Rübail Nəcəf oğlu Allahverdiyev (d.21 may 1940, Kirovabad, Azərbaycan SSR - ö. 29 oktyabr 2017, Gəncə) – Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, biologiya elmləri namizədi, professor, Əməkdar müəllim.
Rübail Allahverdiyev | |
---|---|
Rübail Nəcəf oğlu Allahverdiyev | |
Təxəllüsü | Rübail |
Doğum tarixi | |
Doğum yeri | Kirovabad, Azərbaycan SSR |
Vəfat tarixi | (77 yaşında) |
Milliyyəti | azərbaycanlı |
Əsərlərinin dili | Azərbaycan türkcəsi |
Janrlar | şeir, poema |
İlk əsəri | “Yaylın atəşi” (1961) |
Mükafatları |
Rəsul Rza mükafatı |
Rübail Nəcəf oğlu Allahverdiyev 21 may 1940-cı ildə Gəncədə anadan olmuşdur. Burada 6 saylı orta məktəbi bitirmişdir. 1959-1964-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Baytarlıq fakültəsində təhsil almışdır. Təhsilini bitirdikdən sonra institutda iki il komsomol katibi işləmiş, daha sonra 1966-1969-cu illərdə aspiranturada oxumuşdur. “Kadr uğrunda” qəzetinin redaktoru, 1971-1975-ci illərdə AKTİ-də partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. 1970-ci ildə “Camışlarda sərbəst və zülal təbiətli amin turşularının ontogenezdə dəyişməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi adını almışdır.[1]
1976-cı ildə AKTİ-nin dosenti elmi adını almışdır. 1982-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2010-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Yoluxmayan xəstəliklər kafedrasının professoru adına layiq görülmüşdür. Universitetdə müxtəlif vəzifələrdə çalışmışdır.
Yaradıcılığa 1961-ci ildə “Kadr uğrunda” qəzetində dərc olunan “Yaylım atəşi” şeiri ilə başlamışdır. Həmin dövrdən baçlayaraq Azərbaycan mətbuatında davamlı olaraq şeirləri ilə çıxış etmişdir.
Rübailin “Sübhə yaxın” (1966), “Bir işıqlı yol üstəyəm” (1977), “Gecələr yuxusu qaçar qızların” (1983), “Getmişdim günəşi yola salmağa” (1988), “Ömrün fəsilləri” (2000), “İldırımötürən” (2000), “Altı məzar, üstü bazar dünyamız” (2000), “Zamanla əlbəyaxa” (2003), “Dünya dəlilərin şənlik evidi” (2005), “Tələsdikcə gecikirəm” (2008), “Sahilsiz çaya körpü” (2014), “Rübailər” (2015) adlı şeirlər və poemalar kitabı nəşr olunmuşdur.
2017-ci ilin oktyabr ayının 29-da Gəncədə vəfat etmişdir.[2]