Rusiya Azad Həmkarlar İttifaqları Federasiyası

Rusiya Azad Həmkarlar İttifaqları Federasiyası (rus. Федера́ция незави́симых профсою́зов Росси́и - ФНПР) — Rusiya Federasiyasının milli həmkarlar ittifaqları təşkilatlarından biri; ölkə əməkçilərini cəmləşdirən ən irimiqyaslı təşkilatdır[1] Mərkəzi ofisi ölkənin paytaxtı olan Moskva şəhərində yerləşir.

Rusiya Azad Həmkarlar İttifaqları Federasiyası
ФНПР
rus. Федера́ция незави́симых профсою́зов Росси́и
Növü Həmkarlar ittifaqı
Yaranma tarixi 23 mart 1990
Rəsmi dili rus dili
Mərkəzi Moskva
Sədr Mixail Şmakov
fnpr.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Federasiya 23 mart 1990-cı ildə yaranmışdır.

1998-ci ildəki tətil

Federasiya çox nadir hallarda kollektiv tədbirlərə əl atır. Onun tarixi ərzində bir neçə təşkil etdiyi bir neçə tətil olmuşdur ki, adətən milyonlarla Rusiya vətəndaşı bu tətillərin iştirakçısı olmuşdur. Belə tətillərdən biri 1998-ci ildə iqtisadi islahatlara, digəri 2004-cü ildə insanların sosial hüquqlarının əzilməsinə qarşı, 2007-ci ildə isə layiqli əmək tələbi ilə keçirilib.

Federasiyanın hazırkı prezidenti Mixail Şmakov[2]

Federasiya cəmiyyətdə layiqli əməyin bərpa olunması istiqamətində çoxsaylı işlər görür.

Təşkilatın 2011-ci ilin yanvar ayında keçirilmiş VII qurultayında "Layiqli əmək – insan rifahının və ölkə inkişafının əsas təminatçısıdır" adlı proqramın yerinə yetirilməsi təsdiqlənmişdir. Bu proqram Federasiyanın əməkhaqqı ilə bağlı vəzifələrini təyin edir. Yəni aşağıdakı bir sıra məsələləri əhatə edir[1]:

  • Rusiyada maaşın Avropadakı orta əməkhaqqı səviyyəsinə çatdırılması;
  • iş qabiliyyətli əhalinin məşğulluğunu;
  • təhlükəsiz iş şəraitini;
  • layiqli təqaüdü təmin etmək;
  • dövlət sosial sığortalarına riayət olunmasının gedişatını nəzarətdə saxlamaq;
  • əməkçilərin həyat səviyyəsini qaldırmaq.

Federasiya sosial-əmək sahələrini əhatə edən federal və regional qanunların icrasını fəal şəkildə həyata keçirir. Bununla yanaşı, ölkə qanunvericiliyinə, orada edilən dəyişikliklərə geniş şəkildə müdaxilə edir və təsir göstərir. Rusiya Federasiyasının Əmək Məcəlləsində aparılan təkmilləşmə prosesində təşkilatın aparıcı rolu olmuşdur. Bu işlə xüsusi olaraq Federasiyanın Dövlət Dumasında səlahiyyətli nümayəndə qrupu məşğul olur.[1]

Qlobal maliyyə böhranı nəticəsində Rusiyanın istehsalat sahəsi kifayət qədər zəifləmiş və əhalinin gəliri gözəçarpacaq dərəcədə azalmışdı. Federasiya mövcud olan durumu aradan qaldırmaq üçün hökumətə öz tövsiyələrini vermişdir. Təşkilatın siyasətinin məqsədəuyğun olduğunu görən hökumət antikrizis proqramına Federasiyanın verdiyi bütün tövsiyələri daxil etmişdir. Nəticədə Rusiyada bir müddət hökm edən iqtisadi böhran aradan qaldırıldı.[1]

Federasiya ölkədə əmək münaqişələrinin həll olunmasında fəal iştirak edir. Bunun üçün qurumun hüquqşünasları məhkəmədə müdafiə etdiyi tərəfin maraqlarını hüquqi baxımdan tam qorumaq üçün zəruri işləri həyata keçirirlər.[1]

Federasiya öz strateji kursunu sosial partnyorluq mexanizmi ilə sıx əlaqələndirir. Yəni müəssisələrdə baş kollektiv sazişin və üçtərəfli müqavilələrin bağlanmasını öz işində əsas tutur. Demək olar ki, quruma üzv olan bütün ilk təşkilatlarda baş kollektiv müqavilə bağlanıb.[1]

Federasiya həm özəl, həm də dövlət sektorunda fəaliyyət göstərən işçilərin daha çox təmsil olunduğu bir təşkilat kimi tanınıb.

Federasiyanın tərkibində 46 həmkarlar ittifaqı fəaliyyət göstərir. Bundan başqa 78 ərazi və sahə üzv təşkilatı bu quruma tabedir. 2013-cü ildə təşkilatın 22 milyon[3] üzvü olmuşdur ki, bu da bütün Rusiya Federasiyası üzrə həmkarlar ittifaqları üzvlərinin 95 faizi deməkdir.[1]

Federasiyanın hazırkı prezidenti Mixail Şmakovdur. O, bu təşkilata 1993-cü ildən rəhbərlik edir. Şmakov eyni zamanda Pan-Avropa Regional Şurasının da prezidentidir.[1]

Qurumun əsas icraedici orqanı Qurultaydır. Qurultaylararası dövrdə altı aydan bir rəhbərlik Ali Şura çağırır. İldə bir neçə dəfə İcraiyyə Komitəsinin iclasları keçirilir.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 Afaq HÜSEYNOVA. Rusiya Azad Həmkarlar İttifaqları Federasiyası Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. "Ülfət" qəzeti, 17.08.2013.  (az.)
  2. Председатель Федерации независимых профсоюзов России Михаил Шмако Arxivləşdirilib 2022-01-25 at the Wayback Machine. kremlin.ru, 13.04.2015  (rus.)
  3. "История". Федерация Независимых Профсоюзов России. 2014-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • fnpr.ru — Rusiya Azad Həmkarlar İttifaqları Federasiyasının rəsmi saytı