Robert Emerson Landsburq (ing. Robert Emerson Landsburg; d. 13 noyabr 1931, Sietl - ö. 18 may 1980, Skameyniya) – 1980-ci ildə Sent-Helens vulkanının püskürməsi zamanı ölmüş ABŞ fotoqrafı.[1][2][3]
Robert Landsburq | |
---|---|
ing. Robert Landsburg | |
Doğum tarixi | |
Doğum yeri | Sietl, Vaşinqton, ABŞ |
Vəfat tarixi | (48 yaşında) |
Vəfat yeri | Skameyniya, Vaşinqton, ABŞ |
Vətəndaşlığı | ABŞ |
Milliyyəti | amerikalı |
Fəaliyyəti | fotoqrafiya |
Tanınır | Sent-Helens püskürməsinin şəkilləri |
Landsburq 13 noyabr 1931-ci ildə ABŞ-nin Vaşinqton ştatının Sietl şəhərində anadan olmuşdur. Püskürmə baş verən vaxt Oreqon ştatının Portlend şəhərində yaşayırdı.
Püskürməyə həftələr qala Landsburq vulkandakı dəyişiklikləri çəkmək üçün oranı ziyarət edirdi.[4] 18 may gününün səhərində o, zirvədən sadəcə bir neçə mil uzaqlıqda olarkən vulkan qəflətən püskürür. Artıq xilas ola bilməyəcəyini görən Landsburq sakitcə ona yaxınlaşan kül buludunun şəkillərini çəkir. Daha sonra filmi öz qabına qoyur, kamerasını çantasına yerləşdirir və çəkdiklərini qorumaq üçün çantasının üzərində uzanır.[5] 17 gün sonra küllərin altında Landsburqun cəsədini və çantasını tapırlar.
Landsburq Sent-Helens Dağı Memorial Məzarlığında dəfn olunmuşdur. Landsburqun çəkdikləri geoloqlar üçün püskürmə haqqında dəyərli məlumatlar vermişdir.[5]