Riqa Texniki Universiteti — Latviyada universitet; iqtisadiyyatın bir sıra istiqamətləri üzrə keyfiyyətli elmi araşdırmaların həyata keçirilməsini təmin edir və yüksək əmək keyfiyyətinə malik, beynəlxalq bazarın tələblərinə uyğun, rəqabətə davamlı mütəxəssislər hazırlayır. Universitet Avropa tədris, elmi-tədqiqat və innovasiya mərkəzi olaraq beynəlxalq səviyyəli, müasir və nüfuzlu ali təhsil müəssisəsi kimi tanınır.
Riqa Texniki Universiteti | |
---|---|
Rīgas Tehniskā universitāte | |
56°56′49″ şm. e. 24°06′18″ ş. u.HGYO | |
Əsası qoyulub | 1862 |
Tip | dövlət ali məktəbi |
Ölkə | |
Ünvan | Latviya, Riqa şəhəri |
Sayt | rtu.lv |
Vikianbarda əlaqəli mediafayllar |
Riqa Texniki Univeriteti 14 oktyabr 1862-ci il tarixində Riqa Politexnik Məktəbi kimi fəaliyyətə başlayıb. Məktəb yalnız Latviyada deyil, ümumilikdə Rusiya imperiyasında ilk çoxsahəli texniki təhsil müəssisəsi idi. Riqa Politexnik Məktəbi əsasən, İsveçrə və Almaniya ali təhsil müəssisələrinin təhsil sistemi əsasında formalaşdırılmışdı. Məktəbin müəllimləri arasında çox sayda alman, isveçrəli və avstriyalı alimlər var idi. Belə ki, fizik-kimyaçı, Nobel mükafatı laureatı V. Ostvald, Sürix Politexnik İnstitutunun rektoru olmuş V. Riter, məşhur iqtisadçı alim E. Laspeyres, elektrik maşınlarını yaradanlardan biri olan E. Arnold və Qərbi Avropanın bir sıra məşhur alimləri pedaqoji fəaliyyətlə məşğul olmaq üçün bu məktəbə cəlb olunmuşdu.
Riqa Texniki Universiteti Latviya Respublikasının paytaxtında – Riqa şəhərində yerləşir. Ali təhsil ocağının həmçinin Latviyanın başqa şəhərlərində — Dauqavpils, Liepae, Ventspils və Çesisdə filialları mövcuddur.
Hazırda Riqanın mərkəzində, universitetin tələbə şəhərciyi Baltiyada mühəndislik elmlərinin ən müasir tədris mərkəzi inşa olunur. Bu genişmiqyaslı layihə "Riqa Texniki Universiteti – şəhərdə şəhər" adlandırılır. Layihənin birinci mərhələsinin 2013-cü ildə başa çatdırılması nəzərdə tutulmuşdur. Gələcəkdə orada ali məktəbin fakültələri, inzibati binaları və elmi kitabxanası olacaq.
Hazırda ali məktəbdə 8 fakültə fəaliyyət göstərir:
Ali təhsil müəssisəsi 1991-ci ildən ingilis dilində tədris proqramlarını öyrənməyi təklif edir. 2002-ci ildə ən çox təklif edilən ingilis dilində olan tədris proqramları ABŞ-nin Keçmiş Hərbi Qulluqçularının İşləri üzrə İdarənin (ing. The United States Department of Veteran Affairs) akkreditasiyasını alıb. Ali məktəb bütün təhsil pillələri üzrə olmaqla ingilis dilində 30-dan çox tədris proqramını təqdim edir.
1997-ci ilin aprelində imzalanmış ali təhsilə dair ixtisaslaşdırmanın tanınması haqqında Lissabon konvensiyasına uyğun olaraq Riqa Texniki Universitetinin diplomları bütün Avropa dövlətlərində tanınır. Bundan əlavə, diplomlar həmçinin Azərbaycanda, ABŞ-də, Kanadada, Hindistanda, Çində, Suriyada, Livanda, Nigeriyada, Kamerunda, Özbəkistanda, Qazaxıstanda, Gürcüstanda, Rusiyada, Ukraynada, Belorussiyada, Türkiyədə, Misirdə və Nepalda qəbul olunur.
Riqa Texniki Universiteti Avropanın tələbə və müəllim mübadiləsi sahəsində zəngin təcrübəyə malik 200-dən artıq universiteti ilə əməkdaşlıq edir. 1998-ci ildə ali məktəb məşhur ERASMUS maarifləndirici proqramına qoşulub. Proqramın məqsədi Avropa Birliyi ölkələri ilə namizəd ölkələrin ali təhsil müəssisələri arasındakı əməkdaşlığı inkişaf etdirərək ali təhsil üzrə Avropa meyarlarını ön plana çıxarmaqdan ibarətdir. Bu məqsədlə Erasmus proqramı çərçivəsində hər il minlərlə tələbə və müəllimə təhsil fəaliyyətinin bir hissəsini xaricdə keçirmə imkanı tanınır. Bununla yanaşı, ortaq araşdırma layihələri, sıx proqramlar, tədris planı ilə bağlı inkişaf etdirmə işləri və Avropa səviyyəsində Tematik Şəbəkələrin maliyyələşdirilməsi təmin edilməkdədir. Həmçinin, Erasmus yaradılarkən hədəflər arasında Avropada təhsil keyfiyyətini artırmaq, fərqli mədəniyyətlər və həyat formalarına qarşı dözümlü yanaşma bacarığını inkişaf etdirmək və qloballaşma prosesində əmək bazarının xüsusiyyətlərinə uyğun işçi hazırlamaq məqsədləri yer alıb.
Universitetdə 14 500-dən çox tələbə təhsil alır, 750-dən artıq müəllim çalışır. Ali təhsil ocağında yerli tələbələrlə yanaşı Fransa, Almaniya, İtaliya, İspaniya, Livan, Suriya, İsrail, Hindistan, Çin, ABŞ, Rusiya, Ukrayna, Özbəkistan, Nigeriya, Türkiyə və digər ölkələrdən olan tələbələr də oxuyurlar.
Bütün tələbələr üçün kitabların geniş çeşidinin və müxtəlif məlumat bazalarının və elektron resursların ehtiva olunduğu Elmi kitabxananın xidmətlərindən istifadə üçün lazımi şərait yaradılıb.
Riqa Texniki Universiteti tələbələrini universitetin və ölkənin ictimai və mədəni həyatında yaxından iştirak etməyə həvəsləndirir. Təsadüfi deyil ki, hazırda ali məktəbdə tələbələr tərəfindən təşkil olunan çox sayda mədəniyyət klubları və dərnəkləri fəaliyyət göstərir. Klubların kollektivləri öz orijinal proqramları ilə Latviya və beynəlxalq müsabiqələrdə və festivallarda uğurla iştirak edirlər.
Universitet tələbələrin fiziki baxımından sağlam olmasına, idmanla məşğul olmasına xüsusi önəm verir. Bu məqsədlə idman zalı, hovuz, tennis kortları, idman-istirahət bazası yaradılıb. Tələbələr aerobika, atletik gimnastika, badminton, basketbol, boks, sərbəst güləş, dama, cüdo, futbol, stolüstü tennis, həndbol, üzgüçülük, xizək idmanı, ağır atletika, şahmat, mini futbol, tennis, yüngül atletika və voleybol idman növləri ilə məşğul ola bilərlər.
Universitetdə elmi tədqiqatlar tədris prosesinin tərkib hissəsidir və bütün tədris proqramları çərçivəsində həyata keçirilir. Burada fundamental və tətbiqi təqdiqatların əsas strateji hədəfi texniki və sosial problemlərin həllərinin tapılmasından ibarətdir. Fundamental və tətbiqi elmi araşdırmaların gedişatında alınmış biliklər potensialı sahibkarlıq fəaliyyətində tədricən həyata keçirilir.
Mühəndislik, informasiya texnologiyaları, üzvi kimya, materialşünaslıq, arxitektura, mühəndis iqtisadiyyatı ali təhsil müəssisəsində yerinə yetirilən elmi-tədqiqat fəaliyyətinin prioritet istiqamətləridir.