Qafqaz Diyar Komitəsi — Rusiya Kommunist (bolşeviklər) Partiyasının (RK(b)P) Cənubi və Şimali Qafqaz bolşevik təşkilatlarına rəhbərlik edən orqanı.
Rusiya Sosial Demokrat Fəhlə (bolşevik) Partiyası Qafqaz təşkilatlarının 1-ci qurultayında (Tiflis, 1917, 2–7 (15–20) oktyabr) yaradılmışdı. Oktyabr çevrilişindən (1917) sonra Cənubi Qafqazın Rusiyadan ayrılması əleyhinə çıxış etmiş və Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) Xalq Komissarları Soveti hakimiyyətinin tanınması tələbini irəli sürmüşdü. Zaqafqaziya komissarlığını tanımaqdan və Zaqafqaziya seyminin işində iştirakdan imtina etmişdi. QDK Qafqazda sovet hakimiyyəti qurulmasına bilavasitə rəhbərlik edirdi. 1919-cu ilin mayında QDK tərəfindən hazırlanan və Bakıda keçirilən RK(b)P 2-ci cənubi Qafqaz konfransında "Müstəqil Sovet Azərbaycanı uğrunda" şüarı qəbul olunmamışdı. Lakin mayın sonunda QDK bu şüarla razılaşmışdı. Komitənin Bakı bürosu Azərbaycan Kommunist Partiyasının yaradılması təklifi ilə çıxış etmişdi. Məsələnin müzakirəsi RK(b)P Mərkəzi Komitəsinə verilmişdi. 1919-cu ilin avqustu-1920-ci ilin yanvarında RK(b)P MK siyasi bürosu və təşkilat bürosu, Lenin başda olmaqla, Qafqazda partiya və milli quruculuq məsələsini 8 dəfə müzakirə etmiş, QDK-nın rəhbərliyi ilə Azərbaycanın, Ermənistan və Gürcüstan kommunist partiyalarının yaradılmasına razılığını bildirmişdi. S. Şaumyan, A. Ş. Mikoyan, A. A. Bekzadyan, I. Anaşkin, S. Buaçidze, P. Caparidze, F. Maxaradze, M. Hüseynov, D. Bünyadzadə və başqaları müxtəlif vaxtlarda QDK-nın üzvü olmuşlar. 1920-ci ilin fevralında Azərbaycan Kommunist (bolşeviklər) partiyası yaradılmışdı. QDK Azərbaycanda və Gürcüstanda müstəqil milli hökumətlərə qarşı təxribatlar törədilməsinə, hərbi-siyasi kəşfiyyatın təşkilinə bilavasitə rəhbərlik edirdi. Komitə 1920-ci ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətini devirmək üçün silahlı üsyan haqqında məsələ müzakirə etmiş, yanvarın sonunda Bakı bürosunun qərarı ilə hakimiyyət çevrilişini təşkil etmək məqsədilə mərkəzi hərbi qərargah yaratmışdı. Nəticədə, 1920-ci il aprelin 28-də yerli bolşevik təşkilatlarının xəyanəti və 11-ci Qırmızı ordunun təcavüzü ilə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. RK(b)P MK-nın qərarı ilə 1920-ci ilin mayında QDK-nin fəaliyyəti dayandırıldı, MK-nın Qafqaz bürosu yaradıldı.[1]