Rusiya–Suriya münasibətləri — Rusiya Federasiyası və Suriya arasındakı mövcud ikitərəfli münasibətlər.
Rusiya–Suriya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Rusiyanın Dəməşq şəhərində, Suriyanın isə Moskva şəhərində səfirliyi fəaliyyət göstərir. Bir çox ərəb dövlətlərində "Ərəb baharı" baş verənə qədər Rusiya ilə Suriya arasında tarixən möhkəm, stabil və dostluq əlaqələri olmuşdur.[1] Rusiyanın Aralıq dənizində yerləşən yeganə hərbi dəniz bazası Suriyanın Tartus limanında yerləşir.[2]
Sovet İttifaqı ilə Suriya arasında diplomatik əlaqələrin əsası 1944-cü ilin iyul ayında qoyulmuşdur. 1946-cı ilin fevralında SSRİ ilə Suriya arasında fransız qoşunlarının Suriya ərazisindən təxliyə olunması zamanı Sovet dəstəyi ilə bağlı müqavilə imzalanmışdır.[3] Təxliyə 1946-cı ilin aprel ayında başa çatmışdır. 1971-ci ildə Suriya Prezidenti Hafiz Əsəd tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən Tartus hərbi dəniz bazasını Sovet Ordusunun tabeliyinə vermişdir.[4] 8 oktyabr 1980-ci ildə hazırda da qüvvədə olan Suriya və Sovet İttifaqı arasında dostluq və əməkdaşlıq barədə müqavilə imzalanmışdır.[5][6] Bu müqavilə böhran zamanı tərəflərin birgə hərəkətini və hərbi əməkdaşlığı nəzərdə tuturdu.[7] 1992-ci ilin yanvarında Suriya hökuməti Rusiya Federasiyasını SSRİ-nin qanuni davamçısı kimi tanımışdır.
Rusiya 2011 və 2012-ci illərdə BMT Təhlükəsizlik Şurasında özünün veto hüququndan istifadə edərək Suriya hökumətinə qarşı hər hansı bir sanksiya və ya birbaşa hərbi müdaxiləyə mane olmuşdur.[8] 30 sentyabr 2015-ci ildə Rusiya Suriya vətəndaş müharibəsində aktiv iştirakçıya çevrilmişdir. Müharibə ərzində Rusiya Silahlı Qüvvələri Əsəd hökumətini dəstəkləmiş, həmçinin terrorçu qruplaşmalara və Azad Suriya Ordusunun mövqelərinə aviasiya zərbələri endirmişdir.[9]
1893-cü ildə Rusiya İmperiyası Osmanlı dövlətinin tabeliyi altında olan Suriyanın Dəməşq şəhərinə konsul təyin etmişdir. Rusiya İmperiyasının süqutu və SSRİ-nin yaranması ilə birlikdə bu konsulluq fəaliyyətini dayandırmışdır. Sovet İttifaqının regionda siyasi rol oynamamasına baxmayaraq, 1924-cü ildə Suriya-Livan Kommunist Partiyasının yaradılmasında iştirak etmişdir.[10]
İkinci dünya müharibəsi başa çatdıqdan sonra Sovet hökumətinin Yaxın Şərqlə bağlı planları dəyişmiş və regionda əsas güc olmaq istəyi artmışdır. 1946-cı ildə SSRİ ilə Suriya arasında imzalanmış müqaviləyə əsasən Sovet İttifaqı Suriya Ordusunun təşkil olunmasında və təchizatında əsas rola sahib idi. 17 aprel 1946-cı ildə sonuncu fransız qoşunları Suriya ərazisini tərk etmişdir. Soyuq müharibə ərzində Suriya hökuməti SSRİ-nin yanında olmuş və Qərb dövlətlərinə qarşı mövqe nümayiş etdirmişdir.[11]
25 fevral 1954-cü ildə baş vermiş hərbi çevrilişdən sonra BƏƏS Partiyası Suriya siyasətində öncül rol oynamağa başlamışdır.
1955–1958-ci illər aralığında Sovet İttifaqı Suriyaya 294 milyon ABŞ dolları həcmində hərbi və iqtisadi yardım göndərmişdir.[10]
1970-ci ildə Suriyada baş vermiş hərbi çevrilişdən sonra Hafiz Əsəd hakimiyyətə gəlmiş və SSRİ ilə mövcud əlaqələr daha da inkişaf etdirilmişdir. Əsədin prezidentliyi dövründə minlərlə Suriyalı hərbçi və mütəxəssis Rusiyada təhsil almışdır.[12]
10 iyul 2000-ci il tarixində Suriyada keçirilən prezident seçkilərində səslərin əksəriyyətini toplayan Bəşər Əsəd hakimiyyətə gəlmişdir.