Səməd xan Şücaəddövlə

Hacı Səməd xan İskəndər xan oğlu Şücaəddövlə (1852, Marağa, Şərqi Azərbaycan ostanı1914, Moskva)- Cənubi Azərbaycanın valisi, Məşrutə əleyhdarı

Səməd xan Şücaəddövlə
Hacı Səməd xan İskəndər xan oğlu Müqəddəm
Şəxsi məlumatlar
Doğum tarixi 1852
Doğum yeri
Vəfat tarixi 1914
Vəfat yeri
Fəaliyyəti zabit
Rütbəsi general-mayor

XIX yüzilin sonlarında, XX yüzilin önlərində Marağa vilayətinin hakimi Şücaəddovlə Hacı Səməd xan Müqəddəm idi. Hacı Səməd xan Cənubi Azərbaycanda məşrutə əlеyhinə mübarizə aparan dəstələrə başçılıq еdirdi. Səməd xan xüsusi ilə 1908–1909-cu illər Təbriz üsyanına qarşı fəallıq göstərmişdi.

Müharibə ərəfəsində Marağanın iri feodallarından biri ilan Hacı Səməd xan Şücaüddövlə Cənubi Azərbaycanın valisi vəzifəsini ifa edirdi. O, çarizm tərəfindən Təbriz şəhərinə hakimiyyət başına gətirilmişdi. 1912-ci ilin yanvar ayında Səməd xanın quldur dəstəsinin şəhərə daxil olmasına İngiltərənin Təbrizdəki konsulu olan Şipli də razılıq vermişdi. Çarizmin Səməd xan Şücaüddövlə kimi qatı mürtəce bir şəxsi seçməkdə məqsədi çar Rusiyasının İranda öz nüfuz dairəsinə daxil olan Cənubi Azərbaycanı istədiyi kimi idarə etməkdən və baş verə biləcək yeni xalq hərəkatının qarşısını almaqdan ibarət idi.

Çarizmin və Cənubi Azərbaycanın irticaçı qüvvələrinin yardımına arxalanan Şücaüddövlə 1905–1911-ci illər İran inqilabında iştirak etmiş olan vətənpərvərlərə amansız divan tuturdu. Bu zaman M. S. Ordubadi Təbrizdən "Sədayi-həq" qəzetinə göndərdiyi məktubda yaranmış belə vəziyyət haqqında danışaraq yazırdı ki, Azərbaycan, yaxud o ticarət behişti hazırda qan çalasına və təziyyə məclisinə dönmüşdür. Təbrizdə çıxan "Tənbih" jurnalı isə Cənubi Azərbaycanda irticanın ağalığına işarə edərək yazırdı ki, hazırda Təbrizdə matəm hökm sürür. Təkcə onu göstərmək kifayətdir ki, yalnız 1912-ci ilin yanvar ayında Şücaüddövlə 20 nəfər adamı edam etdirmişdi. Əslində bu rəqəm müxtəlif işkəncələr vetilməklə öldürülən vətənpərvərlərin həqiqi miqdarından çox az idi.

Şücaüddəvlənin hakimiyyəti dövründə Cənubi Azərbaycanın irticaçılar xalqın ən yaxşı oğullarının başına eşidilməmiş müsibətlər gətirirdilər. Onlara orta əsr dövrlrinə xas olan işkəncələr verilirdi. İran tarixcisi Mehdi Kiyanfər Şücaüddəvləni belə qəddarlığına görə Roma imperatoru Neron ilə müqayisə edirdi. O, göstərdi ki, vaxtilə Neron təqsiri olan şəxsləri vəhşi heyvanların qabağına atmağı əmr edərmiş və həmin adamların yırtıcı heyvanlar tərəfindən parçalanmasından ləzzət alarmış, Mehdi Kiyanfər qeyd edir ki, Şücaüddövlə vəhşiliyinə görə hətta imperator Nerondan da irəli getmişdi.

Səməd xan Təbrizdə Müqəddəm zabitlərinin əhatəsində, 1912-ci il

Şücaüddövlə Cənubi Azətbaycanda çarizmin buyruğu ilə iş görürdü. Bunu Təbrizdəki çar baş konsulu özü belə etiraf edirdi. Belə ki, o, 1913-cü il dekabrın 14-də göndərdiyi gizli teleqramında bu haqda yazırdı ki, Şücaüddövlə İranda bizim göstərişlərimizi kr-koranə yerinə yetirməyə hazır olan bəlkə də yeganə validir. Həqiqətən də o, Cənubi Azərbaycandakı bütün daxili məsələləri çar hökumətinin Təbrizdəki baş konsulu Orlovun razılığı ilə həll edirdi. Məsələn, Şücaüddövlə Əhməd şahın tacqoyma mərasiminin Cənubi Azərbaycanda bayram edilməsi üçün Orlovdan icazə almışdı. O, baş verən hadisələr haqqinda hər gün Otlova şəxsən raport verirdi. Buna görə də Orlov xarici işlər naziri Sazonova göndərdiyi teleqramında Çücaüddövlə haqqında belə yazırdı ki, üç aylıq əməli təcrübəm göstərir ki, Şücaüddövlə kimi itaətkər bir vadi tapmaq çətindir. Yaxşısı budur ki, qoy o öz vəzifəsində qalsın…

Şücaüddövlə Cənubi Azərbaycanda mərkəzi hökumətin səlahiyyətini tanımaq istəmir və onu ölkənin tərkibindən ayırıb "müstəqil etmək" fikrində idi. Bu işdə çarizm ona kömək edirdi. Çünki belə halda çarizm oyuncaq Şücaüddövlənin üsul-idarəsi vasitəsilə Azərbaycanı asanlıqla öz imperiyasına birləşdirə bilərdi.

Məhz bu səbəbə görə Şücaüddövlə Cənubi Azərbaycanda üçüncü çağırış məclisinə seçkilər keçirilməsi işinə mane olurdu. Orlov xarici işlər nazirliyinin məsul işçisi Klemmə göndərdiyi məktubunda yazırdı ki, Şücaüddövlə əyalətdə seçkilərin keçirilməsinin qəti olaraq əleyhinədir. Çünki o, bir monarxist olmaq etibarilə bunu özü üçün qeyri-mümkün hesab edir. Şücaüddövlə Əhməd şahın tacqoyma mərasimində iştirak etməkdən imtina etmiş və bununla da mərkəzi hökumətə tabe olmaq istəmədiyini bir daha nümayiş etdirmişdi.

Şücaüddövlə Odessa şəhərində olan keçmiş Məhəmmədəli şahla gizli əlaqə saxlayıb onunla yazışırdı. Çar konsulu Orlovla olan söhbətində Şücaüddövlə keşmiş şahla əlaqə saxladığını etiraf etmişdi.

Bütün bu səbəblərə görə İran hökuməti Şücaüddövləni Cənubi Azərbaycan valisi kimi tanımaq istəmir və bu barədə çar Rusiyasının Tehrandakı səfirinə dəfələrlə etiraz notası vermişdi. Çar hökuməti isə İran dövlətinin bu notalarına əhəmiyyət verməmişdi. Xarici işlər naziri Sazanov Tehrandakı səfirə göstəriş vermişdi ki, əgər İran hökuməti, Şücaüddövlənin Cənubi Azərbaycanın valisi olmasına razılıq verməsə, İran dövləti barəsində qəti tədbirlər görüləcəkdir. İran hökuməti Şücaüddövləninvəzifəsindən götürülməsi üçün Təbrizdə hətta ona qarşı sui-qəsd təşkil etmişdi. Həmin qəsdin təşkil edilməsi üçün hökumət 50 min tümən məbləğində vəsait sərf etmişdi. Lakin bu qəsd baş tutmamışdı.

Müharibə ərəfəsində çar Rusiyasının Tehrana təyin edilmiş eyni səfiri Korostovets isə "Rəad" qəzetinin müxbiri ilə müsahibəsində çarizmin məqsədini açıq surətdə ifadə edərk bildirmişdi ki, Rusiya Cənubi Azərbaycan məsələsinə Şücaüddövləyə sakit etmişdir. Şücaiddövlə Cənubi Azərbaycanda vali vəzifəsini ifa etdiyi müddət ərzində müxtəlif vasitələrdən istifadə edərək özünə böyük sərvət toplamışdı. O, əhalidən öz xeyrinə qanunsuz olaraq vergi toplayır və rüşvət almaq üçün müxtəlif vasitələr işlədirdi. Məsələn, o Təbrizdə yerləşən Bahaderan alayının əsgərlərinin hər birindən 20–25 tümən məbləğində rüşvət alaraq, onları hərbi xidmətdən azad etmişdi. Müxtəlif bəhanələrlə həbs olunmuş ayrı-ayrı şəxslərdən də müəyyən məbləğdə pul alaraq həbsxanadan azad edilirdi. Şücaüddövlə 1912-ci ilin təkcə yanvar ayı ərzində əhalidən 30 min tümən (55 min manat) məbləğində rüşvət almışdı.

Çar hökuməti Şücaüddövləni sədaqətlə xidmət etdiyi üçün birinci dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif etmişdi.

  • Ənvər Çingizoğlu, Müqəddəm eli, "Soy" dərgisi, 5 (25), 2008.
  • Ənvər Çingizoğlu, Marağa xanlığı, Bakı, "Mütərcim", 2013,-səh.280.
  • Ənvər Çingizoğlu, Hacı Səməd xan Müqəddəm (Tarixi-bioqrafik tədqiqat),Bakı, "Mütərcim",2013, 80,-səh.