Rafiq Yusifoğlu 2 yanvar 1950-ci ildə Qubadlı rayonunun Çardaxlı kəndində müəllim ailəsində anadan olmuşdur. Burada səkkizillik məktəbi, 1966-cı ildə isə Qubadlı qəsəbə orta məktəbində onillik məktəbi bitirmişdir. Ədib 1966-1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsil almışdır. Rafiq Yusifoğlu əmək fəaliyyətini davam etdirməklə yanaşı, 1978-1982-ci illərdə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir.
O, 1984-cü ildə "Azərbaycan poemasının inkişaf problemləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2006-cı ildə isə "XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.[1]
Rafiq Yusifoğlu əmək fəaliyyətinə Sumqayıt şəhərində tərbiyəçi müəllim kimi başlamış, 1971-1972-ci illərdə Sumqayıtda 10 saylı orta məktəbdə ədəbiyyat müəllimi işləmişdir. Hərbi xidməti başa vurduqdan sonra 1973-1985-ci illərdə Sumqayıt şəhərində 23 saylı orta məktəbdə müəllimlik etmişdir. Ədib 1985-ci ildən 1992-ci ilədək "Göyərçin" jurnalında şöbə müdiri, 1992-1996-cı illərdə məsul katib olmuşdur. Rafiq Yusifoğlu 1997-ci ildən "Göyərçin" jurnalının baş redaktorudur. Həmçinin 1996-1997-ci illərdə Azərbaycan Dövlət Televiziyasının "Xəbərlər" baş redaksiyasında "Elm, mədəniyyət, incəsənət" şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Rafiq Yusifoğlu Sumqayıt Dövlət Universitetinin "Azərbaycan və xarici ölkələr ədəbiyyatı" kafedrasının professorudur. 2005-ci ildən Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisidir. Eyni zamanda 2008-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorudur. Şairin uşaq ədəbiyyatı sahəsində xüsusi fəaliyyəti vardır. O, uşaq və gənclər ədəbiyyatı tənqidçilərinin Moskvada keçirilən birinci (1982), ikinci (1985) və üçüncü (1988) Ümumittifaq seminarlarının, Qazaxıstanda keçirilən Beynəlxalq Uşaq ədəbiyyatı günlərinin (1989) iştirakçısı olmuşdur. Bununla yanaşı, 1985-ci ildə Moskvada Ali Komsomol məktəbinin bir aylıq jurnalistika kursunun müdavimi olmuşdur.[1]
Ədəbi fəaliyyətə hələ orta məktəbdə oxuyarkən başlayan Rafiq Yusifoğlu 1966-cı ildən dövri mətbuatda şeirləri, məqalələri ilə müntəzəm çıxış etməyə başlamışdır. Şair son illər bədii tərcümə ilə ciddi məşğul olur. O, F.Q.Lorkanın, Corc Bayronun, Peter Şyuttun, Hans Yurgen Hayzenin, Ulla Hanın, Roza Auslenderin və başqalarının şeirlərini, dünya uşaq ədəbiyyatının gözəl nümunələrini dilimizə tərcümə etmişdir. Əsərləri bir sıra dillərə tərcümə edilib, dərsliklərə düşüb. Külli miqdarda elmi-publisistik məqalələrin, çoxlu mahnı mətnlərinin müəllifidir. Əsərləri əsasında "Qəm karvanı", "Bütün Azərbaycan əsgər olmalı" televiziya tamaşaları çəkilib, dəfələrlə nümayiş etdirilmişdir.[1]