Reyxstaq üzərində Zəfər bayrağı — tarixi əhəmiyyətli İkinci dünya müharibəsində çəkilən foto. Şəkil Yevgeni Haldey tərəfindən 2 may 1945-ci ildə Berlin döyüşü zamanı çəkilib. Şəkil Sovet İttifaqının nasist Almaniyası üzərində qələbəsinin simvoluna çevrilib. Sovet bayrağı Meliton Kantariya və Mixail Yeqorov tərəfindən Berlindəki Reyxstaq binasında ucaldılıb. Minlərlə tirajla nəşr olunan bu fotoşəkil İkinci Dünya Müharibəsinin ən diqqət çəkən fotoşəkilləri arasında idi. Şəkildəki əsgərlərin və şəkli çəkən əsgərin kimliyi illər sonra məlum olub.
Berlin döyüşü İkinci Dünya Müharibəsinin Avropa Cəbhəsində sonuncu böyük hərbi əməliyyat idi. 1945-ci il aprelin 16-da Almaniya cəbhəsinə doğru irəliləyən Sovet Qırmızı Ordusu sutkada 30–40 km sürətlə Almaniyanın içərilərinə doğru irəliləyirdi. Berlin uğrunda döyüş 1945-ci il aprelin 20-dən mayın 2-dək davam etdi və müharibənin ən qanlı döyüşlərindən biri oldu.
Reyxstaq binası 1894-cü ildə tikilib və dövrün ən möhtəşəm memarlıq əsərlərindən biri hesab olunur. Almaniya tarixində mühüm yeri olan bina sovetlər tərəfindən faşist Almaniyasının simvolu kimi görünürdü. Əslində faşistlər üçün bina təsdiqlənməmiş demokratiyanın simvoludur. Bina 1933-cü ildə Reyxstaq yanğınından sonra bağlanıb və təmir olunmayıb. Onun bağlanması zamanı qanunverici orqan Kroll Opera Evində görüşdü.
Berlin döyüşünün son günlərində sovet əsgərləri binanı ələ keçirərək milyonlarla Alman və SSRİ vətəndaşının həyatına son qoyan müharibənin bitdiyini müjdələdilər.
Reyxstaq binası Berlinin ən ikonik binalarından biridir. Döyüş davam etdiyi üçün şəkil çəkilərkən baş verənlərə uzun müddət aydınlıq gətirmək mümkün olmayıb. Döyüş davam edərkən, 1 May İşçi Bayramının yaxınlaşması ilə əlaqədar aprelin 30-da birbaşa Stalin tərəfindən binanın alınması əmri verilir. Binanın günbəzinin yerləşdiyi əraziyə təyyarə ilə çoxlu qırmızı bayraqlar endirilir. Həmçinin aprelin 30-da 380-ci atıcı alayından M. M. Bondar və 756-cı piyada alayının kapitanı V. N. Makovun binaya qırmızı bayraq sancması barədə qərargaha xəbərlər gəlib. Marşal Georgi Jukov məruzələri oxuyaraq bildirir ki, onun qoşunları binanı ələ keçirib və binadan qırmızı bayraq qaldırılıb. Xəbər üzərinə binaya gələn hərbi müxbirlər heç bir bayraq görə bilmədilər və daha da pisi, alman snayperlərinin atəşinə məruz qaldılar. Binanın daxilində və xaricində şiddətli döyüşlərdən sonra aprelin 30-da saat 22:40 radələrində Reyxstaqın üzərinə Sovet bayrağı sancılıb. 23 yaşlı Rəhimzan Koşqarbayev Almaniyanı simvolizə edən "Germania" adlı qadın heykəlinin yerləşdiyi yerə bayrağı qaldırır, lakin bayraq asıldığı vaxt hava qaranlıq olduğundan fotolar çəkmək mümkün deyildi. Ertəsi gün bayraq almanlar tərəfindən götürüldü. Bina mayın 2-də Qırmızı Ordunun nəzarətinə keçir.
2 may 1945-ci ildə Xaldey şəkil çəkmək üçün nəzarət altına alınmış Reyxstaq binasına gəlir. Yanında əmisinin üç süfrəni birləşdirərək yaratdığı sovet bayrağı var idi. Bayrağı sancmaq üçün iki əsgər, gürcü əsilli Meliton Kantariya və rus əsilli Mixail Yeqorov seçilir. Haldeyin sözlərinə görə, təsadüfən orada olan əsgərlər bu fotonun çəkilməsini təmin ediblər; bayrağı qaldıran 18 yaşlı sıravi Kiyevli Aleksey Kovalyov, dağıstanlı Əbdülhakim İsmayılov və Minskdən Leonid Qoriçev. Sonradan çəkilmiş bu fotoya redaktə edilib. Bayraqlı şəxsə kömək edən əsgərin hər iki qolunda saat olub. Sovet əsgərlərinin şəhəri qarət etdiyi təəssüratı yaratmamaq üçün onun sağ qolundakı saat redaktə ilə silinib. İki saatın taxılmasıda döyüş meydanı olan Berlin və komanda mərkəzi olan Moskva arasındakı vaxt fərqi ilə əlaqələndirilir.
13 may 1945-ci ildə "Oqonyok" jurnalında dərc olunan fotoşəkil bundan sonra dünyanın ən ikonik fotoşəkillərindən birinə çevrildi.