Sünnə (ərəb. سُنَّة; hərf. xüsusi; misal) — müsəlman icmasında (ümmət) islam peyğəmbəri Məhəmmədin həyatından nümunələr verən ənənə.[1] Sünnə islam hüququnun (fiqh) Qurandan sonra ikinci mənbəyidir və onunla sıx bağlıdır. Ənənəçilər üçün Məhəmməd peyğəmbərin sünnəsinə əməl etmək müsəlmanın həyatının əsas məzmunudur. Müsəlmanların dini təhsilinin mühüm hissəsi sünnənin öyrədilməsidir. Heç bir islam hüquqşünası (fəqih) sünnədən kifayət qədər biliyə malik olmadıqda islam hüququ sahəsində nüfuz sahibi sayıla bilməz.[2]