Navate mağaza küçəsi (縄手通り商店街, Navate Dori Şotenqay?) – Yaponiyanın Naqano prefekturasının Matsumoto şəhərində yerləşən küçə. Qurbağa heykəlləri, qurbağa festivalı və qurbağalara həsr olunmuş məbədi səbəbi ilə Qurbağa küçəsi (かえる道, Kaeru miçi?) kimi də tanınır.
Metoba çayının sahilində yerləşən küçənin adı "nava no yoni naqay dote" (縄のように長い土手, azərb. "kəndir kimi uzun çay sahili"?) sözlərinin qısaltmasından yaranmışdır. 2001-ci ildə küçədə yenidənqurma işləri aparılmışdır.[1]
Küçənin hekayəsinə görə Yapon Alp dağlarında yerləşən bu küçənin ərazisində Yaponiya üçün endemik qurbağa növü olan kacikaların böyük populyasiyası yaşayırdı. 1959-cu ildə baş verən tayfun mövsümü qeydə alınan ən pis tayfun mövsümlərindən biri olmuş, Yaponiyada bir çox yerdə daşqınlara səbəb olmuşdur. Bu daşqınlar nəticəsində Matsumoto şəhərinin yaxınlığında axan Metoba çayı daşmış, Navate və ətraf küçələri su basmışdır. Daşqından sonra kacika qurbağaları çayın yuxarı axınında yerləşən daha hündür yerə miqrasiya etmişdirlər. Yerli əhali daşqının fəsadlarını aradan qaldırsa da, qurbağalar bir daha qayıtmamışdır.[2]
Qurbağaların ərazini tərk etməsi yerli əhalini məyus etmiş və onlar küçədə qurbağa heykəlləri tikməyə qərar vermişdirlər. Yerli satıcılar küçədə qurbağalara aid kiçik fiqurlar və heykəlciklər satmağa başlamış, 1972-ci ildə isə küçədə qurbağalara həsr olunmuş Kaeru Daymyocin məbədi tikilmişdir. Bu hekayə yerli əhali tərəfindən yenidən doğulmağın bir simvolu kimi qəbul olunur.[2]
Hər il küçədə satıcılar, tələbələr və digər şəxslər tərəfindən Qurbağa festivalı (かえるまつりと, Kaeru matsuri?) baş tutur. İlk dəfə 2002-ci ildə baş tutmuş festivala ancaq yerli prefekturadan deyil, bütün Yaponiyadan insanlar qatılır. Festivalın birinci günündə Kaeru Daymyocin (カエル大明?) adlı şinto ritualı keçirilir.[3] Festival zamanı keçirilən Kellouin[a] tədbiri zamanı balaca uşaqlar qurbağa kostyumu geyinib küçə boyunca şirniyyat toplamağa çalışırlar.[4]