Raelizm (fr. Raëlism) — dini cərəyan.
Əsası 1973-cü ildə fransız jurnalist və keçmiş avtopilot Klod Vorlion ("Rael" kimi tanınmışdır) tərəfindən qoyulmuşdur. Bu dini cərəyana görə, hazırkı sivilizasiyadan üstün, sakinləri elohimlər adlanan naməlum planet mövcuddur. Elohimlərlə əlaqə yalnız xüsusi təlim və dini təcrübə sayəsində mümkündür.
Cərəyan mənsubları insanın klonlaşdırılmasının qatı tərəfdarıdırlar. Bunu onunla izah edirlər ki, yalnız klonlaşdırma sayəsində əldə edilən nailiyyətlər insana ölməzlik bəxş edəcəkdir.
Raelçilərə görə, elohimlər hər insanın təsəvvür edə bilməyəcəyi, və ən yüksək inkişafa nail olmuş mükəmməl irqdir. Oradakı tərəqqi ilə Yer üzərindəki texnoloji inkişaf müqayisəedilməzdir.
Klod Vorlion insanları inandırmağa çalışırdı ki, o, 1973-cü ildə Fransada elohimlərin nümayəndələri ilə görüşmüş və bu hadisədən sonra onun həyatı tamamilə dəyişmişdir. Ona "Rael" adını da məhz onlar vermişlər. Klod iddia edirdi ki, "elçi" mənasına gələn bu ad ona səmavi irqlərin nümayəndəsi olduğu üçün verilmişdir. O, yadplanetlilərin dedikləri bütün məlumatları "Sadiq naməlum planet sakinlərinin müraciəti" kitabında qələmə aldığını bildirmişdir.
Raelə görə, bəşəriyyətin ilk nümayəndələri 25 min il əvvəl elohimlərin yaratdığı klonlardır. O hesab edirdi ki, bir zamanlar Yerdən çox uzaqda olan planetin sakinləri texnoloji tərəqqinin ən yüksək səviyyəsinə nail olmuş və klonlaşdırma ilə bağlı təcrübələrə maraq göstərmişlər. Lakin yerli hakimiyyət dairələri döl üzərində müxtəlif təcrübələrin aparılmasına qadağa qoymuşlar. Buna görə də planetin alimləri – entuziastlar təcrübələrin aparılması üçün müvafiq məkan axtarmağa başlamışlar. Bu məkan Yer planeti olmuşdur. Raelə görə, insan dünyada anlaşılmazlıq nəticəsində meydana gəlmişdir. Elohim alimlərinə klonlaşdırma ilə bir şərtlə məşğul olmağa icazə vermişdilər ki, insan meydana gəlməsin. Lakin buna riayət olunmamış və nəticədə ilk insanlar – Adəm və Həvva yaranmışdır.
Cərəyan mənsubları hesab edirlər ki, klonlaşdırma – ölməzlikdir. İsa Məsih və bütün məşhur alimlər çoxdan elohimlərin planetinə getmişlər. Məsələn: Nikolay Kopernik, Cordano Bruno, Qalileo Qaliley və başqaları klonlaşdırılmışlar və çəkdikləri əzab-əziyyətlərdən sonra istirahət edirlər. Onlara görə, Cordano Bruno hələ də yanıq şokundan müalicə alır.
Raelizm mənsubları dünyanı maddi məfhum kimi düşünür, səmavi dinlərdə göstərilən tanrı anlayışını qəbul etmirlər. Tanrını yüksək inkişaf, daha doğrusu, təsəvvür edilməyən, qeyri-adi inkişafa nail olmuş sivilizasiya şəklində qəbul edirlər. Bütün bəşəri irqlərin əsas vəzifəsi və tapşırığı belə sivilizasiyaya çevrilməkdir.
Onlar "mənəvi başlanğıc" ideyasını inkar edərək, atomların malik olduqları genetik kodun "Tanrı işi" deyil, alimlərin səyi nəticəsində meydana gəldiyini iddia edirlər. Rael dini inanclar barədə deyirdi: "Artıq inanmağı rədd etmək və anlamaq vaxtıdır". Qısası, Raelin təlimi tamamilə dindən uzaq mahiyyət daşıyır. Bütün mistik inanclar birmənalı şəkildə rədd edilir. İnsan həyatının bütün sahələrində elmi inkişafın təsiri, tədqiqat və təcrübələrin köməyi ilə yaranır.
Cərəyan nümayəndələri hesab edirlər ki, qiyamət günündə elohimlər bəşəriyyəti lazımi istiqamətlərdə inkişaf etdirən insanları klonlaşdıracaqlar.
Elohimlərin 2035-ci ildə Yer üzərinə qayıdacaqlarına inandıqları üçün onlar, artıq Havay adalarında iqamətgah yaratmışlar.
Raelizmdə nikah qəbul edilmir. O, bəşəriyyətin ümumi xoşbəxtliyi və dünyəvi harmoniyanın inkişafı yolunda ciddi maneə hesab olunur. Cərəyanın simvolu sonsuzluğu ifadə edən altıguşəli ulduzdur. Bunun mənası odur ki, insanları elohimlər, onları isə mənşəyi məlum olmayan varlıq yaratmışdır. Belə yaranış sonsuzluğa kimi davam edəcəkdir. Mövcudluğun əsası da budur. İnsanların son dərəcə yüksək inkişaf səviyyəsinə nail olması, özünü klonlaşdırmaq bacarığını əldə etməsi və digər planetlərdə məskunlaşması bəşəriyyətin ali məqsədidir.