Səlcuqşah bəyim

Səlcuqşah bəyim və ya Məhd-i Ulya (d.- ö. 12 noyabr 1489) - Uzun Həsənin birinci həyat yoldaşı, Sultan XəlilSultan Yaqubun anası, diplomat, XV əsr Ağqoyunlu tarixinin önəmli şəxslərindən biri.

Səlcuqşah bəyim
bayraq
Ağqoyunlu dövlətinin sultanı Uzun Həsənin 1-ci həyat yoldaşı, Sultan Yaqub və Sultan Xəlilin anası. Məhdi-Ulya
bayraq2
Şəxsi məlumatlar
Vəfat tarixi 11 noyabr, 1490
Vəfat yeri Qarabağ
Atası Kür Məhəmməd
Həyat yoldaşı Uzun Həsən
Uşaqları Sultan Yaqub, Sultan Xəlil, Yusif, Məsih

Səlcuqşah bəyimin doğum tarixi və yeri haqqında mənbələrdə hər hansı bir məlumata rast gəlinmir. Onun adından ilk dəfə Uzun Həsənin həyat yoldaşı kimi bəhs edilmişdir. Onların izdivacı Uzun Həsənin 15 yaşı olarkən baş vermiş, ilk xanımı olduğu üçün Uzun Həsən tərəfindən digər xanımları arasında yeri fərqli olmuşdur.[1] Səlcuqşah bəyim Uzun Həsənin əmisi Məhəmməd Mirzənin qızıdır. Woods bu evliliyin Sultan Xəlilinin anadan olmasından bir neçə il əvvəl yəni 1440-1441-ci illərdə baş tutduğunu qeyd edir.[2] Xoca Sadəddin "Tacüt Təvarix" adlı əsərindən Səlcuqşah bəyimdən "Uzun Həsənin ən sevdiyi xanımı" kimi bəhs etmişdir. Onların Xəlil, Yusif, Yaqub və Məsih adında 4 oğlu varidi.[3]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Alman tarixçi Hinz Səlcuqşah bəyimdən bəhs edərkən onun dövlət işlərində nə qədər təsirli rolunu, Uzun Həsən divanına qatılmasını, dövlətin daxili və xarici siyasətində yaxından iştirakını xüsusi vurğulayır. O, hətta dövlət məsələlərindən iştirak edə bilmək üçün həcc səfərini də təxirə salmışdı. Lakin onun bu fəaliyyəti birmənalı qarşılanmamışdı. Belə ki, saraydakı nüfuzlu şəxslər onu "Sırtlan Xatun", "Gəzənd Xatun" kimi nifrət dolu sözlərlə adlandırmışdılar. İbrahim Gülşəni özünün “Mənaqibi Gülşən” adlı əsərində Səlçuqşah bəyim və digər xanımların divan qərarlarının qəbul edilməsindəki yaxın fəaliyyətlərini tənqid etmişdir. Rəvayətə görə Təbriz qadısı Qadı Şərəfüddin divanın aldığı bir qərarla bağlı İbrahim Gülşəninin yanına gəlib şikayətini bildirir. İbrahim Gülşəni onun haqlı olduğunu, Uzun Həsənin isə belə bir qərar almayacaq qədər ədalətli olduğunu söyləyir. Qadı isə Uzun Həsənin divanına gələrək fəryad edib deyir: ”Bu şəhərdə sultan iki nəfərdir? Sultanın nişanını kim yırtıb qırağa atıb?”[4]

Bu rəvayət dövlət işlərində Səlçuqşah bəyimin rolunu göstərən nümunələrdən biridir. Gülşəninin yazdığı bir başqa rəvayətə görə Səlcuqşah bəyim Sultan Xəlilin dul xanımının “adi bir insan” hesab etdiyi Hüseyn Çələbi ilə evləndirilməsinin qarşısını almaq üçün şahzadələrdən ibarət bir heyət toplayıb bu izdivacın həyata keçməsinə mane olmuşdur.

Ağqoyunlu taxt-tac mübarizələrində bilavasitə iştirak edən Səlcuqşah bəyim, xüsusilə Uzun Həsənim ağır xəstəlik dövründə öz nüfuzu ilə daxili və xarici siyasətdə həmçinin dövlət idarəsində bütün diqqətləri üzərində cəmləmişdi. Woods yazır ki, saraydakı ən güclü fraksiya məhz Səlçukşah bəyimin ətrafında toplanmışdı.[2] Müxalifətdə isə Uzun Həsənin digər xanımları Dövlətşah Buldukani ilə Dəspinə Xatun varidi. Uğurlu Məhəmməd ilə Maqsudun anaları olan bu sultanlar taxt mübarizəsində Uğurlu Məhəmmədi dəstəkləyirdilər.[5]

Əslində, keçmişdə Uzun Həsənin Osmanlı sultanı Fateh Sultan Mehmed ilə Otluqbeli döyüşündən (1472) əvvəl Səlcuqşah bəyimin Uzun Həsənin digər xanımının oğlu Uğurlu Məhəmməd əleyhinə bəzi fəaliyyətləri varidi. O, Otluqbeli döyüşü zamanı Uğurlu Məhəmməd ilə Uzun Həsən arasında münaqişəyə səbəb oldu.[6] Tehrani yazır: "Uğurlu Məhəmməd Osmanlı vəziri Mahmud paşaya hücum etmək üçün Uzun Həsənə xəbər göndərir. Uzun Həsən də həmçinin Osmanlı qoşununu təqib etmək istəyirdi. Lakin Səlcuqşah bəyim ona mane olur  və deyir ki, Uğurlu Məhəmməd ordu arasında şöhrət qazanmaq üçün rumları öz əli ilə məğlub etmək istəyir". Bu məsələni təsvir edən Tehrani Səlcuqşah bəyimi tənqid etmək məqsədilə “Sultan o sırtlanın (Səlçuqşah bəyim) sözünü qəbul etdi və Uğurlu Məhəmmədi geri çağırdı” deyə yazır.[6]

Buradan da anlaşıldığı kimi, Səlcuqşah bəyim Ağqoyunlu bəyləri üzərində təsirli bir rola malik idi, onun sözü dinlənilirdi.  Həsən bəy Rumlu Əhsənüt Təvarix əsərində daha da irəli gedərək Uzun Həsənin də Səlcuqşah bəyim tərəfindən boğularaq öldürüldüyündən şübhələndiyini dilə gətirir. O yazırdı: "Bu sətirlərin müəllifi (özü haqqında danışarkən) bəzilərindən bu sözləri eşitmişdi “Uğurlu Məhəmmədin başını Həsən Padişahın yanına gətirəndə Həsən Padişah xəstə idi. Bu xəbər onun üçün çox ağır idi əgər xəstəlikdən qurtulsam, onun qatillərindən qisas alacağam demişdi. Səlcquşah bəyim də bu sözdən qorxub onu boğaraq öldürdü."[7]

Uzun Həsənin Gürcüstan səfəri zamanı xəstələnməsi ilə Səlcuqşah bəyimə öz oğlu Sultan Xəlili taxta çıxarmaq üçün fürsət verdi. Çox keçmədən ölkədə Uzun Həsənin öldüyü və Uğurlu Məhəmmədin Azərbaycandakı hərbi elita tərəfindən taxta çıxarılması barədə şaiyələr yayılmağa başladı. Səlcuqşah bəyim oğlu Xəlili dərhal Şiraza, Ağqoyunlu sarayına çağırdı.[5] Aralarında Süleyman bəy Bicanın da olduğu bir qrup şəxs Uğurlu Məhəmmədi Ərzincan yaxınlığında tutub, öldürdülər. Hakimiyyət uğrunda mübarizədə heç bir maneəsi qalmayan Sultan Xəlil qardaşı Maqsudla birgə taxta çıxdı. Lakin Xəlil hakimiyyətə gələn kimi qardaşını edam etdirərək digər vəliəhdləri qorxuya saldı. O hətta anası Səlcuqşah bəyimi də generallar  Bayındır və Süleyman bəy Bican ilə birlikdə Diyarbəkirə göndərib öz tək hakimiyyətliliyini gücləndirdi.[8][9]

Sultan Xəlil Ağqoyunlu taxtına çıxdıqdan sonra ən böyük dəstəkçisi olan anası Səlcuqşah Bəyimi və Şahzadə Yaqubu özündən küsdürmüş, səltənət mənsublarını ətrafından uzaqlaşdırmış, nəticədə sarayda baş verən məmnuniyyətsizliyi öz rəiyyətinə də yansıtmışdı. Nəticədə ilk əvvəl oğlu Xəlili dəstəkləyən Səlcuqşah bəyim, Şərqi Anadolu bəylərini də öz ətrafında toplayaraq Sultan Yaqubun rəhbərliyi ilə üsyan başlatdı.[10]

1478-ci ildə Yaqub bəy Azərbaycan, İraq, Fars və digər şəhərləri tutmaq üçün qışlaqdan dağlıq ərazilərə hərəkət edərkən, Bayındır, Çepni, Duharlı kimi bəylər Yaqub bəyin yanına gələrək sədaqətlərini bildirib, onq hədiyyələr təqdim etdilər. Bismilin şərqindəki Pambıqlı çayına enərkən Səlcuqşah bəyimin xeyirli gəlişini və Bitlis qəsəbəsindən keçməsini dilədilər və Səlcuqşah bəyimə öz bağlılıqlarını bildirdilər. [10] Səlcuqşah burada məclis qurub bütün əmirlərin bağlılığını qəbul etdi. Səlcuqşah bəyim Yaqub bəyin müxalif olduğunu biləndə oğlunu niyyətindən döndərməyə çalışdı. Lakin sonralar Sultan Xəlilə elçi göndərərək itaətini, sədaqətini və üzrxahlığını bildirməklə həll yolunu tapdı. Xəbəri çatdırmağı Hacı Bəy Mosulluya tapşırsa da, elçi göndərildikdən qısa bir müddət sonra Sultan Xəlil və Mirzə Yaqub Xoyda görüşürlər. Sultan Xəlil bu yürüşdə (1478) məğlub oldu və taxtdan endi.[10]

Əslində, Yaqub bəyin müharibədə qalib gəlməsi və sultan taxtına yüksəlməsinin ən mühüm səbəblərindən biri, şübhəsiz ki, Səlcuqşah bəyimin Sultan Xəlillə ittifaqında yaranan çatlaqlaridi. Bunun nəticəsində Səlcuqşah bəyim iki oğlu arasında yaranan vəziyyəti nizamlamağa çalışsa da, sonradan Yaqub bəyin tərəfinə keçir və fütuhatçı ənənəsi ilə barışıq əldə edilir.[11]

Səlcuqşah bəyimin fəal rol oynadığı digər evlilik məsələsi də Ağqoyunlu divanında müzakirə edilən məsələlərdən biri idi. Bu hadisədə də Səlcuqşah bəyim fəal rol oynayır və evliliyə qarşı çıxır. Uzun Həsənin Ağqoyunlu torpaqlarında hökmranlıq etməsindən sonra Ağqoyunlu kəndxudaları, rəisləri və bəzi sipahilər Qaraqoyunluların ölmüş əsgərlərinin qızları və arvadları ilə evlənmişdilər. Onların arasında Cahanşahın əmisinin qızı ilə evlənən Ağqoyunli Səlim kəndxudanın evliliyi divanda müzakirə edilən bir problemə çevrilir. Ənənəyə əməl edilməməsi bəhanəsi ilə Səlcuqşah bəyimin  nikahın pozulması təklifi Ağqoyunlu divanını iki yerə böldü. Bu hadisələrdən sonra eşikağası Vəli ağa İbrahim Gülşəniyə müraciət edərək kömək istəyir. Gülşəni Sultan Yaquba məktub yazıb bildirir:" Sən ki Həsən oğlu Yaqubsan. Padşahların vəzifəsi ayrılıq salmaq deyil, Peyğəmbərimi buyurub ki, qadınların sözünə qulaq asın amma fikirlərinə müxaliflik edin. Sənə analıq edən xanım səni mülk əhlindən çıxarıb vəbala salmaq istəyir. Əgər dediklərinə əməl etsən sənin mülkündən çıxıb, getmək lazımdır."[12]

Sultan Yaqub onun məktubunu divanda oxutdurur və dediklərinə əməl edərək cütlüyü evinə göndərir. Həmçinin anası Səlcuqşah bəyimə də əmr edir ki, bundan sonra dövlət işlərinə müdaxilə etməsin.

Yenə Gülşəninin başqa bir tərcüməsində Sultan Yaqubun divan və idarəsində alimlərdən çox Səlcuqşah bəyim üçün ayağa qalxıldığını tənqid edərkən, onun divandakı təsirini də vurğulayır və qadınların siyasi məkanda nüfuzlu olmasına da tənqidi yanaşır. Belə ki, Səlcuqşah bəyimin alimlərdən, şeyxlərdən və dərvişlərdən üstün bir mövqedə olması, onun qərarlarına qulaq asılması və ona hörmət edilməsi danılmaz bir faktdır.[13]

Xarici siyasətdə də fəal olan Səlcuqşah Bəyim qonşu dövlət idarəçiləri tərəfindən hörmətlə qarşılanarkən, saraya gələn səfirlər arasında Səlcuqşah Bəyim üçün ayrıca elçi gətirənlər də varidi.

Xeyriyyəçilik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əslində xeyirxah biri kimi tanınan Səlcuqşah bəyim öz gəlirinin böyük bir qismini xeyriyyəçilik məqsədilə istifadə etmişdir. O, Təbriz məscidinin təmirinə 10000 dinar xərcləmiş, məscidə dəstəmaz üçün su gətirmiş, hündür günbəz tikdirmiş və hər tərəfi kirəmitlə örtülü hücrələr tikdirmişdir. Köhnə mehrabın yerinə bu məscidin içərisində hündür günbəz inşa edilmişdi. Selçukşah Xatun zaviyəsi Bayburtun Balahor kəndində özü tərəfindən tikdirilsə də, sonradan sökülmüşdür. Bu barədə dövrün torpaq sənədləri və vəqf qeydlərində məlumatlar öz əksini tapmışdır. O, sarayda nüfuzunun artması ilə bu işlərə daha çox önəm vermiş, yerli əhalinin hörmətini qazanmışdır.[14]

Səlcuqşah Begüm də təsəvvüf əhli ilə əlaqə saxlayır və onlara hörmət edirdi. Məsələn, Xəlvəti təriqətindən olan Dədə Ömər Rövşəni Ağqoyunlu sarayına gəlməzdən əvvəl Uzun Həsən və xanımı Səlcuqşah bəyimin rəğbətini qazanmışdı. Səlcuqşah bəyim, Cahanşahın həyat yoldaşı tərəfindən inşa edilən Müzəffəriyyə zaviyəsini Dədə Ömər Rövşəniyə vermək üçün hazırlatmışdı. Şeyx ölənə qədər burada yaşamışdır.[14]

Dədə Ömər Rövşəni Sultan Xəlil və Yaqub bəyin dövründə də həmin zaviyədə yaşamağa davam etmiş və onun Səlcuqşah bəyim tərəfindən Təbrizdə tikdirilən ibadətgahın qəbiristanlığında dəfn edildiyi deyilsə də bu barədə məlumatların doğruluğu məlum deyil. Səlcuqşah bəyim Xəlvəti təriqəti və üzvləri ilə yaxın olmuş, onlara dərin rəğbət bəsləmiş, təriqətin müridlərindən biri olmuşdur. Lakin sonradan saray və divan işlərində fəaliyyəti səbəbindən bu təriqətin üzvlərindən olan İbrahim Gülşəni ilə aralarında problemlər yaranmışdır.[14]

Səlcuqşah bəyimin H.890/M. 1490-1491-ci illərdə Qarabağ Arranı adlanan ərazidə vəfat etdiyi bilinən faktlardandır. Lakin onun necə ölməsi ilə bağlı mənbələrdə məlumatlar müxtəlifdir. Xunci İsfahani onun vəba epidemiyası zamanı xəstəliyə ilk yoluxanlardan olduğunu və bu səbəblə öldüyünü yazmışdır.[15] Bir digər tarixçi Həsən bəy Rumluya görə Səlcuqşah bəyim Uzun Həsənin Dəspinə Xatundan olan oğlu Məsih Mirzəni zəhərləmək məqsədlə zəhərli qaysı şərbət hazırlatmışdı. Lakin bu şərbəti səhvən oğlanları Yaqub və Yusifin içdiyini görüb kədərdən qalanını da özü içib zəhərlənib vəfat etmişdi. Başqa bir mənbədə şərbətin Yaqub tərəfindən bilərək öz qardaşı və anasına içirildiyi barədə də rəvayət öz əksini tapır.[16]

  1. Sümer, 2012. səh. 261
  2. 1 2 Woods, 1993. səh. 201
  3. Arayancan, 2019. səh. 2
  4. Arayancan, 2019. səh. 3
  5. 1 2 Woods, 1993. səh. 203
  6. 1 2 Tehrani, 2001. səh. 348
  7. Rumlu, 2006. səh. 241
  8. Woods, 1993. səh. 206
  9. Woods, 1993. səh. 233
  10. 1 2 3 Arayancan, 2019. səh. 5
  11. Woods, 1993. səh. 247
  12. Arayancan, 2019. səh. 7
  13. Arayancan, 2019. səh. 6
  14. 1 2 3 Arayancan, 2019. səh. 8
  15. Woods, 1993. səh. 250
  16. Woods, 1993. səh. 251
  • Woods, John E. The Aqquyunlu: Clan, Confederation, Empire. The University of Utah Press. 1999.
  • Walter Hinz tərc T.Bıyıklıoğlu. Uzun Həsən və Şeyx Cüneyd. Ankara: TTK. 1992.
  • Həsən bəy Rumlu. Əhsənüt-təvarix. Kastamonu: Uzanlar. Namiq Musalı, Oqtay Əfəndiyev. 2017. 661.
  • Arayancan, Ayşe Atıcı. AKKOYUNLU SARAYINDA BİR BEGÜM YA DA MEHD-İ ULYÂ: SELÇUKŞAH BEGÜM (türk). 20 (7). AVRASYA Uluslararası Araştırmalar Dergis. 2019. 1–11.
  • ABÜ BAKR-İ TİHRANI. KİTAB-İ DİYARBAKRİYYE. Ankara: Kültür Bakanlığı Yayınları. Mürsel Öztürk. 2001.
  • Faruk Sümer. Uzun Hasan. XLII. İstanbul: Türk Diyanet Vakfı Yayınları. DİA. 2001. 261–264.