Rezorsin – Mr(C6H4(OH)2)= 110.11 (m-dioksifenol), ikiatomlufenol.
Rezorsin ağ və ya zəif sarımtıl kristallik maddədir, özünəməxsus zəif iylidir. Saxlanılma qaydasına düzgün əməl edilmədikdə işığın və havanın təsirindən asan oksidləşmə nəticəsində tədricən çəhrayı-narıncı rəng alır. Suda, spirtdə, efirdə asan həll olur. Ərimə temperaturu 109–112ºC-dir. Rezorsin güclü antiseptik xassəyə malikdir. Dəri xəstəliklərində sulu və spirtli məhlullar (2–5%-li), həmçinin məlhəmlər (5–20%-li) şəklinə işlənir.
Rezorsini sintez etmək üçün fenolların alınma üsullarının birindən istifadə edirlər. Məsələn, benzol m-disulfoturşunu natrium hidroksidlə 270ºC-də közərdirlər. Ərintini suda həll edib, xlorid turşusu ilə turşulandırıldıqdan sonar rezorsini üzvi həlledicilərdə (benzol, efir) ekstraksiya edirlər.
Rezorsinin qatı antiseptik məhlulları keratolitik təsirə malikdir (epidermisi yumşaldır). Zəif məhlulları, əksinə keratoplastik təsirə malikdir (buynuz qişasının əmələ gəlməsini sürətləndirir). Dəri xəstəliklərinin (ekzema, seboreya, dermatitləri, göbələk xəstəlikləri, dəmrov) müalicəsində tətbiq olunur. Bundan başqa sintetik boyalarin istehsalında istifadə edilir. Rezorsinin toz və buxarları qıcıqlandırıcı təsirə malikdir.