Randoseru (ランドセル?) – Yaponiyada geniş istifadə olunan məktəbli çantası növü.
Randoserunun mənşəyi Edo dövründə əsgərlər üçün yaradılmış bel çantaları ilə bağlıdır. Edo dövründə şoqunluq Niderlandın hərbi sistemindən təsirlənərək randoserunun ilk nümunələrini yaratmışdır. Sözün mənşəyi niderland dilində bel çantasını bildirən "ransel" sözündən yaranmışdır.[1]
1885-ci ildə Tokioda yerləşən təhsil müəssisəsi Qakuşuin ilk dəfə randoserudan istifadə etməyə başlamışdır. 1887-ci ildə baş nazir İto Hirobumi Qakuşuinə daxil olan Şahzadə Yoşihitoya randoseru hədiyyə etmişdir. Bu hadisə randoserunun populyarlaşmasına səbəb olmuşdur.[2] Buna baxmayaraq, randoserunun istifadəsi ancaq şəhərlərlə məhdudlaşırdı; Regionlarda şagirdlər kitablarını daşımaq üçün furoşikidən istifadə edirdilər.[1]
1960-cı illərdə Yaponiyada iqtisadiyyatın sürətli inkişafı ilə əlaqədar olaraq randoserular bütün ölkədə geniş istifadə olunmağa başlamışdır. 1960-cı illərdən sonra qara rəngli randoseru oğlanlara, qırmızı rəngli randoseru isə qızlara aid edilmişdir. Bu gender bölgüsünün ənənəvi yapon sandalı olan qetalarla əlaqədar yarandığı düşünülür.[1]
Orijinal randoserular ağır, amma uzunömürlü dəridən hazırlanır, lakin müasir dövrdə randoseruların 70%-i 1965-ci ildə ixtira edilmiş, "Clarino" adlı sintetik dəridən hazırlanır. Bir az kobud material olsa da, daha yüngül, suyadavamlı və gündəlik istifadəyə dözümlüdür.[1]
Randoserunun arxa planı yumşaq parçadan hazırlanır ki, belə taxılanda rahat hiss etdirsin. Yan panellər plastik daxili qatla möhkəmləndirilir, beləcə, çanta formasını qoruyur və maksimum yeri təmin edir. Qayışlar çantaya metalla taxılır. Randoseruda bento qutularını və açarlıqları yerləşdirmək üçün yerlər də ola bilər.[1]
Adətən randoseru məktəblilərə valideynləri tərəfindən hədiyyə kimi verilir. Məktəblilər üçün nəzərdə tutulsa da, böyüklər üçün hazırlanan növləri də hazırlanır.[1]