Rəcəb Tayyib Ərdoğan Universiteti (əvvəlki adı: Rizə Universiteti) — Rizədə yerləşən Türkiyə dövlət universiteti. 2006-cı ildə Qaradəniz Texniki Universitetindən ayrılaraq müstəqil universitet kimi yaradılmışdır. Universitet əsasən elm və səhiyyə yönümlüdür.
Rəcəb Tayyib Ərdoğan Universiteti | |
---|---|
Recep Tayyip Erdoğan Üniversitesi[1] | |
Əsası qoyulub | 17 mart 2006 |
Rektor | Yusif Yılmaz |
Tələbə sayı | 17.000 |
Ölkə | |
Sayt | erdogan.edu.tr |
Universitetin tarixi Texniki Məktəbin yaradılması ilə 1950-ci illərdən başlayır. 1975-ci ildə Rizə Təhsil İnstitutu yaradılır.[2] 1976-cı il martın 1-də Rizə Peşə Məktəbinin əsası qoyulur. 1992-ci ildə İlahiyyat Fakültəsi və Balıqçılıq Fakültəsinin, 1996-cı ildə Fındıqlı Peşə Məktəbi, 1997-ci ildə Təhsil fakültəsi və Fən-ədəbiyyat fakültəsinin qurulması ilə böyüməyə davam edib.[3]
O, əvvəllər Qaradəniz Texniki Universitetinin bir hissəsi olub. 26111 nömrəli Rəsmi Qəzetdə dərc edildikdən sonra qüvvəyə minən 15 yeni universitetin yaradılması haqqında qanunla 17 mart 2006-cı ildə Rizə Universiteti yaradılıb.[4]
Universitet rəhbərliyinin təklifi və Nazirlər Şurasının qərarı ilə 2012-ci il 11 aprel tarixli 28261 saylı Rəsmi Qəzetdə dərc olunduqdan sonra qüvvəyə minən 6287 saylı İbtidai Təhsil və Təhsil Qanunu və Bəzi Qanunlarda Dəyişikliklər edilməsi haqqında Qanunla Rizə Universitetinin adı Rəcəb Tayyib Ərdoğan Universiteti olaraq dəyişdirilib.[5][6] 2022-ci il iyulun 8-dən universitetin rektoru Yusif Yılmazdır.
Universiteti hazırda 1 institut, 15 fakültə, 3 məktəb, 6 peşə məktəbi, 18 Tədqiqat və Tətbiq Mərkəzi və rektorluğa tabe olan 6 şöbə daxil olmaqla 49 akademik bölmədən ibarətdir. Bu tədris bölmələrində 1200-dən çox akademik işçi, o cümlədən 500-dən çox professor-müəllim heyəti çalışır və 17 mindən çox tələbə təhsil alır.
Universitet daxilində Lisansüstü Təhsil İnstitutu, Fındıqlı Tətbiqi Elmlər Məktəbi, Güneysu Fizioterapiya və Reabilitasiya Məktəbi və Xarici Dillər Məktəbi fəaliyyət göstərir. Həmçinin Ədliyyə Peşə Məktəbi, Ardeşen Peşə Məktəbi, Pazar Peşə Məktəbi, Sağlamlıq Xidmətləri Peşə Məktəbi, Sosial Elmlər Peşə Məktəbi və Texniki Elmlər Peşə Məktəbi mövcuddur.