırlanmış "Qanunlar Külliyyatı".[1] Cyoey Şikimoku da adlanır.[2]
Minomoto şoqonluğunun yaranması ilə aqrar münasibətlər baş verən dəyişikliklərdən biri-şərti torpaq mülkiyyəti ("çiqyoçi", "ryoçi") formasının geniş xarakter alması idi. Hakimiyyətə gəlmiş Minamoto ailəsi ələ keçirilmiş və müsadirə edilmiş böyük torpaq sahələrini xidmət müqabilində öz yaxın adamlarına paylaşması ilə bağlı fərmanlar verirdi ("qoqebun"). 1219-1221-ci illərdə baş vermiş iğtişaşın yatırılmasından sonra şərq samuraylarının mövqeyi daha da möhkəmləndi. Onların hüquqları 1232-ci ildə verilmiş 51 maddədən ibarət "Cyoey şikimoku" ("Cyoey illərinin qanunlar külliyyatı") qanunlar külliyyatı ilə daha da möhkəmləndirildi.
"Qanunlar külliyyatı" Xocyo Yasutoki tərəfindən hazırlanmışdır. Külliyyatın girişində vassalın öz ağasına andı verilmişdi. And içən şəxs barmağını çərtir, öz qanı ilə möhür vurur və bununla da öz andını təsdiq edirdi.
"Qanunlar külliyyatı"nın qəbul edilməsində məqsəd - şərti torpaq mülkiyyətinin rəsmiləşdirilməsi və irsi ağalığın təmin edilməsindən ibarət idi. Burada bütün torpaqlar bir neçə kateqoriyaya bölünürdü: şərti torpaq, şintoizm və buddizm məbədlərinin torpaqları (şinryo və butsuryo), iri feodalların şəxsi torpaqları, əyalət hakimlərinin sərəncamında olan torpaqlar. Bütün otlaq və biçənəklər, meşələr, su mənbələri feodalların mülkiyyətində idi.
Bu külliyyatda mülki, məhkəmə və cinayət məcəlləri öz əksini tapmışdı. Külliyyatda yer almış maddələrin böyük bir hissəsi feodal qiyamlarına həsr olunmuş, qiyam qaldırmış feodallar tərəfindən digər feodalların torpaqlarının zorla tutulmasına görə cəzalar məzərdə tutulmuşdu. Külliyyata daxil olan məcəllələr feodal qiyamlarını yatırmaq üçün hakimiyyətə qeyri-məhdud imkanlar verirdi. Bu məcəllələrdə həmçinin, ümumi vərəsəlik qaydaları, xüsusilə də vərəsəlikdə birincilik hüququ müəyyənləşdirilirdi.[1]
Sonrakı illərdə "Qanunlar Külliyyatı"na bir sıra əlavələr edildi və yeni qanunlar qəbul olundu. 1238 və 1267-ci illərdə qəbul edilmiş qanunlar mülkiyyət daşıyıcısı olan qadınların hüquqlarını müəyyən edirdi. Dul qadın yanlız öz əxlaqlı davranışı ilə ailəyə başçılıq edə bilər, vəfat etmiş ərinin torpaqlarının sahibinə çevrilər və hətta şoqundan xidmət müqabilində torpaq sahəsi də ala bilərdi. Arvadın əmlakı yanlız əri ağır cinayət törətdikdə, qiyam və talanlarda iştirak etdikdə müsadirə edilə bilər (bu zaman arvad öz ərinin şəriki kimi qəbul edilirdi). Qalan bütün hallarda arvadın əmlakı müsadirə edilmirdi.
Qanunla arvadla kəniz arasında fərq qoyulmurdu: onlara kişi (ər və ya sevgili) tərəfindən verilmiş əmlak əllərindən alınmırdı (bu zaman kişinin məhz onların günahı ucbatından onları tərk etməsi halları istisnalıq təşki ledir). Övladı olmayan qadın övladlığa oğlan götürə və ona torpaq sahəsi verə bilərdi. Bu zaman əgər ailənin başçısı qadın idisə, onda özü qərar qəbul edə bilərdi, yox əgər arvad evli idisə, onda ərinin də razılığı tələb olunurdu.
Əri ölmüş qadın ömrünün sonunadək ona yas saxlamalı idi və onun yenidən ailə qurması əxlaqsızlıq kimi qiymətləndirilirdi. Lakin belə hallar tez-tez baş verdiyindən, 1232-ci il "Qanunlar Külliyyatı"na 1238, 1239 və 1286-cı illərdə edilmiş əlavələrdə bir daha yenidən ailə qurmağı qadağan edən maddələr öz əksini tapmışdır. [1]