Rusiya imperiyası II Dövlət Duması

Rusiya imperiyası II Dövlət Duması — 1907-ci il 20 fevraldan 2 iyuna qədər fəaliyyət göstərmişdir.

Rusiya imperiyası II Dövlət Duması
Ümumi məlumatlar
Əvvəlki orqan Rusiya imperiyası I Dövlət Duması
Sonrakı orqan Rusiya imperiyası III Dövlət Duması
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Gosduma-2 plan

Azərbaycanda II Dövlət Dumasına seçkilərin keçirilməsi

[redaktə | mənbəni redaktə et]

Çar hökuməti I Dövlət Dumasını qovaraq II Dumaya seçkilər elan etdi. Seçkilər 1907-ci ilin yanvar-fevral aylarında keçirildi. Seckilərdən bir qədər əvvəl "Partiyasız Müsəlman Bloku" meydana çıxdı. Bu blok əhali içərisində izahat işi apararaq onu Dumaya "müsəlmanların mənafelərinin müdafiəçilərini" seçməyə istiqamətləndirirdi.

Bakı bolşevikləri sol blok yaratmağa cəhd göstərirdilər.

1906-cı il noyabrın ortalarında RSDFP Bakı təşkilatı, "Hümmət" və Erməni sosial-demokrat təşkilatının ("Spesifiklər") Bakı Komitəsi arasında saziş bağlandı. Bu təşkilatların nümayəndələrindən birləşmiş sosial-demokrat seçki komissiyası təşkil olundu. Bu komissiyanın nəşr edib yaydığı bir sıra müraciətlərində seçki kampaniyasında məqsəd və vəzifələri, bolşeviklərin taktiki xətti, kütlələr qarşısında duran vəzifələrin həllində dumanın gücsüzlüyü izah olunurdu.

Bu bloka qarşı meydana çıxan "Torpaq və azadlıq"da eserlərin, daşnakların və "mütərəqqi" istiqamətli bəzi partiyasız burjua nümayəndələrinin mənafeləri üst-üstə düşürdü.

Bakı ərazisində seçkilərin gedişində sosial-demokrat bloku, daşnak və eserçi "Torpaq və azadlıq" kadetçilər və partiyasız müsəlman bloku arasında mübarizə gedirdi. Yelizavetpol quberniyasında seçki kampaniyasının gedişini yuxarı sosial təbəqələrin nümayəndələri müəyyənləşdirirdilər. RSDFP-nin Yelizavetpol təşkilatı əhaliyə seçkilərdə milli deyil, sinfi prinsipləri rəhbər tutmaq barəsində müraciətlə kifayətlənərək, seçkilərdə iştirak etmirdi.

Seçilən deputatlar

[redaktə | mənbəni redaktə et]

1906-cı ildə Rusiya II Dövlət Dumasına keçirilən seçkilərdə seçilən deputatlar:

  1. Fətəli xan Xoyski
  2. Xəlil bəy Xasməmmədov
  3. Mustafa Mahmudov
  4. Məhəmməd ağa Şahtaxtinski
  5. Zeynal Zeynalov

Azərbaycanlı deputatlar II Dövlət Dumasında

[redaktə | mənbəni redaktə et]

Azərbaycan cəmiyyəti yeni Dumaya böyük ümid bəsləyərək belə hesab edirdi ki, məhz, 20 fevralın "qismətinə ölkədə eyni dövrün hücum günü olmaq nəsib olmuşdur".[1] Azərbaycan cəmiyyəti inanırdı ki, rus deputatları I Dumada, xüsusilə Vıborq müraciətinin imzalanmasında Azərbaycan deputatlarının həmrəyliyini nəzərə alaraq bundan sonra onları daha yaxşı başa düşəcək və daha yaxından kömək edəcəklər.[2] Bakı və Yelizavetpol dumalarının qlasnıları II Dumanı təbrik edərək, onun ölkədə azadlıq və qayda-qanunların möhkəmlənməsi üçün zəruri təminatları yaratmaq sahəsində I Dumanın başladığı işi başa çatdıra bilməsini istəyirdilər.[3]

Azərbaycan deputatları müsəlman parlament fraksiyasına, F.Xoyski və X.Xasməmmədov isə onun bürosuna daxil oldular. Fraksiyanın əməli işlərində onun keçmiş lideri Ə.Topçubaşov fəallıq göstərirdi. O, dəfələrlə Peterburqa getmiş, bəzən isə müsəlman parlament fraksiyası və Ümumrusiya Müsəlman İttifaqı MK üzvlərinin Dumada müzakirə və qəbul olunan qanun layihələri, həmçinin sorğular üzrə fraksiyanın ümumi mövqeyini işləyib hazırlayan ümumi iclaslarına sədrlik etmişdi. Fraksiya Müsəlman İttifaqının göstərişlərini yerinə yetirərək, I Duma fraksiyasının siyasətini davam etdirərək, öz fəaliyyətində əsasən kadetlərin mövqeyində dayanmışdı.

Fraksiyanın ayrıca kitabça şəklində buraxılmış proqramında vətəndaşların hüquqları müəyyənləşdirilir, dövləti və dini quruluş, yerli özünüidarə, məhkəmə, xalq maarifi, maliyyə və dövlət iqtisadiyyatı, kəndli və fəhlə məsələsi üzrə müddəalar, fraksiyanın siyasi məqsəd və vəzifələri şərh olunurdu. Fraksiya Rusiyanın bütün müsəlman vətəndaşlarını, siyasi əqidə üzrə həmfikirlərini Rusiya imperiyasının idarəçilik quruluşunu yenidən qurmaq üçün səy göstərməyə çağırırdı. Ali dövlət hakimiyyətinin hüquqları konstitusiya ilə məhdudlaşdırılmış monarxa və "ümumi, birbaşa və gizli səsvermə" yolu ilə seçilmiş xalq nümayəndələrindən ibarət birpalatalı xalq nümayəndəliyi orqanına — Ümumrusiya Dövlət Dumasına və ya Ümumrusiya Palatasına verilən konstitusiyalı parlament monarxiyası məqbul dövlət forması sayılırdı. Fraksiya Rusiyanın müsəlman əhalisinin sayını müəyyənləşdirmək, Dumada onlara verilən yerlərin sayını, müsəlman əhalinin sayını müvafiq olaraq təyin etmək məsələsini qoyurdu. Proqramda həmçinin Azərbaycan cəmiyyətinin dəfələrlə təqdim etdiyi petisiyaların müddəalarına müvafiq gələn tələblər-siyasi və mülki hüquqlar baxımından müsəlmanların Rusiya imperiyasının qalan əhalisi ilə bərabərləşdirilməsi, bu hüquqların imperiyanın əsas qanunlarına daxil edilməsi, icbari, ümumi və pulsuz ibtidai təhsil tətbiq olunması, ana dilində təhsilin təmin edilməsi, seçkili hakimlər və andlı iclasçılar məhkəməsi institutunun yaradılması, dövlət dili ilə yanaşı, imperiyanın mövcud vilayətində üstünlük təşkil edən xalqın dilinin bütün yerli nümayəndəli orqanların və ümumi məhkəmələrin dili kimi tanınması və s. tələblər var idi. Proqram aqrar siyasət sahəsində sahibkarlara ədalətli qiymətlərlə haqq verilməsi şərti ilə torpaqların özgəninkiləşdirilməsi haqqında kadetçi tələbi də özündə əks etdirirdi. Məhz elə bu tələb müsəlman deputatları arasında da mübahisə obyektinə çevrildi. Özlərini kəndlilərin nümayəndələri sayanlar ilk növbədə fraksiyanın başlıca məsələni-aqrar məsələnin müzakirəsini ləngitməsindən, konkret olaraq "torpaqların məcburi surətdə özgəninkiləşdirilməsinə" tərəfdar çıxmağa tələsməsindən narazı idilər. Fraksiyanın Z.E.Zeynalov da daxil olmaqla bir neçə üzvü bildirirdilər ki, "aşkar kadetlər" və kadet proqramına qoşulan deputatların sosialistlərlə birgə işinin məhsuldarlığına inanmırlar.[4] Onlar əməkçi müsəlman fraksiyasından ayrılmaq və Dumanın əməkçi qrupuna birləşmək qərarına gəldilər. 1907-ci ilin aprel-may aylarında Z.Zeynalov vs T.Xasanov Peterburqda "Duma" adında qəzet buraxaraq, oxucularını fraksiyanın Dumada müzakirə olunan məsələlərə münasibətilə mümkün qədər ətraflı surətdə tanış etməyə cəhd göstərmişdilər.

Özlərini "Sol gənc türk partiyası"na mənsub elan etmiş F.Xoyski və X.Xasməmmədov da fraksiyanın proqramını bütövlüklə qəbul etmədilər. Belə şəraitdə Müsəlman İttifaqının Mərkəzi bürosu müsəlman fraksiyası üzvlərinə ünvanladığı müraciətində "proqramı müəyyən çatışmazlıqlarını etiraf edərək, bütün müsəlmanları onun müddəalarını əldə rəhbər tutmağa çağırırdı".[5] Azərbaycanlı deputatlar Xalq azadlığı Partiyasından da Dumanın müxtəlif komissiyalarına seçildi. Məsələn, bu partiyanın duma fraksiyasının üzvü olan M.Şahtaxtinski milli-dini bərabərlik, yerli özünüidarəçilik, zemstvo idarələrinə seçkilər haqqında qanun layihəsinin hazırlanması, aqrar və kəndli məsələləri, kəndlilərin hüquq bərabərliyi, xalq təhsili və şəhər özünüidarəsi üzrə komissiyaların tərkibinə daxil olmuşdu.[6] X.Xasməmmədov və F.Xoyski milli-dini bərabərlik komissiyasının üzvləri idilər. Ən müxtəlif məsələlər üzrə azərbaycanlı deputatların çıxışları konkret təkliflərin hazırlanmasında onların iştirakının sübutudur. Məsələn, aclıqçəkənlərə və işsizlərə kömək haqqında məsələnin müzakirəsi zamanı Z.Zeynalov "trudovik"ləri müdafiə edən məruzə ilə çıxış etdi. O, aclıq çəkənlər və işsizlərə yardım göstərmək üçün vahid komissiya yaradılmasını təklif edərək, Dumaya bildirdi ki, seçicilər onu yola salarkən belə tapşırıq vermişdilər:"Bizə torpaq lazımdır, azadlıq lazımdır, çörək lazımdır, bizə iş lazımdır".[7] Tətilçiləri çörəklə təmin etmədən, aclıq çəkənlərə tox olmaq imkanı vermədən tətillərin qarşısını almağın qeyri-mümkünlüyü barəsində konkret dəlillərlə zəngin olan bu çıxış kadetlərin ancaq "sənaye böhranından" zərər çəkmiş işsizlərə kömək göstərilməsi təklifinə qarşı çıxan sosial-demokratların açıq-aşkar müdafiəsi kimi səslənirdi. Duma bu məsələ barəsində kadet qətnaməsinə düzəliş edərək, "sənaye böhranından zərər çəkənlərə" qeyd-şərtini oradan çıxardı.[8] İşsizlərə kömək komissiyasının üzvü seçilmiş M.Mahmudov "Proqress" qəzetində seçicilərə müraciət edərək, onları işsizlər və onlara zəruri olan köməyin miqyası barəsində məlumat verməyə çağırırdı.

Dumada müzakirə olunan əsas məsələlər

[redaktə | mənbəni redaktə et]

Dumada deputatların torpaq məsələsi üzrə mövqeyi sinfi və ziddiyyətli xarakter daşıyırdı. Bu məsələnin müzakirəsinə böyük əhəmiyyət verən müsəlman fraksiyası aqrar komissiyanın fəaliyyətində iştirak etmək üçün Bakıdan Ə.Topçubaşov, Q.Qarabəyov və B.Axundovu dəvət etmişdi.[9] Müzakirədə F.Xoyski bütün fraksiya adından çıxış edərək bildirdi ki, özgəninkiləşdirilmiş torpaqlar ümumdövlət torpaq fondunu deyil, hər bir konkret vilayətin hüdudlarında vilayət torpaq fondunu təşkil etməli, torpaqların bölünməsi və əhalinin seyrəldilməsi "ən demokratik prinsiplər üzrə təşkil olunmuş vilayət özünüidarə orqanlarının" ixtiyarına verilməlidir.

Aqrar məsələsini müzakirəsində Z.Zeynalov torpaq məsələsi üzrə müsəlman əməkçi fraksiyasının tələblərini irəli sürdü. O, Bakı quberniyası kəndlilərinin vəziyyətindən ətraflı danışaraq, bildirdi ki, kəndlilərin torpağı ən ucuz qiymətə də satın almaq imkanları yoxdur, torpağı onlara əvəzsiz, xüsusi sahibkar və s.torpaqlarını "məcburi özgəninkiləşdirərək bütün Rusiya vətəndaşlarına paylanacaq xalq fondu vasitəsilə vermək lazımdır". O, xüsusi mülkiyyətə, hər cür pulla alqı-satqılara qarşı çıxış etdi.

Müsəlman fraksiyasında qadınların hüquq bərabərliyi haqqında da məsələ qaldırılırdı. Fraksiya mollalar şurası və müsəlman dininin müxtəlif instansiyaları ilə çoxlu razılaşdırmalardan sonra belə bir nəticəyə gəldi: qadınlara seçki hüququ verilsin, ancaq seçkiqabağı yığıncaqlar ayrıca keçirilsin.[10] Peşəsi müəllim olan M.Mahmudov Dumanın xalq təhsili üzrə komissiyasının üzvü kimi xalq maarifi naziri tərəfindən təqdim edilmiş qanun layihəsi üzrə çıxış edərək diqqəti müsəlman müəllimlərin hüquqsuz vəziyyətinə yönəltdi. O qeyd etdi ki, müsəlman müəllimlər insan ləyaqətindən, xalq təhsili üzrə bu və ya digər vəzifəni tutmaq hüququndan məhrum edilmiş xüsusi bir təbəqəyə ayrılıblar, onların ana dilində danışmaq hüququ yoxdur, buna görə də onlar sıxışdırılır. M.Mahmudbəyov icbari ümumi ibtidai təhsil tələbi əlavə olunmaqla, qanun layihəsinin komissiyaya verilməsi barəsində kadetlərin təklifini müdafiə etdi.

Duma komissiyasının yerli məhkəmə haqqında məruzəsi peşəkar hüquqşünaslar F.Xoyski və X.Xasməmmədovun xüsusi marağına səbəb oldu. Onlar Rusiyanın bütün guşələrində məhkəmə islahatı olması, məhkəmənin yerli əhalinin dilində aparılması zəruriliyinə tərəfdar çıxdılar.[11]

  1. "Каспий", 9 февраля 1907 г
  2. "Баку", 16 июля 1906 г.
  3. Выборгский процесс. СПб., 1906, səh.21
  4. Выборгский процесс. СПб.,1906, səh.194,217,248
  5. "Каспий", 20 февраля 1907 г
  6. "İrşad", 27 fevral 1907-ci il
  7. "Каспий", 24 февраля 1907 г
  8. Прогресс, 1907, 21 марта.
  9. "Каспий", 7 апреля 1907 г
  10. "Каспий", 21 марта 1907 г.
  11. Д.А.Колесниченко. Трудовики в период первой российской революции. М., 1985, səh.216