Əbülfəth Sultan Xəlil — Ağqoyunlu hökmdarı. Uzun Həsənin oğlu idi. Hakimiyyətə gəlməzdən öncə Fars vilayətinin valisi idi. Cəlaləddin Dəvani öz Ərznaməsini 1476-cı ildə, məhz onun dövründə yazmışdır.[2] Yay iqamətgahı Minbulaqda, daha sonra isə Persepolisdə olmuşdur. Şiraz ədəbiyyatının hamisi olmuşdur. Hakimiyyətə atasından sonra gəlmiş, lakin qardaşları ilə müharibəyə başlamışdır. Qardaşı Maqsudu öldürmüş, digər qardaşları Yaqub və Yusifi isə sürgünə göndərmişdi. Həmin il əmisi Murad bəy Bayanduru da məğlub edərək hakimiyyəti mərkəzləşdirmə siyasəti güdür. Mərkəzləşdirmə siyasətini bəyənməyən türkman əmirləri bundan narazılıq etdilər. 1478-ci ilin iyulunda Xoy yaxınlığında 14 yaşlı qardaşı Yaqubun dəstəkçiləri tərəfindən məğlub edildi.[3]
Əbülfəth sultan Xəlil Bahadır xan سلطان خلیل بن اوزون حسن | |
---|---|
| |
6 yanvar 1478 – 15 iyun 1478 | |
Əvvəlki | Uzun Həsən |
Sonrakı | Sultan Yaqub |
Şəxsi məlumatlar | |
Doğum yeri | Təbriz, Ağqoyunlu dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Xoy, Ağqoyunlu dövləti |
Fəaliyyəti | şair |
Atası | Uzun Həsən |
Anası | Səlcuqşah bəyim |
Uşaqları | Əbül Məali Əli mirzə - xəttat idi.[1] |
Sultan Xəlil Uzun Həsən ilə Kür Məhəmmədin qızı Səlçuqşah bəyimin evliliyindən olan ilk oğlu idi. “Kitabi-Diyarbəkriyyə” əsərinin müəllifinin yazdığına görə o, 1442-ci ilin yaz fəslinin əvvəllərində anadan olmuşdu.[4]
1458-ci ildə ildə Uzun Həsən gürcülərə qarşı ilk hücumunda ələ keçirdiyi Kemax və Qarahisar vilayətlərini böyük oğlu Sultan Xəlil və Uğurlu Məhəmmədə vermişdi. Burada Uzun Həsənin məqsədi özünə soy yaratmaq idi.
Mənbələrin verdiyi bir digər məlumata görə 1459-cu ildə Sultan Xəlil Söhrab ibn Şeyx Həsənin qızı ilə evləndirilmiş bununla da Çəmişgəzək-Malkiçi kürdləri ilə Ağqoyunlular arasında müttəfiqlik əlaqələri quruldu.
1461-ci ildə əyyubilərin Ağqoyunlu-Əyyubi sülhünü pozması nəticəsində Sultan Xəlil Xələfin paytaxtı Həsənkeyf üzərinə hücuma keçdi. O, 7 ay müddətində şəhəri mühasirəyə aldı. Nəticədə 1462-ci ilin iyun ayında qala ələ keçirildi, Əyyubi bəylərinin bir çoxu qətlə yetirildi və bütün ərazi Sultan Xəlilin mülkünə daxil edildi.[5]
1467-ciildə Cahanşah 30 mindən çox süvari dəstəsi ilə Diyarbəkirin şərqinə hücuma başladı. Hər iki tərəf də qabaqcadan bu döyüşə hazırlanmışdı. Tərəflər arasında ilk döyüş 1467-ci ilin oktyabr ayında Sultan Xəlil rəhbərliyində Ağqoyunlu qüvvələrinin qalibiyyəti ilə nəticələndi. Bunun nəticəsində Cahanşah öz ordusuna qış istirahəti üçün icazə verdi. Bu döyüş barədə Əbubəkr Tehrani yazır:
“Uzun Həsənin bu kəskin bəyanatından sonra da Cahanşahın göziəri açılmadı. O, bütün qüvvələrini toplayıb Muş düzənliyinə gəldi. Ağqoyunlular da döyüşə tam hazır vəziyyətdə idilər. Tərəflər arasında bir-iki günlük məsafə qaldıqda, Cahanşah Qasım Pərvanəçi adlı əmirin başçılıq etdiyi dəstəni kəşfiyyata göndərdi. Fərat çayını keçən kimi onlar Uzun Həsənin oğlu Sultan Xəlilin əsgərləri ilə qarşılaşdılar. Baş vermiş döyüşdə Qaraqoyunlular ağır məğlubiyyətə uğradılar: onların 80 nəfəri öldürüldü, 60 nəfəri əsir düşdü, xeyli hissəsi də çayda boğuldu.”[6]
1469-cu ildə Teymuri Əbu Səidin öldürülməsindən sonra Uzun Həsən özünü sadəcə Şahruxun deyil Əmir Teymurun da varisi elan edib Teymuri torpaqları üzərində haqq iddia etməyə başladı. Nəticədə 1469-cu ilin yazında Xorasan üzərinə yeriyib burada Əbu Səidi qətlə yetirən Yadigar Məhəmmədlə görüşdü. Uzun Həsənin ona kömək üçün göndərdiyi dəstələrdən 3-cüsünə məhz Sultan Xəlil özü rəhbərlik edirdi. Bu dəstə 1470-ci ildə Astrabadı ələ keçirmişdi.[7] Həsən bəy Rumlu bu barədə Əhsən ət-Təvarix əsərində yazır:
“Həsən padşah, Şahəli bəy Pornakı və Hüseyn bəyi Astarabadı idarə etmək üçün göndərdi. Onların ardınca Yusif bəy, Hüseyn bəy, Şahmənsur [ibn] Şahsüvar Bayrami və İshaq ağanın qardaşı Yaqub kimi bəzi böyük əmirləri ağır bir ordu ilə Yadigar Məhəmməd mirzəyə köməyə göndərdi. Onların da ardınca Sultan Xəlili yolladı. Sultan Xəlil bir dəstə bahadırla Astarabada daxil oldu.”[8]
1470-ci ildə Uzun Həsən 2 ay Şirazda qaldıqdan sonra Quma yönəldi. O İsfahan ətrafında düşərgə saldı və şəhər əhalisi silahlanaraq onu qarşılamağa hazırlaşdılar. Uzun Həsən Şiraz hakimliyini Əmir xan Mosulluya, İsfahan hakimliyini isə Sultan Xəlilə verdi. O burada qışlaqda olarkən Sultan Xəlil hökmdarın hüzuruna çıxdı. O 1470-ci ilin mart ayında şahdan izn istədi ki, öz iqtası olan Qəzvinə yola düşsün. Bununla da Qəzvində öz ordusunu toplayıb şah qoşunu harda olarsa onlara qoşulmağı hədəfləyirdi. Nəticədə Qəzvinə qayıtdıqdan sonra yenidən 1470-ci ilin aprel ayında Yadigar Məhəmmədə kömək etməkdən ötrü öz xassə qoşunu və digər əmirlərlə birlikdə Xorasana yola düşdü.[9]
Uzun Həsən xəstələndikdən sonra taxt uğrundə vərəsəlik problemləri başlamış, Ağqoyunlu sarayında qruplaşmalar meydana gəlmişdi. Sarayda ən güclü qruplaşma Uzun Həsənin ilk xanımı Səlcuqşah bəyimin ətrafında toplanmışdı. O Sultan Xəlilin taxta çıxması üçün mübarizəyə başlamışdı.[10]
Onun qarşısında isə Uzun Həsənin digər xanımları Dövlətşah bəyim ilə Dəspinə Xatun dayanmışdı. Bu xanımlar digər taxt namizədləri Uğurlu Məhəmməd ilə Maqsud Mirzənin anaları idi. Beləliklə Uğurlu Məhəmməd ilk əvvəl Bağdad üzərinə hərəkətə başladı. Burada Uzun Həsənin digər oğlu Maqsud bəy, Danə Xəlillə birlikdə Qəsri-Şirinə onu qarşılamağa gəldilər. Uğurlu Məhəmməd onlarla birlikdə Həmədandan keçib Sultan Xəlilin hakim olduğu İsfahana yola düşdü. Uğurlu Məhəmməd 1474-cü ilin yazında Sultan Xəlilin paytaxtı Şirazı müdafiəçilərin əlindən almaqla ilk həmləni etmiş oldu. Rumlu yazır:
Həsən padşah, Sultan Xəlili ağ tuğla və hamısı fil yıxan, şir ovlayan [əsgərlərdən ibarət] çoxlu qoşunla onu dəf etməyə yolladı. Uğurlu Məhəmməd Türkman tamamən kədər içində Şulistanın yolunu tutdu, qaçarkən səba küləyi kimi yer üzünü qət etdi və atəş kimi yandırıcı, külək kimi qıvraq qılıncın qorxusundan sanki yerin dibinə girdi. Sultan Xəlil Kuhi-Giluyəyə qədər onu təqib etsə də, tozuna belə çata bilməyib geri döndü.[11]
Uğurlu Məhəmməd təcili şəkildə Şirazı tərk edərək Suriyaya qaçdı. Uzun Həsən digər oğlu Maqsudu Uğurlu Məhəmmədə kömək etdiyinə görə həbs etdirdi. [12][11]
Uzun Həsən 1476-cı ilin qış aylarına Sultan Xəlili vəliəhd təyin edib Gürcü krallığı üzərinə səfərə hazırlaşdı. Lakin bu səfər zamanı baş vermiş çətinliklər, soyuq hava şəraiti Uzun Həsənin xəstələnməsinə gətirib çıxardı.[13]Bu xəbəri eşidən Səlcuqşah bəyim tez bir zamanda oğlu Sultan Xəlili Şirazdan Təbrizə, Ağqoyunlu sarayına çağırdı.
Sultan Xəlilin vəliəhd təyin edilməsi barədə mənbələrdə məlumatlar müxtəlifdir. Həsən bəy Rumlu bu barədə yazır:
Bu sətirlərin müəllifi bəzi adamlardan belə eşitmişdir ki, Uğurlu Məhəmmədin başını Həsən padşahın yanına gətirdikləri zaman Həsən padşah xəstə idi. Onun xatirinə çox ağır gəldi və dedi ki, “əgər bu xəstəlikdən xilas olsam, onun qatillərindən intiqam alacağam”. Səlcuqşah xanım bu sözdən qorxub onu boğdurdu. Amma “Tarixi-aləmara”da yazılıb ki, Həsən padşah xəstəlik vaxtında o zaman Şirazda olan ən yetkin oğlu Sultan Xəlili çağırmış və səltənət işini ona həvalə etmişdi. O zaman onun oğullarından beş şahzadə həyatda idi: Sultan Xəlil, Maqsud bəy, Yaqub bəy, Yusif bəy və Məsih mirzə.[14]
Uzun Həsənin vəfatından sonra Ağqoyunlu dövlətinin daxili zəifliyi dərhal üzə çıxdı. Sultan Xəlilin qısa hakimiyyəti 8 aydan az çəkdi. Hakimiyyəti ələ keçirmiş Sultan Xəlil qardaşlarına qarşı mübarizəyə girişdi. Hakimiyyətə gəldikdən sonra Diyabəkir hakimliyini qardaşı Sultan Yaquba verdi və Süleyman bəy Bicanoğlunu onun lələsi təyin etdi.[15]
Sultan Xəlil taxta çıxar-çıxmaz 20 yaşlıl qardaşı Maqsud Mirzəni edam etdirdi. Bu hadisə Ağqoyunlular daxilində ilk qardaş qətli hesab edilir.[16]
Uzlaşma qaydalarını yeniləşdirmək üçün Qazı Əlaəddin Beyhəqini Sultan Məhəmmədin yanına göndərdi. Fars hakimliyini öz oğlu Əmirzadə Əlvəndə tapşırdı. Hüseyn bəy Xocahacılı və Əmirzadə Qəzənfər Miranşahi kimi böyük əmirləri, Bayanduri əmirlərindən Abbas bəyi, Yusif bəyi, Bəhram bəyi, Hüseynəli bəyi və xəzinədar Məhmat bəyi, Qaraqoyunlu əmirlərindən Məhmət bəy Alpavutu və digər əmirləri Şiraza yolladı.[16]
Sultan Xəlil ən güclü rəqibi qardaşı Yaqubu və Yusifi, anası Səlcuqşah bəyimi, Süleyman bəy və Bayandur bəyi, Sultan Yaqubun müəllimi Qazi İsa ibn Şükrüllah Savəci ilə birlikdə Diyabəkirə göndərməklə öz hakimiyyəti üçün təhlükəni aradan qaldırmaq niyyətində idi.[17]
Onun hakimiyyətinə ilk müxaliflik Cahangirilərdən baş verdi. 1478-ci ilin may ayında Sultan Xəlilin Savədəki hakimi Murad ibn Cahangir Bayandır bəzi Bayanduri və Kürd əmirlərini Təbriz hakimiyyətinə qarşı qaldırdı. Tərəflər ilk dəfə Sultaniyyə ətrafında bir ərazidə qarşı-qarşıya gəlmiş, Mənsur bəy Pörnək rəhbərliyində Ağqoyunlu qoşunu məğlub edilmişdi.[16] Bu xəbəri eşidən Sultan Xəlil özü döyüş meydadına atıldı. O çoxlu ordu ilə Miyanəyə yola düşdü. Sultan Xəlilin gəlişini eşidən Murad bəy isə müqavimət göstərməyi lazım bilməyərək Firuzkuh qalasına qaçdı.[18]
Sultan Xəlil, Osman bəy Miranşahini o pis yolun yolçusunu dəf etmək üçün göndərdi. Osman bəyin o hüduda gəlişindən sonra o qalanın hakimi olan rəzil Hüseyn Kiya onun qoşunlarının qorxusundan Murad bəyi və onun yanında olan bir neçə əmiri tutaraq Osman bəyə təhvil verdi. Sözügedən ilin rəbiüləvvəl [ayının] 14-də (15.06.1478) onların boynunu vurub başlarını Sultan Xəlilin məclisinə apardılar. Muradsız sultan, Muradın muradına çata bilməməsini özünün muradının hasil olmasının səbəbi bilib, tam arxayınlıqla oturmuşdu ki, İbrahim bəy Cahangirinin müxalifliyi haqqında xəbər gəldi.[18]
İbrahim bəy bu zaman Kuhbənandan və Sircan ətrafından qoşun toplayıb Babək şəhərinə yönəlmişdi. O ilk əvvəl Şirazı ələ keçirmək məqsədilə Sircana üz tutdu. Burada Şiraz əmirlərinə məktub yazaraq bildirdi ki, bu hücumun səbəbi taxılın baha olmasıdır. Əmirlər bu məktubu oxuyub onun istəyi üzrə taxıl göndərdilər. Lakin o bundan sonra yenidən Şiraza hücum etmək qərarına gəldi. Lakin çox keçmədən Şiraz əmirləri tərəfindən məğlubiyyətə uğradılıb qaçmağa üz tutdu. Sultan Xəlil onun qaçdığını xəbər tutub, ona qəsd etmək üçün ətrafdan və yan-yörədən qoşunlar göndərdi və onlar onu qəflətən tutaraq əsir götürdülər. Sultan Xəlil onun edam edilməsini əmr etsə də, bu zaman Sultan Yaqub və Süleyman bəyin Diyarbəkir əmirləri və böyük bir ordu ilə yaxınlaşdığını eşitdi. Beləliklə İbrahim bəy cəzalandırılmadı.[18]
Sultan Xəlilin dövründə Ağqoyunlu-Osmanlı münasibətlərinə toxunmuş türk tarixçiləri yazırlar ki, Uzun Həsənin ölümündən sonra onun yerinə keçmiş oğlu Sultan Xəlil dostluğu yenidən qurmaq məqsədilə Qazi Əlaəddin Beyhəqini İstanbula göndərmiş və hər iki dövlət arasında [133-134] dostluq əlaqələri yaradılmışdı. Bu faktı mənbələr də təsdiq edir. Fəzlullah ibn Ruzbihan Xunci qeyd edir ki, Sultan Xəlil sultan II Mehmedə padşahın ölüm xəbərini çatdırmaq və dostluğu bərpa etmək məqsədilə özünün dıvan başçısı olan Qazi Əlaəddin Beyhəqini İstanbula göndərmişdi. Həsən bəy Rumlu da Sultan Xəlilin Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq məqsədi ilə oraya elçi heyəti göndərdiyini yazır. Məhəmməd Nəşrinin verdiyi məlumatlara əsaslanan Yılmaz Öztuna ağqoyunlularla-osmanlılar arasında dostluq münasibətlərinin yaradılmasının səbəblərini səciyyələndirərək belə bir nəticəyə gəlir ki, Uzun Həsən ölərkən vəsiyyət etdi ki, özündən sonra nəslindən padşah olanlar heç zaman «Osmanlılarla müharibə etməsinlər».[19]
Qərbdə Sultan Yaqubun başlatdığı ayaqlanma Sultan Xəlil hakimiyyəti üçün təhlükə yaradırdı. Onun təşkilatçıları Səlcuqşah, Qazi İsa, Bayandır və Süleyman bəy, on il əvvəl Ağqoyunluların güc mərkəzinin Azərbaycan, Fars İraqı və Fars ərazisinə keçməsi ilə ikinci plana keçən Diyarbəkir, Ərməniyə və Kürdüstanın narazı hərbi elitasını təhrik edirdilər. Köhnə sülalə mübahisələri də getdikcə qızışırdı. Bir neçə Qara Osmani ilə yanaşı, Tur Əli Əhmədi və Pir Əli ailələri də bu birlikdə təmsil olunurdu. Eynilə, Yaqubun konfederativ dəstəyi Bayramlu, Çaxırlu, Çəpni, Duharlu, Mosullu və Pörnəkin daxil olduğu Ağqoyunlu tayfalarının bir hissəsini də təmsil edirdi. Sultan Xəlilə qarşı hərəkatda Anadolu tayfalarından İsfəndiyarilər, Qaramanilər və Zülqədərlər də iştirak edirdi.[20][16]
Sultan Yaqub rəhbərliyindəki birliklər nə qədər güclü olsa da Sultan Xəlilin sayca çox və daha peşəkar qoşunu qarşısında üstünlük yarada bilməmişdi. Buna baxmayaraq Sultan Yaqub rəhbərliyindəki qüvvələrlə hərəkətə başladı. Rumlu yazır ki, Səlcuqşah bəyim oğlunun müxalifllik fəaliyyətindən xəbər tutduqda onu bu fikirdən daşındırıb, Sultan Xəlilin hüzuruna elçi göndərərək itaət, tabeçilik və üzrcahlıq etməsini məsləhət gördü. Sözü gedən xəbərləri çatdırmaq üçün Hacı bəy Mosullunu Sultan Xəlilin sarayına göndərdilər. Elçinin göndərilməsindən sonra Vəfa Bakavul Təbrizdən Sultan Yaqubun yanına gələrək ona səhv xəbərlər çatdırdı. Onun verdiyi məlumata görə guya Sultan Xəlil Murad bəyin qoşunları qarşısında ağır məğlubiyyətə uğradılmışdı. Bu xəbəri eşidən Sultan Yaqub dərhal qoşunlarını toplayaraq Təbrizə doğru hərəkətə başladı. O, Fərat sahilinə çatdıqda xəbər tutdu ki, Murad bəy sultanın qarşısından qaçaraq, Firuzkuha sığınıb. Bu xəbərdən sarsılan Sultan Yaqub yaxınlarını toplayaraq məşvərət elədi və hərəkətə davam etməyə qərara gəldi. Bir neçə gündən sonra xəbər gəldi ki, Sultan Xəlil Sultan Yaqubun müxalifliyindən xəbər tutub və o da Təbrizə doğru sürətli yürüşə başlayıb. Sultan Yaqub bu xəbəri eşitdikdən sonra Süleyman bəyi Ömər bəy Cagirlü və İsgəndər bəy Piltən kimi bəzi əmirlərlə, beş min nəfəri qabaqcadan yola saldı. Süleyman bəy ona verilmiş qoşunla Sarısudan təcili surətdə yola çıxıb, Sökmənabad yolundan keçərək Xoy çayı sahilinə yetişdi. Onun ardınca Sultan Yaqub Sökmənabada gəldi.[21]15 iyul 1478-ci ildə tərəflər Təbriz yaxınlığında Xoy körpüsü adlanan yerdə qarşı-qarşıya gəldilər. Orduların düzülüşü barədə ətralı məlumat “Əhsən ət-Təvarix” əsərində öz əksini tapır:
“O gün, sözügedən ilin [rəbiüləvvəl ayının] 14-də (15.06.1478) iki tərəf savaş niyyəti və ad-san təlaşı ilə bir-birinin qarşısında döyüş səfi çəkdilər. Yaqub padşahın sağ cinahı Süleyman bəy Bicənin, Bəhram bəy Bayraminin, İsgəndər bəy Piltənin, Mahmud bəyin və digər əmirlərin və igidlərin vücudu ilə qüvvətləndi. Onun sol cinahı Bayandur bəyin, Həsən ağa Çələbioğlunun, Yusif bəy Təvaçının və Maqsud bəyin şücaət meydanına çevrildi. Mənqəlayda Ömər bəy Cagirlü, Mənsur bəy Çəgəni, Yusif bəy, Xurşid bəy və Cəmşid bəyin övladları kinli igidlərdən [ibarət] qələbəlik bir dəstə ilə qərar tutdular. O tərəfdən Sultan Xəlil də mərkəzi və cinahları tərtib edib sultanlıq döyüşünə üz qoydu.”[22]
Başlanğıcda döyüş Sultan Xəlilin lehində gedirdi, lakin Yaqubun Bayandur rəhbərliyindəki sol qanadının ani intihar hücumu Sultan Xəlilin birliklərinin əsas gövdəsi ilə əlaqəsini kəsdi. Onun qüvvələri mühasirəyə alınaraq dağıdıldı. Əsgərlərin təlaş içində qaçması üsyançıların qarşısında paytaxta gedən yolu açdı. Bayandur və Süleyman bəy qalib Sultan Yaqubu Təbrizə doğru irəlilətdilər və gənc namizədlərini Uzun Həsənin taxtına oturtdular. Baş verən döyüşdə Sultan Xəlil öldürüldü. [23]
Mənbələrdə Sultan Xəlilin adı çəkilməyən xanımından iki övladı olması barədə məlumatlar var. Onlar aşağıdakılardır:
Sultan Xəlil Doğum: (ehtimal ki)1454 Vəfat: 15 iyun 1478
| ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri Uzun Həsən |
Ağqoyunlular dövləti(آققویونلو) sultanı 1478 |
Xələfləri Sultan Yaqub |