II Dumanın buraxılmasından sonra III Dumaya seçkilər haqqında qanun verildi. Bu qanun Rusiya ucqarlarının Dumaya nümayəndələr göndərmək hüququnu xeyli məhdudlaşdırdı. Belə ki, əgər Bakı, Yelizavetpol və İrəvan quberniyalarının hər birinin əvvəlki Dumada 3 nümayəndəsi var idisə, indi bütün quberniyalar birlikdə ancaq iki nümayəndə seçə bilərdi, Tiflis quberniyası isə əvvəlki 4 deputat əvəzinə bir nümayəndəyə malik idi. Bütövlükdə isə Qafqazdan əvvəlki 28 deputatın əvəzinə 10 nümayəndə seçilməsi nəzərdə tutulurdu.
Məhdudiyyətlər cəmiyyətdə narahatlığa səbəb oldu. "Kaspi" qəzeti yazırdı: "Elə eləmək lazımdır ki, Dumaya gedəcək on deputat əvvəlki 28 nəfərə bərabər olsun..."[1]
1907-ci il iyunun 3-də Dövlət Dumasına seçkilər haqqında təsdiq edilmiş "Əsasnamə"nin 25-ci maddəsində göstərilirdi ki, Bakı, Yelizavetpol və İrəvan quberniyaları üçün ümumi olacaq seçki məclisində seçkilərin keçirilməsinə nəzarət Yelizavetpol qubernatoruna həvalə edilir, seçki məclisi isə Yelizavetpol şəhərində çağırılır. Seçkilər nəticəsində yuxarıda sadalanan quberniyaların müsəlman əhalisindən III Dövlət Dumasına seçilən deputat Xəlil bəy Xasməmmədov oldu.[2]
III Dövlət Duması 1907-ci il noyabrın 1-də açıldı. Onun bütün rəhbərliyi oktyabristlərdən ibarət idi.
N.A.Xomyakov sədr seçildi, sonralar bu vəzifədə növbə ilə A.İ.Quçkov və M.V.Rodzyanko oldular. Bu, III Dumanın özündən əvvəlki dumalara nisbətən daha sağ mövqe tutacağını göstərirdı. X.Xasməmmədov dumanın səkkiz daimi komissiyasından bir neçəsinin-imperatora müraciətlər hazırlamaq, sorğular, köçürmə məsələsi və məhkəmə islahatları üzrə komissiyaların tərkibinə daxil idi.
X.Xasməmmədovun Duma fəaliyyəti, çıxışları, sorğuları, müxtəlif Duma materialları hazırlanmasında iştirakının təhlili sübut edir ki, o, yorulmadan Azərbaycan cəmiyyətinin müxtəlif imperiya instansiyalarına göndərilən petisiya, xahişnamə və müraciətlərindən toplanmış tələb və istəklərin həyata keçirilməsinə çalışırdı.
X.Xasməmmədovun 1907-ci il noyabrın 13-dəki iclasda II Nikolaya ünvanlanmış iki hissədən ibarət müraciətinə dair çıxışında qeyd edilirdi: "Mən, siyasi əqidəsi konstitusiyalı monarxiya olan qrupa mənsub bir adam kimi, bütünlüklə bu müraciətin birinci hissəsinə qoşuluram. Burada biz öz monarxımıza sədaqət və sevgi hissimizi bildirməliyik və əslində də bildirmişik, siyasi hissə haqqında isə mən eyni şeyi deyə bilmərəm". X.Xasməmmədov "Zaqafqaziya müsəlmanları" adından mülahizə yürütmək məsuliyyətini öz üzərinə götürərək deputatlara bildirdi ki, "Bizim dövlətimizin siyasi quruluşunun bu və ya digər adı qətiyyən vacib deyildir, bizim üçün daha vacibi bu siyasi quruluşun bizim tələbləri, bizim peşələri ödəyə biləcək məzmunudur".[3] Bununla 1905-ci il 17 Oktyabr manifestinin müddəalarının həyata keçirilməsi nəzərdə tutulurdu. X.Xasməmmədovun fikrincə, müraciətdə "köhnə Rusiya ilə yeni Rusiya arasında aydın deportasiya xətti qoyulmuşdur". Manifestdən sonrakı iki il ərzində "özgə millətlərin istəkləri aşağıdakılardan ibarət idi: tam vətəndaş azadlığı, bütün vətəndaşların siyasi və mülki hüquq bərabərliyi, əsl xalq nümayəndəliyi, hakimiyyətin qanuniliyi və xalq nümayəndələrinin dövlət qanun vericiliyi işlərində tam iştirakı". X.Xasməmmədov iki il ərzində müsəlmanların hüquqlarının rus əhalinin hüquqları ilə bərabərləşdirilməsi, onların maarifləndirilməsinin inkişafı və maddi rifah halının yüksəldilməsi üçün elə bir iş görülmədiyi üzərində də dayandı. O, öz çıxış ında köçürmə məsələsinə toxunaraq, Duma deputatlarını əmin etməyə çalışdı ki, "uzun müddət ərzində aztorpaqlılıqdan əzab çəkən" yerli kəndlilər torpaqla təmin olunduqları təqdirdə, "kim olursa olsunlar və harada yaşayırsa yaşasınlar, bütün Rusiya oğullarını öz ağuşlarına qəbul edəcəklər".
III Dövlət Dumasında Rusiya imperiyasının müsəlman ucqarlarından olan deputatlar vahid parlament fraksiyasında birləş mişdilər. Fraksiya 8 nəfərdən ibarət idi, onun xüsusi bürosu Duma deputatı olmasa da, fraksiyanın və bu Dumanın fəaliyyətində, qanun layihələrinin hazırlanıb təqdim edilməsində çox yaxından iştirak edən Ə.Topçubaşovun başçılığı altında işləyirdi.
Fraksiya xüsusi iclaslarını ana dilində ibtidai təhsil, Qafqazda zemstvo idarələrinin təsis edilməsi kimi məsələlər üzrə öz münasibət və mövqeyini işləyib hazırlamağa həsr etmişdi. Müsəlman fraksiyası dini etiqad, vicdan azadlığı məsələsinə böyük əhəmiyyət verərək, bu məsələ üzrə özünün xüsusi məruzəsini Dumanın müzakirəsinə təqdim etdi. Fraksiyanın fəaliyyəti bütün qanun layihələrinin müzakirəsində iştirak etmək, Duma iclaslarında vahid hərəkət xəttini işləyib hazırlamaq, məqsəd isə islahatlara nail olmaq idi.
X.Xasməmmədov öz çıxışlarında dəfələrlə vətəndaş azadlıqları və siyasi hüquqlar verilməsi, köçürmə məsələsinin qaydaya salınması, təhsil və məhkəmənin ana dilində aparılması, zemstvoların tətbiqi və s. ən vacib məsələlər üzərində dayanırdı. Onun çıxışlarından ən mühümü "Qafqaz sorğusu" adlandırılmış sorğuya aid olmuşdu. Qafqaz sorğusu ifrat sağların təşəbbüsü ilə Dumaya təqdim olunmuş, sağ oktyabrist çoxluğunun təkidi ilə gündəlikdən çıxarılmışdır.
X.Xasməmmədov, ilk növbədə, Qafqazda mövcud olan xalqların bir-birinə qarşı qoyulması hallarına diqqət yetirir, diyarda maarifin vəziyyəti üzərində dayanaraq qeyd edirdi ki, mövcud məktəblər yerli əhalini təmin etmir, çünki bunlarda təlim ana dilində aparılmır. Belə məktəblərin özü də son dərəcə az idi. Müsəlmanların yaşadığı yerlərdə hər 14 min nəfər sakinə, xristianların məskunlaşdıqları ərazilərdə isə hər 4 min nəfər sakinə bir ibtidai məktəb düşürdü.
Ali təhsilli müsəlmanlar orta tədris müəssisələrində pedaqoji fəaliyyətə buraxılmır, nazirin icazəsi olmadan vəkillik edə bilməzdilər. Şəhər əsasnaməsinin 44-cü maddəsi şəhər özünüidarə orqanlarında müsəlmanların sayını məhdudlaşdırırdı. Müsəlman ruhaniləri də məhdudiyyətlərə məruz qalırdılar. X.Xasməmmədov izah edirdi ki, bütün bunların nəticəsində müsəlmanlar mədəni baxımdan öz qonşularından geri qalmışlar.[4]
Diyarda ali hakimiyyət məsələsinə öz münasibətini bildirərkən X.Xasməmmədov belə hesab edirdi ki, hakimiyyət əhaliyə xeyirxah olmalı, millətləri ayırmaq yox, birləşdirməklə dövlətə məhəbbət toxumu səpməlidir. O, çarizmin köçürmə siyasəti barəsində dəfələrlə bəyan etmişdi ki, ancaq yerli əhali torpaqla təmin edildikdən sonra qalan torpaqlar köçürülmə üçün ayrıla bilər.[5]
X.Xasməmmədov bəzi qərarlara dəyişikliklər və əlavələr üzrə qanun layihəsi barədə torpaq komissiyası məruzəsinin müzakirəsindəki çıxışında kəndli torpaq sahibliyi, Rusiya imperiyasının qərb quberniyalarında zemstvoların yaradılması məsələsinə toxunaraq, Qafqazda da zemstvo tətbiq olunmasını təklif etdi. X.Xasməmmədov ibtidai məktəbdə ana dilində təhsillə əlaqədar olaraq, müəllimlərin hazırlanması problemi üzərində, onların təhsil ala bildiyi Qori və İrəvan seminariyalarının ucqarda yerləşməsi, bunlardakı vakansiya məhdudlugu üzündən müsəlmanların ehtiyaclarının ödəyə bilməməsi üzərində dayandı. Müəllimlərin Azərbaycandan kənarda hazırlanması ona gətirib çıxarır ki, gələcək müəllimlər nə milli ənənələrdən, nə tarixdən, nə adətlərdən xəbərdar olur, nə də əhali ilə ünsiyyətə girə bilirlər. Ona görə də o, Xalq Maarifi Nazirliyi qarşısında Zaqafqaziya seminariyasının türk-müsəlman şöbəsinin Gəncəyə köçürülərək, onun müstəqil seminariyaya çevrilməsi barəsində vəsatət qaldırır, müsəlmanlar üçün qadın müəllim seminariyasının açılması məsələsini irəli sürür, bir sıra məhdudiyyətlərə-ruhani müəssisələrinin lüzumsüz inzibati himayəsinə, məktəb şurası sədrinin və şura üzvlərinin yarıdan çoxunun mütləq xristianlardan olmasına qarşı etiraz edirdi. X Xasməmmədov dini etiqad azadlığını ən mühüm məsələ elan edərək, cümə günlərində və islam bayramlarında müsəlmanlara tam istirahət verilməsi barəsində də vəsatət qaldırırdı.
Parlaq zəkası və dərin hüquqi təhsili X.Xasməmmədova qanun layihələrinin geniş dairəsi üzrə, yerli məhkəmə islahatı, hərbi mükəlləfiyyətlər və s. haqqında layihələrin müzakirəsində çıxış etmək imkan verirdi. "Vətənin hər yerində bütün vətəndaşlar eyni hüquqlara malik olmalıdırlar" - bu onun bütün çıxışlarının leytmotivini təşkil edirdi. Onun arzu və ümidləri ancaq Dövlət Dumasının protokolları və stenoqrafik hesabatlarında qaldı. Belə ki, 1912-ci il iyunun 9-da çarın senata verdiyi fərmanına görə dumanın iclasları dayandırıldı.
"Prikaz" ("Əmr") qəzeti III Dumanın fəaliyyətini əvvəlki dumalarla müqayisə edərək yazırdı: "III Duma xalqa heç nə vermədi və verməyəcəkdir. O, bürokratiyanın əlində ancaq şirma (pərdə) idi. Əvvəlki dumalarda məna, fikir var idi. Hərçənd ki, o, müstəsna qüvvələrə malik deyildi, fikrin özü isə var idi".