Səngəçal Neft Terminalı

Səngəçal terminalı Azərbaycanın neft və qaz sənayesində həyati əhəmiyyətə malik obyektlərdən biridir. Səngəçal terminalı Azərbaycanın Xəzər dənizindəki yataqlarından hasil olunan xam nefti və qazı qəbul edir, texnoloji emaldan keçirir, saxlayır və ixrac edir. Terminalda texnoloji emal olunaraq təmizlənmiş xam neft nasosla saxlama çənlərinə vurulur və sonda dünya bazarlarına göndərilmək üçün ixrac kəmərlərinə ötürülür.[1]

Səngəçal terminalı
Yerləşməsi
Ölkə
Koordinatlar 40°11′32″ şm. e. 49°27′39″ ş. u.HGYO
Detallar
Açılışı 1996
Səngəçal terminalı
İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirak edib. 2018-06-12

Səngəçal terminalı Bakı şəhərindən 45 km cənubda, Səngəçal qəsəbəsinin yaxınlığında yerləşir. Səngəçal terminalı 688 hektar ərazini əhatə edir və bu onu dünyanın ən böyük neft və qaz terminallarından biri edir. Terminal iki əsas hissədən ibarətdir: İlkin Neft Layihəsi (İNL) və Səngəçal Terminalının Genişləndirilməsi Proqramı (STGP). Tikintisinə 1996-cı ildə başlanmış terminalda xam neft üçün ümumi həcmi 880 min barrel olan üç çən, baş nasos stansiyası, separatorlar, emal qurğuları və idarəetmə məntəqəsi var. Buraya fiber-optik rabitə kabelləri, sahildən 187 kilometr məsafədə yerləşən dəniz yataqlarından neft və qaz kəmərləri çəkilib.

Şahdəniz Yatağının Tammiqyaslı İşlənməsi layihəsinin bir hissəsi kimi, Səngəçal terminalı əsaslı şəkildə genişləndiriləcəkdir. Bu, Azərbaycanın neft və qaz sənayesi üçün terminalın əhəmiyyətini daha da artırmaqla, əlavə olaraq ildə 16 milyard kub metr qazı emal etməyə imkan verəcəkdir.

2011-ci il ərzində terminal təxminən 291,5 milyon barel neft (o cümlədən 257,3 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 28,3 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) və 5,9 milyon barel dəmir yolu vasitəsilə) ixrac edib. Terminalın texniki emal sistemlərinin ümumi gücü hazırda gündə 1,2 milyon barel neft və Şahdəniz qazı üçün gündəlik 25,5 milyon kub metr qaz (ümumi qaz emalı gücü isə gündəlik təqribən 39,5 milyon kub metr) təşkil edir.[2]

  1. "Səngəçal terminalı". 2012-08-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-28.
  2. Ötən ildə Səngəçal terminalı ilə 291,5 milyon barel neft ixrac olunub Arxivləşdirilib 2012-04-06 at the Wayback Machine gün.az