Respublika Patent fondu Azərbaycanın ölkə daxilində və xaricdə nəşr olunan patent ədəbiyyatını özündə əks etdirən yeganə fonddur.
Respublika Patent fondu 1967-ci ildə Respublika Elmi-Texniki Kitabxanasının nəzdində yaradılıb. Hazırda ayrıca təşkil olunmuş binada fəaliyyət göstərir.
Respublika Patent fondu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyindədir.
Bu fond 27 dildə dünyanın 35 ölkəsinin Beynəlxalq və Avropa patent idarələrinin sənədləri ilə komplektləşdirilir. Fondun əsas tərkibini keçmiş SSRİ-nin patent ədəbiyyatı təşkil edir. Hazırda fondda 11 milyona yaxın ədəbiyyat toplanıb.
Respublika Patent Fondunda 3 şöbə fəaliyyət göstərir
1. Komplektləşdirmə şöbəsi
2. Mikrofilm işləmə şöbəsi
3. Xidmət və məlumat-biblioqrafiya şöbəsi
Respublika Patent fondu Beynəlxalq İxtira Təsnifatının bütün mövzu rubrikalarına görə çapdan çıxan müəllif şəhadətnamələri ilə (kağız daşıyıcıda, mikrofilm və mikrofiş halında) komplektləşdirilmişdir. Ümumilikdə Respublika Patent fondunun tərkibinə aşağıda göstərilən növlərdə patent sənədləri daxildir:
- Keçmiş SSRİ-nin patent sənədləri fondu (SSRİ Dövlət İxtiraçılıq Komitəsinin rəsmi bülletenləri, SSRİ-nin müəllif şəhadətnamələri və patentlərinə verilən ixtira təsvirləri);
- Xarici ölkə sənədlərinin fondu (xarici patent idarələrinin rəsmi bülletenlərinin surətləri və xarici ölkə patentlərinin ixtira təsvirləri mikrofilm və mikrofiş və kağız daşıyıcılarda);
- ÜİETMİ-nin rus dilində xarici ölkə ixtiraları haqqında biblioqrafik və referativ məlumatları əks etdirən bülletenlər;
- Sənaye nümunələri haqqında məlumat materialları (ayrı-ayrı ölkələrin sənaye nümunələri fototekası, beynəlxalq təsnifata görə sənaye nümunələrinin mövzu fototekası halında) patent-lisenziya, patent məlumatı, ixtiraçılığa aid rəsmi və normativ sənədlər;
- Keçmiş SSRİ və xarici ölkə sənədlərinə soraq-axtarış aparatı materialları (ixtira sənədlərinin göstəricisi, nömrəli, sistemli adlı göstəricilər, kataloq və kartotekalar);
- İxtiraçılığa, patent hüququ və patent lisenziya məsələlərinə dair tədris, metodiki və axtarış ədəbiyyatı;
- İxtiraçılıq və patentşünaslığa dair nəşrlər;
- Soraq, lüğət ədəbiyyatı.
Respublika Patent Fondu həmçinin sənədlərinin forma müxtəlifliyi ilə də seçilir. Əvvəldə qeyd etdiyimiz kimi, burada təkcə kağız formasında olan sənədlər qorunmur. Xarici ölkələrin patent bülletenləri mikrofilm şəklində olur. Belə ki, fondun əhəmiyyətli bir hissəsini təşkil edən 27 xarici ölkə materialları lent şəklində öz əksini tapmışdır. Fonda daxil olan materiallar Mikrofilm işləmə şöbəsinin əməkdaşları tərəfindən rulon şəklində işlənilir və dəmir qutularda stelajlarda yerləşdirilir. Daha sonra isə informasiya istifadəçilərinin istifadəsinə verilməsi təşkil olunur.
- Xələfov A. A. Azərbaycanda kitabxana işinin tarixi: Dərslik (3 hissədə. h. 3). – Bakı: Bakı Universiteti nəşriyyatı, 2010. – 432s.
- Rüstəmov Ə. M. Patentlər və əmtəə nişanları:tərtibi, mühafizəsi, axtarışı. – Bakı, 2004. – 443s.
- Rzayeva Z. T. Müstəqillik şəraitində Respublika Elmi-Texniki Kitabxanasında informasiya axtarış sistemlərinin formalaşması// Kitabxanaşünaslıq və informasiya: elmi-nəzəri və təcrübi jurnal. – 2010. – № 2. – s. 75–82
- Respublika Elmi-Texniki Kitabxanasının 1993–2008-ci il hesabatları
- Республиканский патентный фонд РНТБ Госплана Азербайджанской ССР. – Баку: АзНИИНТИ, 1987. – 136с.