Rustavi FK

Metallurq RustaviGürcüstanın futbol klubu.

Rustavi FK
Loqonun şəkli
Ölkə Gürcüstan Gürcüstan
Yaranma tarixi 1948
Bağlama tarixi 2016
Stadionu Poladi Stadionu
Tutumu 10,720
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sovet vaxtında klub "Metallurq" (Rustavi) adı ilə çıxış edirdi, Gürcüstan müstəqillik qazanandan sonra klub müxtəlif vaxtlarda "Qorda" və FC Rustavi adı altında çıxış edib.

SSRİ çempionatlarında 1960-cı ildən bəri oynayan Rustavi komandası Zaqafqaziya bölgəsində "B" sinfində (daha sonra — 2-ci liqa) oynayırdı. Komanda stabil çıxış etmirdi — 1973, 1974, 1977–1979, 1982–1985 mövsümlərində ikinci liqadan da kənarda qalıb.

1983-cü ildə Rustavi "Metallurq"unda Azərbaycan futbolunun əfsanəvi siması Əsgər Abdullayev debüt etmişdi. O bu komandada çox az oynamışdı. Abdullayev qısa müddətdə Bakının "Neftçi" komandasına keçmişdi.

1986-cı ildən etibarən "Metallurq" (Rustavi) SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında çıxış edirdi. Komanda ev oyunlarının çoxunda qələbə qazanırdı. "Metallurq"un əzəli rəqibi "Kəpəz" idi. Bu komandaların iştirakı ilə keçirilən oyunlar həmişə maraqlı və dolu tribunalar önündə keçirdi.

20-ci əsrin 80-ci illərinin sonlarında Rustavi şəhərində yerli "Metallurq" və "Kəpəz" (Gəncə) Federasiya Kuboku uğrunda oyunda üz-üzə gəldi. Oyun gərgin epizodlarla yadda qaldı. Texnikada üstün olan qonaqlar oyunda üstünlüyü ələ aldılar və meydan sahiblərinin qapısına üç qol vurdular. Yerli komandanın azarkeşləri oyunda heç olmasa bir cavab qol vurulmasını istəyirdilər. Tribunalarda gərgin atmosfer hökm sürürdü, hakimlərin və qonaq oyunçuların ünvanına ağır sözlər və təhdidlər səslənirdi.

İkinci hissənin ortalarından başlayaraq meydan sahibləri oyunun gedişatını dəyişə bildilər. "Kəpəz"in qapısına üç qol vuruldu. 10 minlik stadionda inanılmaz atmosfer hökm sürürdü. Oyun heç-heçə bitəcəyi halda "Kəpəz" növbəti mərhələyə çıxacaqdı. Ev sahiblərinin hücumları ardı-sırası kəsilmir, qonaqlar çaşqın müdafiə olunurdu. Bəzən "Kəpəz" əks-hücumlar da edirdi, bununla da meydan sahiblərinə göstərirdi ki, daha bir qol vura bilər. Lakin daha tamaşaçılar qol görmədilər və oyun 3:3 hesabı ilə başa çatdı.

Oyun meydanda başa çatsa da, hadisələr meydandan kənarda davam etdi. Gərginlik son həddə çatmışdı. Yerli komandanın azarkeşləri qonaqların avtobusuna hücum etdilər, daş atdılar. Nəticədə avtobusun şüşələri sındı. Yalnız hüquq-mühafizə orqanlarının əməkdaşlarının müdaxiləsindən sonra "Kəpəz"in avtobusu stadion ərazisini tərk edə bildi.

"Metallurq" bu illərdə ən yaxşı nəticəni 1988-ci ildə, SSRİ çempionatının II liqasının X zonasında 3-cü yeri tutmaqla göstərdi. Komandanın baş məşqçisi o zaman Givi Nodia idi.

Komandanın veteranı Xviça Kasraşvili idi. Beşinci nömrə altında çıxış edən X. Kasraşvili eyni zamanda komandanın dəyişməz kapitanı idi.

1989-cu ildə Rustavi şəhərində "Metallurq" və Tbilisi "Dinamo"su arasında yoldaşlıq oyunu keçirildi. Rustavi təmsilçisinin bütün səylərinə baxmayaraq, komandaların "səviyyəsi" özünü göstərdi. Yüksək liqa təmsilçisi II liqa təmsilçisi olan "Metallurq"u 3:1 hesabı ilə məğlub etdi.

Həmçinin, 20-ci əsrin 80-ci illərinin sonunda "Metallurq" Rustavi şəhərində xarici klublarla iki yoldaşlıq oyunu keçirdi. Norveçin "Trömso" klubu ilə görüş 0:0 hesabı ilə başa çatdı. İsveçin AİK klubuna qarşı oyun isə Rustavi komandası üçün minimal hesablı məğlubiyyətlə başa çatdı. Adlı-sanlı rəqibə qarşı layiqli, hücum futbolu nümayiş etdirən "Metallurq" qarşılaşmanın ortasında İsveç komandasının qaradərili oyunçusunun uzaq məsafədən vurduğu zərbədən sonar qapısında qol gördü.

1990-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində SSRİ-İsveç oyunu (Olimpiya yığmaları) Rustavidəki stadionda keçirildi. Tbilisidə keçirilən SSRİ və İsveçin əsas komandalarının matçında olduğu kimi, Rustavidəki oyun da SSRİ-nin 1:0 hesablı qələbəsi ilə başa çatdı. Qeyd edək ki, həmin oyunda SSRİ yığmasının heyətində "Neftçi"nin oyunçusu İqor Ponomaryov da yer almışdı.

1990-cı ildən etibarən Rustavi təmsilçisi Gürcüstan çempionatında çıxış edib. 1990–1993-cü illərdə və 1998–2003-cü illərdə "Qorda", 1993–1998-ci illərdə — "Metallurq" adı altında oynayıb. 2003-cü ildən komanda FC Rustavi adlanırdı.

2000-ci illərin ortalarında komanda faəliyyətini dayandırdı. Həmin dönəmlərdə "Tbilisi" FC Rustavi şəhərinə köçərək burada özünə baza qurdu və adını dəyişərək "Olimpi" (Rustavi) kimi çempionatda çıxışını davam etdirdi. Bir müddət sonra komanda yenidən "Metallurq" adını özünə qaytardı. Lakin bu, əvvəlki komandanın xələfi deyildi. Komanda yerli çempionatda uğurlu çıxış edərək müxtəlif vaxtlarda UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinədək irəliləyə bilib. Müxtəlif vaxtlarda UEFA Kuboku uğrunda mübarizəyə qatılıb.

• Mamuka Koridze

• Kaxaber Aladaşvili

• Quram Vasadze

• Avtandil Kapanadze

• Tariel Kapanadze

• Xviça Kasraşvili

• Varlam Kilasonia

• Giorgi Kilasonia

• Levan Kobiaşvili

• Alan Kulumbeqov

• Nuqzar Lobjanidze

• Tamaz Metreveli

• Vasil Mikaşavidze

• Mamuka Pantsulaya

• Giorgi Siçinava

• Koba Xarçilava

• Şota Xinçaqaşvili

• Djaba Tsiklauri

• Kaxaber Tsxadadze

• David Çaladze

• Zviad Endeladze

• Eduard Avakyan