Rəmziyyə Veysəlova

Rəmziyyə Osman qızı Veysəlova (11 fevral 1914, Bakı22 avqust 1993, Gəncə) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1958).

Rəmziyyə Veysəlova
Doğum tarixi
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (79 yaşında)
Vəfat yeri Gəncə, Azərbaycan
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Bəhram Əfəndiyev
Fəaliyyəti teatr aktrisası
Teatr Gəncə Dövlət Dram Teatrı
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1958 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1955
"Şərəf nişanı" ordeni

Rəmziyyə Veysəlova 1914-cü il fevral ayının 11-də Bakıda anadan olmuş Acar qızı idi. 1920-ci ildə Gürcüstanda Sovet Hakimiyyəti qurulanda onun valideynləri öldürülmüş, evləri isə müsadirə edilmişdi. Bundan sonra onun bütün qohumları Qazaxıstana sürgün edilib. Ailəyə çox yaxın olan təxmini adı dəqiqləşdirilən Petinov adlı bir şəxs həm altı yaşlı Rəmziyyəni, həm də qardaşı Neyməti Nəriman Nərimanovun yanına gətirərmişdir. Daha sonra böyük dövlət xadimi Nəriman Nərimanov uşaqları Bakıda Bahar xanım Ağalarovanın uşaq evinə yerləşdirmişdir. Çox təəssüf ki, Rəmziyyə xanımın qardaşı Neymətin sonraki taleyi barədə məlumat yoxdur. Rəmziyyə Veysəlova Bakıda yeni tipli qız məktəbində bir müddət təhsil almışdır. Yeddinci sinfi bitirəndən sonra, 1929-cu ildə təhsil ala-ala sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olmuşdur. Burada sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Türk İşçi Teatrının yardım heyətinə qəbul olunmuş, kütləvi səhnələrə çıxmış, tamaşalarda iştirak edərək epizodik rollar oynamışdır. Musiqili səsi, mürəkkəb məqamlarda da canlı və plastik hərəkətli səhnə davranışı, güclü texnika vərdişləri, məlahətli görkəmi, iti yaddaşı, emosional cazibə qüdrəti vardı.

1932-ci ilin sonlarında Rəmziyyə xanım ailə vəziyyəti ilə əlaqədar Aşqabad şəhərinə köçmüşdür. Aktrisa orada üç ilə yaxın "Rəmziyyə" və "Rəmziyyə Əfəndiyeva" kimi çıxış etmiş, müəyyən təcrübə toplamış və az müddətdə teatrın aparıcı aktrisalarının cərgəsinə çıxmışdır. 1934–1935-ci il teatr mövsümündə Bəhram Əfəndiyev (həyat yoldaşı) və Rəmziyyə xanım Gəncə şəhərinə gəlib və hər ikisi Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının kollektivinə qəbul olunmuşdular.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Aktrisanın altmış iki illik aktyorluq fəaliyyətinin sənət töhfələrinin əsas inciləri bunlardır: Ceyran ("Özgə uşağı", Vasili Şkvarkin), Almaz, Solmaz, Mariya Timofeyevna, Sitarə ("Almaz", "Od gəlini", "1905-ci ildə" və "Nəsrəddin şah", Cəfər Cabbarlı), Gülnar və Xuraman, Məryəm ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), Kəmalə, Sənubər ("Toy" və "Xoşbəxtlər", Sabit Rəhman), Huri ("Məhəbbət", Mirzə İbrahimov), Balisa, Marsela ("Kələkbaz sevgili" və "Nə yardan doyur, nə əldən qoyur", Lope de Veqa), Natella ("Vətən namusu", Georgi Mdivani), Dilşad, Nəzakət, Nurcahan xanım ("Atayevlər ailəsi", "Sən həmişə mənimləsən" və "Mənim günahım", İlyas Əfəndiyev), Tükəz ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Xumar və Nina, Südabə ("Şeyx Sənan" və "Səyavuş", Hüseyn Cavid), Ayişə ("Şikayət qəbul olunmur", Toktobolat Əbdülmöminov), Rəxşəndə ("Kişilər", Altay Məmmədov), Məhsəti xanım ("Nizami", Mehdi Hüseyn), Həkim ("Göz həkimi", İslam Səfərli) və s.

Gəncə Dövlət Dram Teatrının görkəmli aktyorlarından olmuş Rəmziyyə Osman qızı Veysəlova Aktrisa 1993-cü il avqust ayının 22-də Gəncə şəhərində vəfat etmiş və Bağbanlardakı Fəxri Xiyabanda dəfn edilmişdir.

  • ВЕЈСӘЛОВА Рәмзијјә Осман гызы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. II ҹилд: БалзамГајдар. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1978. С. 420.
  • Рәмзијјә Вејсәлова. Бакы: «Ишыг» нәшријјаты. Азәрбајҹан Театр Ҹәмијјәти. 1974. С. 1–2.
  • VEYSƏLOVA Rəmziyyə Osman qızı // Azərbaycan qadını ensiklopediyası. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyi. 2002. səh. 386. ISBN 5-896001-366-8.
  • İlham Rəhimli. Rəmziyyə Veysəlova // Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 3-cü cild. Bakı: Azərnəşr. 2017. 416 səh. ISBN 5-86874-179-X.
  • İlham Rəhimli. Rəmziyyə Veysəlova // Azərbaycan teatr tarixi (dərslik). Bakı: Çaşıoğlu. 2005. səh. 377–378.