Rusiya müsəlmanları türk-tatar millətlərinin hüquq müdafiə cəmiyyəti — Birinci dünya müharibəsi illərində Rusiya ilə Türkiyə arasında hərbi əməliyyatların başlanmasından az sonra Rusiyadakı müsəlman və türk xalqlarının mədəni və siyasi hüquq tələblərini beynəlxalq aləmə çatdırmaq məqsədilə Türkiyədə yaşayan, əslən Rusiyadan olan xadimlərin yaratdığı çox saylı təşkilatlardan biri.
Cəmiyyətin müəssisləri Əli bəy Hüseynzadə (Azərbaycanın) və Yusif bəy Akçura və Əbdürrəşid İbrahimov (Tatarıstan) olmuşlar. Cəmiyyətə, həmçinin, Məhəmməd Əsəd Cələbizadə (Krım) və Mukiməddin Beycan (Buxara) da daxil idilər. Bu heyət (Turan heyəti) Rusiya müsəlmanlarının hüquqlarını qorumaq və Mərkəzi Avropa dövlətlərinin hökumətlərinə anlatmaq məqsədilə 1915-ci ilin sonlarında İstanbuldan Avropaya getmişdi. Səfər Türkiyə hökuməti tərəfindən dəstəklənir və maliyyələşdirilirdi. Səfər zamanı Macarıstan, Avstriya, Almaniya və İsveçrədə görüşlər keçirilməsi nəzərdə tutulmuşdu.
1915-ci ilin sonlarında Ə.Hüseynzadə və Y.Akçura səfər edəcəkləri dövlətlərin rəsmi nümayəndələrinə və tanınmış siyasi xadimlərinə təqdim olunmaq üçün Cəmiyyət adından alman dilində "Rusiya müsəlmanlarının tələbləri" adlı kitabça buraxmışdılar. Memorandum xarakteri daşıyan sənəddə Rusiya müsəlmanları (türk-tatarlar) haqqında qısa məlumat verildikdən və statistik rəqəmlər gətirildikdən sonra bu xalqların siyasi və mədəni hüquqlarının tanınmasının vacibliyi qeyd edilirdi. Memorandumun siyasi tələblər hissəsində Buxara və Xivə xanlıqlarının hüquqlarının genişləndirilməsi, Kazan xanlığının, Osmanlı dövlətinin himayəsində Krım xanlığının bərpası, Vəlqa çayının neytralladırılması və s. məsələlər də öz əksini tapmışdı.
Macarıstanda hökumət başçısı Kont Tissa tərəfindən yüksək səviyyədə qəbul olunan nümayəndələr Budapeştdə siyasi xadimlərlə yanaşı, ziyalılarla da görüşmüş, yerli mətbuatda məqalələr çap etdirmişdilər.
Vyanada baş nazir Strork və xarici işlər naziri Forqax tərəfındən qəbul edilən nümayəndələr cəmiyyətin memorandumunun müdafiə olunmasını Avstriya hökumətindən xahiş etmişdilər. Nümayəndələr Almaniyadakı görüşlərə xüsusi əhəmiyyət verirdilər. Səfər zamanı Berlində və digər şəhərlərdə çox faydalı rəsmi görüĢlər keçirilmişdi. Berlindən sonra heyət İsveçrəyə getdi.
Cəmiyyətin beynəlxalq miqyasda ən səmərəli fəaliyyəti yalnız bitərəf ölkə olan İsveçrədə mümkün oldu. Çünki qarşı-qarşıya duran hərbi-siyasi koalisiyalardan birinin üzvü olan ölkələrdə fəaliyyət beynəlxalq ictimaiyyət tərəfındən soyuq qarşılana bilərdi və bu cür fəaliyyət həmin koalisiyanın hərbi-strateji xəttinin reallaşdırılması üçün cəhd kimi qiymətləndirilərdi. Digər tərəfdən, İsveçrədə mühacirətdə olan rus siyasi xadimləri ilə rəsmi görüşlər onlan bu tələblərə münasibətdə daha mülayim mövqe tutmağa vadar edə bilərdi.
Əli bəy Hüseynzadə və Yusif bəy Akçura 1916-cı il iyunun 27-29-da Lozannada keçirilən "Rusiyada azlıqda olan (və əzilən) millətlərin konqresi"ndə də iştirak etmişdilər. Y.Akçura konqres iştirakçılarına paylanmaq üçün 1916-cı ildə Berndə "Rusiyadakı müsəlman türk-tatarların bugünkü vəziyyəti və istəkləri" adlı kitabça nəşr etdirmişdi. Diqqəti cəlb edən cəhət "Rusiya müsəlmanlarının mədəni muxtariyyətdən başqa bir istəkləri yoxdur" fikri idi. Rus sosialistlərini ehtiyatlandırmamaq üçün kitabçada siyasi hüquqlara toxunulmurdu. Y.Akçura İsveçrədə təhsil alan Əziz bəy ilə birlikdə Surixdo bolşeviklərin lideri V.İ.Ulyanovla (Lenin) görüşündə kitabçanı ona təqdim etmişdi. Lenin onları yaxşı qarşılayıb, diqqətlə dinləsə də, mövzu ilə bağlı hələlik qəti bir görüşü olmadığını bildirmişdi.
1916-cı ilin yanvarında türk xalqlarının Berlində keçirilən konqresində iştirak edən nümayəndə heyəti həmin ay Türkiyəyə qayıtdı. Rusiya müsəlmanlarının problemlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından heyətin fəaliyyəti faydalı olsa da, Avropa dövlətləri Rusiya müsəlmanlarının hüquqlarının müdafıəsi üçün konkret bir iş görmədilər.[1]