Relyefin ümumi səciyyəsi

Relyefin ümumi səciyyəsi - Azərbaycan Respublikasının ümumi sahəsi 86.6 min km² olub Qafqazın kənar cənub-şərq hissəsində yerləşir və Cənubi Qafqazın çox hissəsini əhatə edir. Ərazi şərqdən 825 km məsafədə Xəzər dənizi ilə əhatələnir. Cənubda Talış dağ silsilələri və Araz çayının dərəsi ilə İranTürkiyə ilə həmsərhəddir. Şimalda Baş Qafqaz silsiləsinin suayrıcı və Samur çayının aşağı axını ilə Dağıstan MR-ilə, qərbdə və şimal-qərbdə isə Gürcüstan Respublikası və Ermənistanla həmsərhəddir.

Respublikamızın ərazisində zirvələri qar və buzlaqlarla örtülü uca dağlar, yaylalar, dağarası çökəklilklər, geniş düzənliklər, ovalıqlar bir-birini əvəz edir. Göstərilən səth formalarının hamısı relyef adlanır. Azərbaycan Respublikası ərazisinin relyefi çox müxtəlifdir. Burada düzənliklər və dağlar üstünlük təşkil edir. 

Azərbaycan dağlıq ölkə hesab edilsə də, ərazisinin yarıya qədəri düzənliklərdən ibarətdir. Respublikamızın əsas geomorfoloji vahidləri Böyük Qafqaz, Kiçik Qafqaz  dağları, Talış dağları, Kür-Araz ovalığı, Arazyanı düzənliklərdən və silsilələrdən ibarətdir. 

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Azərbaycan ərazisinin orta yüksəkliyi 657 m-dir. Xəzərsahili ovalıq okean səviyyəsindən 27 m-ə qədər aşağıda olduğu halda, Bazardüzü zirvəsinin yüksəkliyi 4466 m-ə çatır. Deməli, respublikamızın ərazisində yüksəkliyi fərqi 4500-ə yaxındır.

Azərbaycan ərazisinin 73%-i yüksəkliyi 1000-ə qədər, 27%-i isə 1000 m-dən artıq olan sahələrdir. Ovalıqlar, yəni yüksəkliyi 200 m-ə qədər olan sahələr ərazinin 40%-ni tutur. Ovalıqların ərazisinin 18%-i dəniz səviyyəsindən aşağıda yerləşir. 

Böyük  Qafqaz dağlarında əsas yeri Baş Qafqaz silsiləsi tutur. Həmin silsilənin Babadağ (3632 m) zirvəsinə qədər olan hissəsi kəskin parçalanmış dik yamaclarla, qədim buzlaqların yaratdığı təknəvari dərələrlə səciyyələnir. Babadağdan şərqə doğru silsilə tədricən alçalır, yamaclar hamarlanır. 

Suayrıcı silsilə paralel bir neçə dağ silsiləsi uzanır. Onlardan ən mühümləri şimalda Yan silsilə, cənubda isə Qovdağ və Niyaldağdır. Yan silsilənin ən uca zirvəsi Şahdağdır. 

Böyük Qafqazın şimal-şərq yamacında Qusar maili düzənliyi, Samur-Dəvəçi ovalığı, cənub-şərqində isə kəskin parçalanmış Qobustan alçaqdağlığı yerləşir. 

Baş Qafqaz silsiləsinin cənub ətəkləri boyunca mütləq yüksəkliyi 200-700 m olan Qanıx-Əyriçay dağarası çökəkliyi uzanır. Bu çökəkliyi Kür-Araz ovalığından mütləq yüksəkliyi 600-1000 m-ə çatan Acınohur alçaqdağlığı ayırır. 

Kiçik Qafqaz dağları Böyük Qafqaza nisbətən az parçalanmışdır. Azərbaycan daxilində Kiçik Qafqaz dağlarının ən mühüm silsilələri Şahdağ, Murovdağ, Göyçə, Qarabağ dağları və Qarabağ vulkan yaylasıdır. 

Şahdağ silsiləsi (Qaraarxac -3062 m) Azərbaycanla Ermənistan sərhədi boyunca uzanaraq, Göyçə gölü hövzəsi ilə Kür hövzəsi arasında suayrıcı təşkil edir. Şagdağdan şərqə doğru Murovdağ silsiləsi uzanır. Onun ən uca zirvələri Gamışdağ (93724 m) və Hinaldağdır (3367 m). Murovdağın şimal yamaclarında füsunkar gözəlliyi  ilə fərqlənən Kəpəz (3066 m) və Qoşqar (3361 m) dağları ucalır. Kiçik Qafqazı şimaldan Gəncə-Qazax maili düzənliyi əhatə edir. 

Murovdağdan cənub-şərqə doğru uzanan Qarabağ silsiləsi Araz çayına qədər davam edir. Onun mütləq yüksəkliyi Böyük Kirs dağında 2725 m -ə çatır. 

Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhədi boyu qövsvari şəkildə Dərələyəz və Zəngəzur silsilələri uzanır. Bu silsilələrin ən uca zirvələri Qapıcıq (3906 m) və Küküdağdır (3420 m). 

Talış dağları respublikamızın cənub-şərq qurtaracağında yerləşir. Bu dağ sistemi cənub-şərq istiqamətində uzanan Talış, Peştəsər və Burovar silsilələrindən ibarətdir. Ən uca zirvələri Kömürköy (2493 m) və Qızyurdudur (2433 m). 

Kür-Araz ovalığı Böyük və Kiçik Qafqaz dağları arasında yerləşir. Ovalıq ərazisinin 40%-ə qədəri okean səviyyəsindən aşağıda yerləşir. 

Kür çayının sağ sahılı boyunca Gəncə-Qazax, Qarabağ, Mil düzləri, sol sahili boyunca Şirvan, Cənub-Şərqi Şirvan düzləri, Araz və Kür çaylarının sağ sahillərində Muğan düzü, Kür çayı ilə onun qolu Ağuşa arasında isə Salyan düzü yerləşir. 

Oroqrafik planının əsas xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

    Respublikanın oroqrafik planının əsas xarakterik xüsusiyyətlərindən  biri onun iri tektonik strukturların əsas əlamətlərinin relyefdə əks olunmasıdır. Bununla əlaqədar olaraq Azərbaycanın relyefində eyni zamanda onun əsas morfostruktur  vahidlərini təşkil edən aşağıdakı oroqrafik elementlər ayrılır:

  • 1.Samur-Dəvəçi ovalığı və Qusar Maili düzənliyi;
  • 2.Böyük Qafqaz
  • 3.Kür depresiyası;
  • 4.Kiçik Qafqaz;
  • 5.Qarabağ vulkanik yaylası;
  • 6.Arazyanı silsilələr;
  • 7.Orta Araz çökəkliyi;
  • 8.Talış dağları

Hətta bəzi ədəbiyyatlarda Kür depresiyasından cənubda yerləşən bütün dağlıq ərazilər Cənubi Qafqaz yaylası adlandırırlar. Samur-Dəvəçi ovalığı və Qusar Maili düzənliyi planda əsasən üstpliosen və pleystosen çöküntüləri ilə doldururlmuş və maksimal qalınlığı dənizin sahil zonasında 3000 m-ə çatan Qusar-Dəvəçi törəmə çökəkliyinə uyğun gəlir. Qusar Maili düzənliyi ən yüksək zirvəsi Böyük Suval dağı (1910m) olan erozion, erozion-denudasion və qravitasion mənşəli pilləli quruluşlu yüksək monoklinal plato əmələ gətirir. Düzənliyi kəsən çaylar yamacları sürüşmələrlə mürəkkəbləşmiş və terraslaşmış dərələrlə səciyyələnir. Düzənlik şimal-şərqdə mütləq yüksəkliyi 200m  olan pillə ilə allüvial-prolüvial çöküntülərdən təşkil olunmuş Samur-Dəvəçi ovalığına keçir və Xəzər sahillərinə qədər uzanır. Dəniz sahilboyu zonada qumlardan təşkil olunmuş təpəli- tirələr və dyunlar uzanır ki, bunlar da çayların dənizə tökülməsinə maneçilik etdiyindən bəzi sahələrdə laqunların əmələ gəlməsinə səbəb olur (məsələn Ağzıbirçala limanı). Respublika daxilində Böyük Qafqaz iki əsas oroqrafik xəttdən  (Baş Qafqaz və Yan silsilə) ibarət olub, cənub-şərq istiqamətdə  getdikcə tədricən alçalaraq öz oroqrafik müstəqilliyini itirir və Qobustan alçaq öndağlığına və Abşeron yarımadasına keçir. Böyük Qafqaz tektonik cəhətdən nəhəng və mürəkkəb quruluşlu meqantiklinoriyaya uyğun gəlir. O, şimal-şərqdə Kazmakriz və Siyəzən üstəgəlmələri ilə Qusar-Dəvəçi çökəkliyindən,  cənub – qərbdə isə Qanıx Əyriçay dərəsinin şimal kənarı və Acıçay-Ələt qırılma zonası ilə Kür depressiyasından ayrılır. Böyük Qafqaz əsasən mezazoy, paleogen, neogen yaşlı çökmə süxurlardan təşkil olunub, çay dərələrində, dağarası çökəkliklərdə və yastı suayrıcılarda isə dördüncü dövr çöküntüləri inkişaf etmişdir. Yan silsilə oroqrafik planda Böyük Qafqazın şimal qolunu təşkil edir. Silsilənin şimal-qərb hissəsi Şahdağ zirvəsi (4250 m) ilə birlikdə Şahdağ-Xızı sinklinorisinə uyğun gəlir, cənub-şərqdə isə orta və alçaqdağlığın erozion-denudasion relyefi ilə səciyyələnən Təngi-Beşbarmaq silsiləsini təşkil edir. Beşbarmaq dağı (440m) silsilənin cənub-şərqdə ən son zirvəsi olub, eyniadlı  antiklinoriyə uyğun gəlir. Baş Qafqaz silsiləsi şimal-qərbdən cənub-şərq istiqamətində Tinov-Rosso (3385m, Quton (3646m), Ahvay (3480m), Bazardüzü (4466m) (şəkil), Tufan (4191m), Babadağ (3629 m) zirvələri ilə birlikdə intensiv parçalanmış alp tipli yüksək, nival-buzlaq relyefi ilə səciyyələnən dar suayrıcı təşkil edir. Silsilə planda intensiv şəkildə metamorfizmə uğramış yura və təbaşirin şistlərindən, qumdaşılarından və  qumlu əhəg daşılarından təşkil olunmuş Tufan antiklinorisinə uyğun gəlir.

Tufan antiklinorisi cənubdan relyefdə yaxşı əks olunan Malkamud üstəgəlməsi ilə əhatələnir. Baş Qafqaz silsiləsinin cənub yamacında çevrilmiş relyefi ilə səciyyələnən Govdağ və (birbaşa relyefi ilə səciyyələnən) Nialdağ morfostrukturları ayrılır. Orta dağlığın denudasion relyefi ilə səciyyələnən Böyük Qafqazın gömülmə sahəsində Qaynar-Qoca, Şahdağ,  İlxıdağ, Aladaş və başqa qalxmalar kimi və Xınalıq, Xaltan, Gilgilçay,  Müdri, Lahıc və b. erozion tektonik çökəkliklər ayrılır. Qobustan alçaqdağlığı  üçün iri sinklinal dərə və depressiyalarla növbələşən və xətti uzanan qırışıq silsilələr, gümbəzvari qalxmalar səciyyəvidir. Ən böyük depressiyalardan biri Şamaxı-Qobustan sinklinorisinin şərq hissəsinə uyğun gələn Ceyrankeçməz depressiyası olub, şimal-qərbdə bakı yaşlı allüvial-prolüvial, cənub-şərqdə isə daha cavan olan abrazion-akkumulyativ mənşəli dəniz düzənliklərini təşkil edir və üzərində palçıq vulkanları yerləşən braxiantiklinal qalxmalarla mürəkkəbləşir. Qobustan üçün səciyyəvi xüsusiyyətlərindən biri də  çevrilmiş relyef formalarının sinklinal platoların (Güzdək, Qaftaran), dar dağarası dərələrin geniş yayılmasıdır. Ceyrankeçməz depressiyası cənubdan paleogen, miosen və pliosen çöküntülərindən təşkil olunmuş Ələt tirəsi və Ləngəbiz alçaqdağlığı ilə əhatələnir. Cənub-şərqi Qafqaz birbaşa tektonik relyefi ilə səciyyələnən Abşeron yarımadası ilə qurtarır. Kür-Araz depressiyası, daxilində geoloji quruluşuna və relyefinin xüsusiyyətlərinə görə fərqlənən ayrı-ayrı sahələrə ayrılan böyük dağarası çökəklik təşkil edir. Depressiyanın şimalda Böyük Qafqazın cənub ətəyi boyunca Qanıx-Əyriçay sinklinal dərəsi uzanır. Əsas relyef formaları cəınub yamacdan axan çayların gətirmə konuslarından və konusarası çökəkliklərdən ibarət olan sinklinal dərə və relyefdə maili düzənlik əmələ gətirir. Qanıx-Əyriçay dərəsindən cənubda birbaşa tektonik relyefi ilə səciyyələnən Ceyrançöl-Acınohur alçaq dağlığı uzanır. Alçaqdağlıq miosen və üst pliosenin qumlu-gilli çöküntülərindən təşkil olunmuş və əsasən xətti uzanan mononklinal və antiklinal silsilələrdən və onların arasında yerləşən sinklinal çökəkliklərdən ibarətdir. Alçaqdağlığın şərq hissəsini kəsib keçən çaylar antesedent dərələr əmələ gətirir. Kür çayının dərəsindən cənubda  Xram və Gəncə çaylarının mənsəbləri arasında allüvial-prolüvial mənşəli Gəncə maili düzənliyi uzanır. Düzənlik cənub-şərqdə bir qədər yaşlı və bir qədər də yüksək Naftalan allüvial-prolüvial düzənliyi ilə əhatələnir. Mingəçevir şəhərindən şərqdə Xəzər dənizinə qədər Kür-Araz ovalığı uzanır. Ovalıq neogen və dördüncü dövrün qalın qumlu-gilli çöküntüləri ilə doldurulmuş dərin dağarası çökəkliyə uyğun gəlir. Kür-Araz ovalığı Kür və Araz çaylarının dərələri ilə Şirvan, Qarabağ, Mil, Muğan və Salyan akkumliyativ düzənliklərinə parçalanır. Kür-Araz ovalığının şərq hissəsində submeridianal istiqamətdə uzanan Böyük və Kiçik Hərəmi, Mişovdağ, Girovdağ, Babazənən, Güzdək, Bozdağı kimi  cavan braxiantiklinal qlxmalar uzanır. Bu yüksəkliklərlə Xəzər dənizi arasında hamar səthli allüvial-dəniz mənşəli Cənub-Şərqi Şirvan düzənliyi yerləşir. Muğan və Salyan ovalıqları, cənubda tədricən Lənkəran ovalığına keçir.  Kür-Araz ovalığının ilk baxışda hamar görünən səthi gətirmə konusları, konusarası çökəkliklər, çalalar, qədim yataqlar, yataqboyu yollar, axmazlar və b. relyef formaları ilə mürəkkəbləşir. Muğan ovalığında və cənub-şərqi Şirvanda eol və şoran relyef formaları, dənizin sahil boyunda isə dar zolaq şəklində sahil valları və dyun təpələri uzanır. Böyük Qafqaz silsilələrindən fərqli olaraq Kiçik Qafqaz dağ silsilələri bir qədər alçaq olub, vahid tağ şəkilli qalxma yaratmır və uzununa, köndələninə istiqamətli dərin qırılmalarla əlaqədar olaraq qırışıq-faylı quruluşa malik olması ilə səciyyələnir.     Şahdağ dağlı silsiləsi çevrilmiş relyef olub, üst təbaşir və eosenin karbonatlı və vulkanogen süxurlarından təşkil olunmuş Torağay sinklinorisinə uyğun gəlir.

Silsilə Şahdağ zirvəsindən Hinaldağ zirvəsinə qədər cənub-şərq istiqamətdə enlik istiqamətdə uzanır və kulisəbənzər formada Murovdağ silsiləsi ilə birləşir. Murovdağ silsiləsinin ən yüksək zirvəsi Gamışdağ (3724 m) təşkil edir. Sonuncudan bir qədər şimalda Kəpəz (3065 m) sinklinal zirvəsi yerləşir. Murovdağ silsiləsi vulkanogen-çökmə mənşəli orta yura çöküntülərindən təşkil olunmuş eyni adlı antiklinoriyə uyğun gəlir. Murovdağ və Şahdağ silsilələrinin şimal və şimal-şərq yamaclarında şimal-şərq istiqamətdə uzanan və əsasən erozion mənşəli olan Kələkə, Çınqıldağ, Pont və başqa alçaq silsilələr yerləşir. Kiçik Qafqazın cənub-şərq qurtaracağının mərkəz hissəsində ümumqafqaz istiqamətində uzanan Qarabağ antiklinal silsiləsi uzanır. Onun suayrıcısında kulisəbənzər şəkildə Qırxqız, Böyük Kirs, Ziarat və b. zirvələr ucalır. Hinaldağ zirvəsindən cənubda, Tərtərçayı ilə Göyçə gölü arasında suayrıcı təşkil edən Şərqi-Göyçə silsiləsi uzanır. Struktur cəhətdən köndələn qalxmaya uyğun gəlib Göyçə- Həkəri sinklinorisini iki hissəyə (Göyçə və Həkəri) ayırır. Silsilə eosenin vulkonogen-çökmə süxurlarından və miosenin vulkonogen qatından təşkil olunmuşdur. Silsilənin ən yüksək zirvəsi Ketidağdır (3427m). Tərtər və Həkəri çayları arasında suayrıcı təşkil edən və ən yüksək zirvəsi Dəlidağ (3616m) olan Mıxtökən silsiləsi iri antiklinal qalxmaya uyğun gəlib, üst eosen intruziyalarının qranitoidlərindən təşkil olunmuşdur. Kiçik Qafqazın dağ yamacları üçün Başkənd-Dəstəfur, Aterk, Xankəndi, Sirik və başqa törəmə dağdaxili çökəkliklərin olması səciyyəvidir. Kəlbəcər törəmə çökəkliyi Tərtərçayın yuxarı axınında yerləşib, mərkəzi hissəsi Qarabağ vulkanik yaylasının pleytosen lavaları ilə doldurulmuş qraben-sinklinal çökəklik təşkil edir. Murovdağ, Şahdağ və Şərqi-Göyçə silsilələrinin yüksək dağlıq hissəsində üstpliosen yaşlı buzlaq relyef formaları, suayrıcılarda isə düzəlmə səthlərinin qalıqları saxlanmışdır. Kiçik Qafqazdan cənub-şərqdə relyefi üst pliosen dördüncü dövr andezitbazalt lavarından təşkil olunmuş Qarabağ vulkanik yaylası yerləşir. Qarabağ vulkanik yaylası Kiçik Qafqaz dağ qurumunda ən yüksək mövqedə durub Kür-Araz hövzələri arasında nəhəng suayrıcı təşkil edir. Yaylanın əsas relyef formaları Böyük İşıqlı, (3552m) Qızılboğaz (3381m) və b. nəhəng vulkan massivləri, lava axınları, “çınqıllar” və b. təşkil edir. Yüksək vulkan massivlərinin zirvəsində qədim buzlaq izləri (moren çöküntüləri, troq dərələr, karlar) yaxşı saxlanmışdır.

Qarabağ vulkanik yaylasından cənub-qərbdə ondan Arpa-Bazarçay çökəkliklər zonası ilə ayrılan Arazyanı (Zəngəzur və Dərələyəz) qırışıq-faylı və faylı silsilə yerləşir. Ən yüksək zirvəsi Qapıcıq (3904 m) (şəkil) olan Zəngəzur horst silsiləsi əsasən Mehri-Ordubad plutonunun qranitoidlərindən təşkil olunub, şərqdə Mehri qrabenini qərbdən əhatələyən Şərqi-Qapıcıq qırılması ilə kəsilir. Silsilənin suayrıcı hissəsi fiziki aşınma prosesləri ilə parçalanmış və yamaclar demək olar ki, başdan-başa çılpaqlaşmışdır.Silsilənin bəzi yerlərində üst pleystosenin buzlaq izləri (moren çöküntüləri, karlar, troq dərələr) saxlanmışdır.

Naxçıvançayla, Arpaçay arasında yerləşən Dərələyəz silsiləsi  şimal-şərqdə enlik, cənub-qərbdə isə meridianal istiqamətdə uzanır və paleozoyun karbonatlı və yuranın vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Ən yüksək zirvəsi silsilənin Zəngəzur silsiləsi ilə təmas zonasında yerləşib 3000m-dən artıqdır (Küküdağ 3120m). Qədim buzlaq izləri nisbətən az yayılmışdır. Zəngəzur və Dərələyəz silsilələlərinin orta və alçaq dağlığı kəskin kontinental iqlim şəraiti və bitki örtüyünün çox zəif olması ilə əlaqədar olaraq quru dərə və yarğanlarla intensiv şəkildə parçalanmışdır. Zəngəzur və Dərələyəz silsilələləri üçün müxtəlif ölçülü və formalı ekstruziv təpələrin, açılmış lakolitlərin olması səciyyəvidir. Bunlara parlaq misal olaraq Ortaaraz dağarası çökəkliyin şimal-qərbdən əhatə edeən Naxçıvan dərinlik qırılması üzərində yerləşən İlandağ (2410m), Xanəyə (1910m), Əlincə (1810m) və b. zirvələri misal göstərmək olar. Ortaaraz çökəklıyi qalın miosen və pleystosen çöküntüləri ilə doldurulmuş törəmə struktur olub, burada  köndələn qalxmalarla bir sıra dağarası çökəklıiklərə və akkumliyativ-denudasion platolara parçalanmışdır. Qurd qapısı, Qıvraq akkumliyativ-denudasion platosu və Nehrəm kimi köndələn qalxmalar və yastı səthli Sədərək, Şərur və Naxçıvan maili düzənlikləri ayrılır. Qurd qapısı köndələn qalxmasında (Dəlidağ 1240 m, Dəhnə 1150 m) orta və üst paleozoyun Nehrəm qalxmasında isə perm, trias, orta yura, üst təbaşir, eosen və oliqosen yaşlı çökmə və vulkonogen çökmə mənşəli çöküntüləri səthə çıxır. Qıvraq və Duzdağ platolarının əsası miosenin duzlu qatlarından ibarət olub, qalınlığı 40 m-ə çatan üst pliosen və alt pleystosenin  çaqıl daşları ilə örtülmüşdür. Platoların yamacları bəzi yerlərdə bedlend şəklində parçalanmışdır. Talış dağları Kiçik Qafqaz qırışıqlığının cənub-şərqdə gömülmüş hissəsinin davamını təşkil edib, ondan Aşağı Araz çökəkliyi ilə ayrılır. Talış dağları əsasən paleogen və neogenin qalın vulkanogen çöküntülərindən, cənub-şərq hissəsində isə üst təbaşir çöküntülərindən təşkil olunmuşdur. Böyük və Kiçik Qafqazdan fərqli olaraq Talış dağlarında yüksəkdağlıq qurşaq yoxdur. Onun ən yüksək zirvəsi 2400 m-dən az artıqdır. Burada qədim buzlaq izləri yoxdur. Talış dağlarının oroqrafik planında şimal-qərbdən cənub-şərq istiqamətdə uzanan üç silsilə ayrılır. Talış silsiləsi cənub-qərbdə yerləşib, Astara antiklinorisinə uyğun gəlir. Onun ən yüksək zirvəsi Kömürgöy (2493 m) dağıdır.

Talış dağlarında şimal-şərqdə Peştəsər silsiləsi (2236 m-2240 m) uzanır və ondan ən dərin hissəsi Dıman və Qosmalyan gömülmüş çökəklikləri olan çökəkliklər zonası ilə ayrılır. Ən kənar şimal-şərq hissəsini təşkil edən Burovar silsiləsi eyni adlı antklinoriyə  uyğun gəlib, əsasən üst eosenin vulkanogen çöküntülərindən təşkil olunmuşdur. Talış dağlığının mərkəzi hissəsində Peştəsər və Burovar silsilələri arasında maykopun qalın qumlu-gilli çöküntüləri ilə doldurulmuş və şimal-qərbdə orta üst  miosenin çöküntüləri  ilə örtülmüş Yardımlı törəmə çökəkliyi yerləşir. Talışın dağlıq hissəsi üçün tektonik strukturların uzanma istiqamətini perpendikulyar kəsən və cənub-qərbdən  şimal-şərq istiqamətdə uzanan çoxlu miqdarda erozion mənşəli suayrıcı silsilələr uzanır. Ərazi  üçün erozion mənşəli çökəkliklərin qalxması da səciyyəvidir. Bunların bəziləri litosklupturla  əlaqədar olub, əmələ gəlmələri  yuyulmaya asan məruz qalan süxurların yayılması ilə bağlıdır.[1] 

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikasının Coğrafiyası. III cild. "Regional Coğrafiya". Bakı, 2015, səh.43. Əlizadə E.K., Tarixazər S.Ə.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]