Rotifera

Rotatorilər (lat. Rotifera və ya lat. Rotatoria) — 1500-ə qədər növü olub, əksəriyyəti şirin sularda, bir qismi isə dənizlərdə yaşayır. Bədən ölçüləri 0.04-2.5 mm-ə qədərdir.

Rotatorilər
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Rotatorilər
Beynəlxalq elmi adı

Ümumi xarakteristika

[redaktə | mənbəni redaktə et]

Rotatorilər qabarıq, yumurtaşəkilli və ya iyşəkilli bədən formasına malikdir. Plankton formaların bədən örtüyü üzərində müxtəlif çıxıntılar vardır.Bəzi rotatorilərin örtüyü həlməşikşəkilli maddədən ibarətdir.[3] Bu canlıların əksəriyyəti sərbəst hərəkətlidir, bəziləri isə oturaq həyat tərzi keçirir.

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Rotatorilərin bədəni baş, gövdə, quyruq şöbə və ya ayaqdan ibarətdir. Ağız dəliyi baş şöbənin qarın hissəsində yerləşir. Ağızın önündə və arxa tərəfində iki kirpik həlqəsi yerləşir. Bəzi rotatorilərin baş şöbəsində topa şəklində hissetmə qılları, bir və ya iki ədəd piqmentli gözcük olur. Gövdə qalın kutikula ilə örtülmüşdür. Bir çox rotatorilərdə kutikula müxtəlif törəmələrlə təchiz olunmuş möhkəm zireh əmələ gətirir. Zireh formasına, quruluşuna və şəklinə görə müxtəlif olur. Boru rotatorilərin müdafiə olunmasına xidmət edir. Quyruq şöbə və ya ayaq bədənin çıxıntısı olub, əyilmək qabiliyyətinə malikdir. Bu hissə çəngəl şəklində iki yerə haçalanır. Haçaların qurtaracağı yapışqanlı maddə ifraz edən vəzilərlə təchiz olunmuşdur. Bu orqanlar vasitəsilə oturaq həyat tərzi keçirən rotatorilər müəyyən subsrata yapışa bilirlər.Rotatorilərdə dəri-əzələ kisəsi yoxdur.

Daxili quruluşu

[redaktə | mənbəni redaktə et]

Həzm sistemi üç hissədən ibarətdir. Ağız ən uca yaxın fırlanan aparatın kirpiki tacları arasında, qarın tərəfdə yerləşir. O ağız boşluğuna, ağız boşluğu isə getdikcə genişlənib əzələvi udlağa keçir. Udlağın divarlarında yerləşən iki cüt möhkəm dişcikli xitin lövhədən ibarət çeynəyici aparatı vardır. O bir cüt çəkiccik və bir cüt zindancıqdan ibarətdir. Rotatorilərin qidasını əsasən qamçılılar və birhüceyrəli yosunlar təşkil edir. Rotatorilərin mədəsində qida çox az müddətdə qalır. Qidanın tutulduğu andan defekasiyaya qədər 2-dən 20 dəqiqəyə qədər vaxt keçir. Sinir sistemi - nisbətən sadədir. Bir udlaqüstü sinir düyünündən və ondan hər tərəfə gedən sinirlərdən ibarətdir. Digər sinirlərdən xeyli böyük olan iki sinir beyindən arxaya doğru, bağırsağın yan tərəfləri ilə bədən boyu ayağa qədər uzanır. Rotatorilərdə hiss orqanları rolunu çıxıntılar yerinə yetirir Onlardan ikisi qarında, biri isə beldə tək olur. Əksər rotatorilərdə bir cüt və ya yalnız bir göz olur. Gözlər bilavasitə udlaqüstü düyündə və ya onun üstündə yerləşir. Göz bir olduqda o, piqment qədəhlərinin qabarıq tərəfləri ilə qarşı-qarşıya duran iki gözcüyün birləşməsidir. Rotatorilərdə ''qan-damar''tənəffüs sistemi yoxdur. İfrazat sistemi protonefridial tipdədir. Bağırsağın yanlarında, bədən boşluğunda iki zəif şaxələnmiş kanal vardır. Onlar kloakaya açılır. Kanallardakı şaxələrin ucları qapalı olur. Şaxələrin sayı 4-dən 50-yə qədər olur. Cinsi sistem - Rotatorilər ayrıcinslidir və cinsi dimorfizmlə fərqlənirlər. Dişilər erkəklərdən daha çox təsadüf olunur. Yumurtalıq iki hissəyə bölünmüşdür. Erkəklər dişilərdən nisbətən kiçikdir, onların bağırsağı reduksiya etmişdir. Erkəklər mayalanmadan dərhal sonra ölür. Erkək cinsi sistem yeganə toxumluqdan ibarətdir.[4]

Həyat dövriyyəsi və inkişafı

[redaktə | mənbəni redaktə et]

Rotatorilərin həyat dövriyyəsi əsl cinsi nəslin partogenetik nəsil ilə növbələşməsindən ibarətdir. Heteroqoniya xarakteri daşıyır. Qışlamış yumurtadan yazda partogenetik dişilər çıxır, onlar isə partogenetik dişilərə başlanğıc verir. Partogenetik dişi nəsillərindən biri indiyə qədər qoyulmuş yumurtalardan həcmcə 2-3 dəfə kiçik yumurtalar qoymağa başlayır. Yumurtalardan tezliklə dişi nəsil çıxır və tezliklə cinsi nəslin dişiləri ilə cütləşir. Partogenetik yol ilə erkəkləri törədən dişilər cütləşmədən sonra xüsusi mayalanmış yumurtalar əmələ gətirir. Onlar iridir, bir neçə xüsusi möhkəm təbəqə ilə örtülüdür və sakitlik dövrü keçirir. Mayalanmış yumurtalar gələcəkdə partogenetik dişilərin ilk nəslini verir. Rotatorilərin dövrülüyü bir çox növlərdə, çoxalmanın xarakteri ilə əlaqədar olmayan mövsümi səbəblər üzündən dəyişilir. Rotatorilərin erkək fərdlərində regenerasiya qabiliyyəti vardır.

Rotatorilər kosmopolit heyvanlardır.Əksər rotatorilər şirin sularda yaşayır və onlar dib və plankton formalara bölünür. Dibdə yaşayan rotatorilər əksər hallarda suyun dibində sürünür və ya üzür, oturaq növləri də vardır. Tipik plankton rotatorilərdə heyvanın bədən səthini böyüdən müxtəlif tipli çıxıntılar vardır. Şirinsu rotatoriləri daha iri şirinsu orqanizmləri üçün qida mənbəyi kimi mühüm rol oynayır. Dəniz rotatoriləri nisbətən azdır. Quru, eləcə də bəzi su rotatoriləri məhv olmadan tamamilə quruyana qədər dözürlər. Bu zaman onlar anabiotik vəziyyətə düşür, lakin ehtiyatla islatdıqda dirilirlər. Rotatorilərin dirilməsi ilk dəfə 1701-ci ildə Levenhukk tərəfindən kəşf edilmişdir. Bundan əlavə, qurumuş rotatorilər 4 saat ərzində -270 °C-yə qədər aşağı temperatura və 5 dəqiqə ərzində +100 °C-yə qədər yuxarı temperatura dözə bilir.

Rotatorilərin əmələ gəlməsi haqqında müxtəlif fərziyyələr mövcud olmuşdur. Uzun müddət Rotatoria-ların Polychaeta-ların sürfəsi olan troxofor oxşarlığı əsasında olan həlqəvi qurdların neotenik sürfələri hesab edirdilər. Rotatoria qrupunun təkamül yolu isə düzbağırsaqlı turbellarilərdən başlanır. Rotatoria-ların turbellarilərlə yaxınlığının onlarda protonefridinin primitiv quruluşu və ağızın qarın tərəfdə yerləşməsi sübut edir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Onlardan Xəzər dənizində 67 növü qeyd edilmişdir, əsasən Volqa çayının dənizə tökülən hissəsində rast gəlinir. Onları dənizə çay axını gətirir. Platyas quadricornis, Platyas patulus və s. əsasən şirin sularda, bəzi növləri isə Xəzərin dayaz və duzluluğu az olan yerlərində yaşayırlar. Şortəhər sularda yaşayan Trichocersa caspisa kimi növlər Xəzər dənizinin endemik rotatoriləridir.

Araz su anbarının zooplanktonunda 38 növ rotatori yayılmışdır1 [5]. Növmüxtəlifliyinin zənginliyi bir tərəfdən sututarın ekoloji-coğrafi vəziyyəti, digər tərəfdən isə rotatorilər faunasının ətraflı öyrənilməsi ilə bağlıdır. Son məlumatlara görə, Mingəçevir su anbarında cəmi 15 növ rotatorinin yayıldığı müəyyən edilmişdir [6].

  1. Dogel. Onurğasızlar zoologiyası. Bakı: 2007.
  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Ruggiero M. A., Gordon D. P., Orrell T. M., Bailly N., Bourgoin T., Brusca R. C., Cavalier-Smith T., Guiry M. D., Kirk P. M. A Higher Level Classification of All Living Organisms (ing.). // PLOS ONE / PLOS ONE Editors PLoS, 2015. Vol. 10, Iss. 4. P. e0119248. ISSN 1932-6203 doi:10.1371/JOURNAL.PONE.0119248 PMID:25923521
  3. Bəhlul Ağayev, Zülfiyyə Zeynalova. Onurğasızlar zoologiyası. Bakı: 2008.
  4. Dogel, Onurğasızlar zoologiyası, Bakı-2007
  5. Bayramov A.B., Məhərrəmov M.M. Araz su anbarının hidrofaunası. Naxçıvan: Əcəmi, 2017, s. 43-109.
  6. Əhmədov İ.Ə. Mingəçevir su anbarının zooplanktonu. Son beşillik (2001-2005-ci illər) tədqiqatın nəticələri // Zoologiya İnstitutunun əsərləri. XXVIII bur., Bakı: Elm, 2006, s. 181-190.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]