Həşimov Rafiq Məhəmməd oğlu (11 avqust 1966, Ucar) — Azərbaycan Televiziyasının aparıcısı, diktor, ssenarist, rejissor, Azərbaycan Respublikasının əməkdar artisti.
Rafiq Həşimov | |
---|---|
Rafiq Məhəmməd oğlu Həşimov | |
Doğum tarixi | |
Doğum yeri | Ucar, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Təhsili |
|
Fəaliyyəti | Televiziya və kino |
Fəaliyyət illəri | 1987-ci ildən |
Mükafatları | Azərbaycan Respublikasının əməkdar artisti |
Rafiq Həşimov 1966-cı ildə anadan olmuşdur. 1985-ci ildə Bakı Rabitə Elektrotexnikumunun "Televiziya və Radio texnikası" fakültəsini bitirmişdir. 1985–1987-ci illərdə Sovet ordusunda xidmət etmişdir. Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində 1987-ci ildə texnik kimi işə başlamışdır. Sonradan videooperator, montajçı işləmişdir. 1997-ci ildə Baki Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. 1990-cı ildən bu günə qədər diktor kimi fəaliyyət göstərir.[1] Ailəlidir, bir qızı var.[2][3]
Bu illər ərzində "Xəbərlər"in, müxtəlif dövlət tədbirlərinin, "XX əsr" müəllif proqramının, "Səhər" proqramının aparıcısı olmuşdur. "Space", "Lider" və "Xəzər" telekanallarında aparıcıların və müxbirlərin nitq mədəniyyəti ilə məşğul olmuş, Xəzər Universitetində dörd il nitq mədəniyyəti üzrə pedaqoji fəaliyyət göstərmişdir.[4][5]
Hekayələri və esseləri, eləcə də dünya ədəbiyyatı klassiklərindən, o cümlədən Nobel mükafatı laureatları Herman Hesse, Çeslav Miloş, Xorxe Luis Borxesdən Azərbaycan dilinə etdiyi tərcümələr ölkənin jurnal və qəzetlərində və xaricdə çap olunmuşdur.[6] Ssenariləri əsasında bir çox bədii-sənədli filmlər çəkilmişdir.[7]
2011-ci ildə Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə şəhid Fuad Əsədova həsr olunmuş "Yarımçıq gündəlik" bədii-sənədli filmini, 2013-cü ildə isə görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadədən bəhs edən "Səttarın Azərbaycanı" sənədli filmini çəkmişdir.[8]
Silsilə olaraq "XX əsr" adlı kulturoloji müəllif proqramının müəllifi və aparıcısı kimi Azərbaycanın görkəmli elm, mədəniyyət, incəsənət xadimlərinə həsr olunmuş filmlər və verilişlər hazırlamışdır. 2008-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.[9]
Azərbaycan prezidenti Heydər Əliyevin 1998-ci il 4 noyabr tarixli fərmanı ilə "Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.