Qubada Azərbaycan Milli Qolf Klubu — Azərbaycan Respublikasının Quba rayonunda qolf ilə məşğul olanlar üçün nəzərdə tutulan beynəlxalq səviyyəli idman qurğusu. Azərbaycan Qolf Federasiyasının balansındadır.
İnşasına 2012-ci ildə başlanılan klubun 44 qolf avtomobilindən ibarət parkı vardır.[1]
Bu qolf sahəsinin ümumi ərazisi 92 hektar, meydançanın sahəsi isə 75 hektardır. İnzibati bölmədə idman avadanlığı mağazası və kafe vardır. Bu idman obyektinin Cənubi Qafqaz regionunda bənzəri yoxdur. Belə ki, bu idman qurğusu regionda 18 dəlikli ilk qolf meydançasıdır. Kompleksin ərazisində su maneələri üçün üç süni göl yaradılmışdır. Burada həm də qolf üzrə müxtəlif treninqlərin keçirilməsi nəzərdə tutulur. Azərbaycan Milli Qolf Klubundakı şərait dünya standartlarına tam cavab verir. Buna görə də burada müxtəlif beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsi mümkündür.[1]
Belə bir obyektin fəaliyyəti nəinki Qubanın, ümumilikdə bölgənin turizm sektorunun inkişafına mühüm töhfə verir. Bu, regional kiçik və orta biznesin yeni səviyyəyə çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir.[1]
Azərbaycan Respublikasının Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 18 sentyabr 2013-cü ildə Qubada Azərbaycan Milli Qolf Klubunun açılışında iştirak etmişlər.[1]