Quba üsyanı (1810)

Bu məqalə 1810-cu ildə baş vermiş Quba üsyanı haqqındadır. Digər mənalar üçün Quba üsyanı səhifəsinə baxın.

Quba üsyanı — 1810-cu ildə Rusiyanın işğalçılıq siyasətinə qarşı baş vermiş xalq üsyanı.

1810-cu ilin avqustunda xalqın döyüş yardımına arxalanan keçmiş Quba xanı Şeyxəli xan rus qoşun komandiri Leviçkini Gilgil çayı yaxınlığında məğlubiyyətə uğratdı, ona köməyə gələn general Repini də geri oturtdu. Rus generalı Şeyxəli xanı tutub gətirən və ya öldürən adama 1500 çervon "mükafat" verəcəyini bildirsə də, istəyinə nail olmadı. Çünki Şeyxəli xanın qələbələrindən ruhlanan Quba əyalətinin əhalisi üsyana qalxmışdı. Yerli bəylərin çoxunun Rusiya tabeliyindən çıxıb Şeyxəli xana qoşulduğunu baş komandanlıq özü də etiraf edirdi.

Quba üsyanının başlıca qüvvəsi silaha qurşanmış kəndlilər idi. Silahlı kəndli üsyanı Şeyxəli xanın başçılıq etdiyi müqavimət hərəkatının dayağına çevrilmişdi. Şirvanlı Mustafa xan da Qubadakı xalq üsyanına yardım göstərirdi.

Quba üsyanı çar komandanlığını güzəştli yol tutmağa məcbur etdi. Rus komandanlığı üsyanın daha da genişlənməsindən qorxur, buna görə "Şeyxəli xanı Qubanın xanı kimi tanıyaraq, Qubanı ona mənsub olan ətraf kəndlər ilə (xanın) hakimliyinə verməyi və traktat ilə (Qarabağ, ŞəkiŞirvanda olduğu kimi) onu Rusiya təbəəliyinə keçirməyi" təklif edirdi. Lakin çar hökuməti bu təklifə razılıq vermədi. Çar komandanlığı üsyanı yatırmaq üçün Gəncədən bir rota, Qarabağdan iki rota, Bakıdan bir rota rus piyadası, Şəkidən 1000 atlıdan və Şirvandan isə 100 atlıdan ibarət qoşun göndərdi. Baş komandan Quba üzərinə yürüşü polkovnik Lisaneviçə tapşırdı. O, belə işlər üzrə artıq bir sınanmış "mütəxəssis" kimi ad çıxarmışdı.

1810-cu il oktyabr ayının 4-də və 25-də baş verən iki döyüşdə Şeyxəli xan məğlub oldu. Növbəti kəndli üsyanı da yatırıldı. Üsyanı yatıran ruslar əyalət şurasını ləğv edərək Quba xanlığının varlığına son qoydular. İşğalçı məram güdən İran qoşunu mənəvi baxımdan bu çıxışlara "müttəfiq" olacaq durumda deyildi.

1810-cu il Quba üsyanı nəticəsində əhalinin sosial silki strukturunda müəyyən dəyişikliklər yaratmışdı. Quba bəylərinin əksəriyyəti rus qoşunlarına qarşı mübarizədə Şeyxəli xanın tərəfindən vuruşduğundan çar hökuməti tərəfindən ciddi təqiblərə məruz qaldılar. Onların bir hissəsi sürgünə göndərilmiş, digər bir qisminin isə mülkləri müsadirə edilmiş, hüquqları və imtiyazları məhdudlaşdırılmışdı.

  • Azərbaycan tarixi. XIX–XXI əsrin əvvəli. Bakı,2010.
  • S. İbişov. Quba xanlığı: Əhali tarixi və azadlıq mücadiləsi. Bakı, 2012