Respublika Elmi-Texniki Kitabxanası — Azərbaycan Respublikasında fəaliyyət göstərən ən böyük elmi-texniki kitabxana, digər elmi-texniki kitabxanalara metodiki yardım göstərən mərkəz.[mənbə göstərin]
Azərbaycanın ilk elmi-texniki kitabxanası 1930-cu ildə Neftçi Bakı klubunun kitabxanasının bazasında yaradılan AzNeftin Mərkəzi texniki kitabxanası olmuşdur.
1957-ci ildə bu kitabxana Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Elm və Texnika Komitəsi nəzdində Respublika Elmi-Texnika Kitabxanasına çevrilmişdir.
Bu gün Kitabxana Azərbaycan Rspublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 30 iyul 2018-ci il tarixli 222 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi" təsdiq edilmiş, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası Əqli Mülkiyyət Agentliyinin tabeliyinə verilmişdir. Nəticədə Əqli Mülkiyyət Agentliyi və tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi və Respublika Elmi-texniki Kitabxanasından ibarət olan ixtisaslaşmış yığcam vahid dövlət qurumu yaradılmışdır.
Bu gün Respublika Elmi-Texniki Kitabxanası respublikanın nazirlik, idarə, şirkət və müəssələri, elmi-tədqiqat və layihə institutlarına, eləcə də elm və texnika sahəsində tədqiqat aparan ayrı-ayrı şəxslərə, ali məktəb tələbələrinə məlumat-biblioqrafiya və kitabxana xidməti göstərən respublika mərkəzi hesab olunur. RETK respublikanın ən böyük kitabxanalarından biri olmaqla yanaşı, ənənəvi kitab təbliği və kitabxana-biblioqrafiya xidmətindən əlavə müəllif şəhadətnamələri və patent ədəbiyyatı, normativ-texniki sənədlər, xarici ölkələrin jurnalları və s. özündə əks etdirən, elmi tədqiqat işi və metodik fəaliyyətlə məşğul olan böyük müəssisədir. Təbii ki, bu kitabxananın fondu da digər kitabxanaların fondundan xeyli dərəcədə fərqlənir. Kitabxananın fondunda patentlər, sənaye məmulatı kataloqları, informasiya mərkəzlərinin buraxdığı texniki və informasiya vərəqələri, istehsalat plakatları, elmi-texniki icmallar, xarici sənaye nümunələrinin mikrofişdə və ultrafişdə pozitiv, neqativ və çoxrəngli fototekası, elmi-texniki hesabatlar üzrə jurnallar və s. mühafizə edilir.
Kitabxananın fondu özlüyündə bir neçə yerə bölünüb. Əsas fonddan başqa, Kitabxananın 1967-ci ildə yaradılmış Respublika Patent fondu, 1969-cu ildə yaradılmış Respublika Normativ-texniki sənədlər fondu və Depozitar fondu mövcuddur. Hazırda kitabxana bütün fondu ilə bərabər Mərdanov Qardaşları 124 ünvanında yerləşir. (keçmiş TDQK-nın arxası) Kitabxananın Gəncə şəhərində filialı da mövcuddur.