Rəfiqə Qurbanova

Rəfiqə Əhməd qızı Qurbanova — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru.

Rəfiqə Əhməd qızı Qurbanova
Vətəndaşlığı SSRİ SSRİ, Azərbaycan
Elm sahəsi kimya
Elmi dərəcəsi kimya üzrə elmlər doktoru
İş yeri AMEA-nın Polimer Materialları İnstitutu

Rəfiqə Əhməd qızı Qurbanova 1938-ci il noyabrın 13-də Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1946–56-cı illərdə Şəki şəhərindəki 1 saylı orta məktəbdə təhsil almış və oranı qızıl medalla bitirmişdir. 1956-cı ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunmuşdur. 1961-ci ildə isə oranı fərqlənmə diplomu ilə bitirərək, həmin il kimya fakültəsinin aspiranturasının əyani şöbəsinə daxil olmuşdur.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1965-ci ildə aspirantura müddətinə 3 ay qalmış "Üzvi kimya" ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1965-ci ilin sentyabrından 1966-cı ilin aprel ayına kimi Sumqayıtda Sintetik Kauçuk zavodunun mərkəzi laboratoriyasında böyük mühəndis vəzifəsində əmək fəaliyyətində olmuşdur. 1966-cı ildən Sumqayıtda yenicə açılmış Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında kiçik elmi işçi, sonra isə 1967–78-ci illərdə böyük elmi işçi vəzifələrində çalışmışdır. 1978–93-cü illərdə Azərbaycan Elmlər Akademiyası Polimer Materialları İnstitutunda əvvəlcə "Analitik kimya", sonra isə bu laboratoriya əsasında yaradılmış "Polimer örtüklər" laboratoriyasına rəhbərlik etmişdir.

R. Ə. Qurbanova 1992-ci ildə D. İ. Mendeleyev adına Moskva Kimya Texnologiya İnstitutunun İxtisaslaşmış Elmi Şurasında "Oliqo və polistirolların kimyəvi modifikasiya proseslərinin tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək "Yüksəkmolekullu Birləşmələr kimyası" ixtisası üzrə kimya elmləri doktoru adına layiq görülmüşdür.

R. Ə. Qurbanovanın əsas elmi istiqaməti polistirolun bəzi fiziki-mexaniki xassələrini yaxşılaşdırmaq məqsədilə oliqo- və polistipolları müxtəlif aktiv funksional qrupları olan monomerlərlə alkilləşdirmiş, alkilləşdirilmiş və üzvi turşuların anhidridləri ilə asilləşdirərək makromolekulasında müxtəlif funksional qrupları olan modifikasiya olunmuş polistirolları sintez etməyə müvəffəq olmuşdur. Onun tərəfindən polistirolların örtük əmələgətirmə qabiliyyəti müəyyən edilmişdir. Həmçinin benzol nüvəsində funksional qrupları fiziki və kimyəvi üsullarla sübut edilmişdir. Təbiətindən asılı olaraq funksional qrupların polimer örtüklərin fiziki-mexaniki xassələrinə təsiri hərtərəfli öyrənilmişdir.

R. Ə. Qurbanovanın tədqiqat işlərinin bir qismi respublikamızın ekoloji problemlərin həllinə yönəlmişdir. O, uzun illər Sumqayıt regionunda istehsal tullantılarından məqsədyönlü istifadə edərək stirol istehsalının qalığı olan KORS əsasında bəzi çevrilmələrindən alınmış lak-boya materialları Xəzər dəniz neft qurğularında korroziya əleyhinə qoruyucu örtük kimi yoxlamış və müəyyən etmişdir ki, yaradılmış örtüklər uzun aqressiv mühitdə öz xassələrini dəyişmir.

R. Ə. Qurbanova kimyanın müxtəlif sahələrində həsr edilmiş 200-dən çox elmi əsərin, o cümlədən 30 müəlliflik şəhadətnaməsinin, "YMB kimyası"na aid 2 dərsliyin müəllifidir. Onun rəhbərliyi altında 6 elmlər namizədi yetişmişdir.

R. Ə. Qurbanova Türkiyədə, dəfələrlə keçmiş SSRİ-nin müxtəlif şəhərlərində (Moskva, Leninqrad, Riqa, Murmansk, Dnepropetrovsk və c.) keçirilən Beynəlxalq konqress və simpoziumlarda elmi məruzələrində çıxış etmişdir. R. Ə. Qurbanova Türkiyənin Konya şəhərinin Səlcuq Universitetində "YMB kimyası"ndan dərs demiş və kimya elmimizi orada ləyaqətlə təmsil etmişdir.