Qurtuluş İttifaqı

"Qurtuluş İttifaqı"nın qurucuları. Almaniya. 1902-ci il.

"Qurtuluş İttifaqı" (rus. Союз Освобождения) — 1904-cü ilin yanvarında Rusiyanın Sankt-Peterburq şəhərində keçmiş marksist Pyotr Struvenin təsiri ilə yaradılmış liberal siyasi qrup. Qrupun məqsədi əvvəlcə çar mütləqiyyətini konstitusiya monarxiyası ilə əvəz etmək idi. Onun digər məqsədləri bütün Rusiya vətəndaşları üçün bərabər, gizli və birbaşa səsvermə və Rusiya imperiyasında yaşayan müxtəlif millətlərin öz müqəddəratını təyin etmə hüququ ilə təmin edilməsindən ibarət idi.[1]

"Qurtuluş İttifaqı" 1904-cü ilin axırlarında Rusiyada 1864-cü il Məhkəmə islahatının 40-cı ildönümü şərəfinə banketlər şəklində ictimai-siyasi aksiya keçirmişdir. "Banket kampaniyası" adlanan bu aksiya hökuməti islahatlara sövq etmək məqsədilə keçirilmişdir. 34 şəhərdə 50 minə yaxın iştirakçının iştirak etdiyi 120-dən çox banket təşkil edilmişdir. Burada çıxış edənlər xalq təmsilçiliyinin və siyasi azadlıqların tətbiqini tələb etmişdirlər. "Banket kampaniyası" ziyalılar arasında müxalif əhval-ruhiyyənin artmasına səbəb olmuşdu.[2]

"Qurtuluş İttifaqı"nın üzvlərinin əksəriyyəti 1905-ci il Rusiya inqilabındanKonstitusiyalı Demokratik Partiyasının yaradılmasından sonra kadetlərə qoşulmuş, qrup həmin il ləğv edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "СОЮЗ ОСВОБОЖДЕНИЯ • Большая российская энциклопедия - электронная версия". bigenc.ru. 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-12.
  2. Энциклопедический словарь. 2009. «Банкетная кампания».