Rəvvadilər sülaləsi — 981-1054-ci illərdə Cənubi Azərbaycan ərazisində əsası Əbülhica tərəfindən qoyulmuş xanədanlıq. Bu xanədanlıqdan olan hakimlər "Azərbaycanşah" titulu daşıyırdılar.[1]
Bu sülalənin soykökü qədim ərəb nəsillərindən birinə bağlanırdı.Sülalə ərəb mənşəlidir. Xilafət işğalları zamanı Azərbaycanın Güney bölgələrinə də çoxlu ərəb köçürülmüşdü. Ərdəbil, Təbriz, Marağa, Qaradağ və Əhər bölgələrində müxtəlif ərəb nəsilləri yurd salmışdılar. Onlardan biri də əzdilər nəsli idi.[2] Bu nəslin banisi əslən Yəmənli olan ər-Rəvvad əl-Əzdi idi. Azərbaycanda məskən salmış başqa ərəb nəsilləri kimi rəvvadilər də yerli əhali ilə qaynayıb-qarışmışdılar. Hələ VIII yüzilin sonlarında yarımmüstəqil dövlətə çevrilmiş Rəvvadi əmirliyi zaman-zaman tamamilə müstəqilləşir, az qala Azərbaycanın bütün Güney torpaqlarını öz nəzarəti altında saxlayırdı.
Salariləri məğlubiyyətə uğratdıqdan sonra Rəvvadilər Azərbaycanın Güney torqaqlarını qəti olaraq öz hakimiyyətləri altında birləşdirdilər. Bundan başqa Rəvvadilər Muğan hakimi Sipəhbudu məğlub edib özlərindən asılı vəziyyətə saldılar.
Tarixən məlumdur ki, 1028-ci ildə soltan Mahmud Qəznəviyə (998-1030) qarşı qaldırılmış uğursuz qiyamdan sonra təqribən iki min oğuz çadırı (ailəsi) qərbə qaçmışdı. Hökmdar Vəhsudan (1020-1059) oğuzların Rəvvadilər dövlətində sığınacaq tapmış hissəsini dostcasına qarşılamış, onlara torpaq payı vermişdi. Qaçqınları öz təbəəliyinə qəbul edən Vəhsudan onlardan Bizans imperiyasına, eləcə də digər iri feodallara qarşı mübarizədə istifadə etmək niyyətindəydi. Rəvvadi hökmdarları Azərbaycanda ilk dəfə XI əsrin 30-cu illərində görünən səlcuqlardan da bu məqsədlə istifadə etdilər.
1054/55-ci ildə soltan Toğrul bəyin başçılığı altında Azərbaycana yürüş edən səlcuq qoşunları Təbriz şəhərinə yaxınlaşdılar. Rəqibin qüdrəti qarşısında acizliyini dərk edən Rəvvadi hökmdarı Vəhsudan, Toğrul bəyin hakimiyyətini tanıyır, adına xütbə oxunmasını əmr edir, soltana qiymətli hədiyyələr verir. Beləliklə, Rəvvadi hökmdarları da Səlcuqi təbəəliyini qəbul etdilər.
Rəvvadilər ölkənin paytaxtını Ərdəbildən Təbrizə köçürdülər. Bu, mütərəqqi bir addım idi. Çünki Təbriz bütün Azərbaycan torpaqlarının iqtisadi, siyasi və mədəni baxımdan birləşdirilməsi üçün çox əlverişli mövqedə yerləşmişdi. Müxtəlif Şərq ölkələrini Aralıq dənizi və Qara dəniz sahilləri ilə, həmçinin Dərbənd keçidi vasitəsi ilə Volqaboyu və Şərqi Avropa ilə birləşdirən beynəlxalq karvan yollarının qovşağında yerləşən Təbriz Rəvvadilərin hakimiyyəti illərində böyüyüb abadlaşdı.
Təqribən bir əsr hakimiyyətdə qalmış Rəvvadilər sülaləsi Səlcuqilərin əli ilə siyasi fəaliyyətlərinə uzun müddət ara verirlər. Bütün Cənubi Qafqaz bölgəsi Orta Asiyadan Aralıq dənizinə, Qafqazdan Ġran körfəzinədək geniş ərazini tutan Səlcuq dövlətinin tərkibinə daxil olur.
Siyasi hakimiyyətlərini əldən vermiş Rəvvadilər uzun illər öz əski əzəmətlərini qaytara bilmədilər. Yalnız 1107/08-ci il hadisələri ilə əlaqədar mənbələrdə Azərbaycanın cənub-qərb torpaqlarına sahib olan Marağa hakimi Əhmədili ibn İbrahim ibn Vəhsudan ər-Rəvvadinin adı çəkilir. Onun hakimiyyət dövrü tarixə Əhmədililər sülaləsinin hakimiyyəti dövrü kimi daxil olmuşdur. 1111/12-ci ildə Əhmədili Mosul, Diyarbəkr, Xilat və başqa yerlərin hakimləri ilə birlikdə Suriya ərazisində xaçpərəstlərə qarşı aparılan döyüşdə iştirak etmişdir. 1116/17-ci ildə Əhmədili Bağdadda xəlifə sarayında batinilərdən biri tərəfindən öldürülür. Beləliklə, Rəvvadilər sülaləsi siyasi tarix səhnəsindən çıxır.
Beləliklə, 10-cu əsrin son rübündən başlayaraq tarixi Azərbaycan ərazisi, əsasən üç sülalə — Şirvan torpağında ərəblərdən əvvəlki Şirvanşah titulunu və dövlətini bərpa etmiş Məzyədilər (Yəzidilər), əvvəl Sacilərə, sonra isə Salarilərə məxsus Azərbaycan ərazisinin bir hissəsində – Arranda dövlət yaradaraq "Arranşah" titulunu daşıyan Şəddadilər və Arazdan cənubdakı Azərbaycan torpaqlarında "Azərbaycanşah" titulunu bərpa edən və onu daşıyan Rəvvadilər tərəfindən idarə olunurdu.
Salarilərin hakimiyyətinin zəiflədiyi dövrdə Azərbaycanın siyasi tarixində mühüm rol oynamış Rəvvadilər sülaləsi nümayəndələrinin fəaliyyəti genişləndi. Ərəb "əzd" qəbiləsindən olan yəmənli Rəvvadilər 8-ci əsrin sonlarından başlayaraq Sacilər hakimiyyətə gələnədək "Təbrizdən-Bəzzədək" (əl-Yəqubi) torpaqları irsən idarə edirdilər.