Sərhədçi İdman Olimpiya Mərkəzi

Sərhədçi İdman Olimpiya Mərkəzi

"Sərhədçi" İdman Olimpiya Mərkəzi — Azərbaycanın onlarla möhtəşəm idman qurğularından biri.

"Sərhədçi" İdman Olimpiya Mərkəzi

31 avqustda Bakının Xətai rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) "Sərhədçi" İdman Olimpiya Mərkəzinin açılışı olmuşdur.

Yüksək keyfiyyət göstəricilərinə malik olan bu idman mərkəzində tez-tez beynəlxalq yarışlar, ölkə miqyaslı mötəbər turnirlər keçirilir. Təşkilatçılar yarışları əsasən Sərhədçi İdman Olimpiya Mərkəzində keçirməyə üstünlük verirlər. Yüksək standartlara cavab verən bu iri diman obyektindəki şərait idmançı və məşqçiləri, eləcə də tamaşaçıları hərtərəfli qane edir.[1]

"Sərhədçi" İdman Olimpiya Mərkəzi 3 hektar ərazidə inşa olunmuşdur və tikintinin ümumi sahəsi 37.300 kvadratmetrə bərabərdir. Mərkəz üçmərtəbəli universal zaldan, idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün 2 açıq meydançadan, üzgüçülük hovuzundan, avtomobil dayanacağından, yardımçı binalardan və mehmanxanadan ibarətdir. Ərazidə quraşdırılmış 4 ekran vasitəsilə mərkəzdə eyni vaxtda keçiriləcək ayrı-ayrı yarışlar nümayiş etdiriləcəkdir. Bu mərkəz respublikamızda son illərdə inşa olunan ən böyük və əzəmətli idman qurğularından biridir. Ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri aparılmış, çəmənliklər salınmış, dekorativ ağac və kollar əkilmişdir. Mərkəzin hasarları da memarlıq baxımından cəlbedicidir və ətrafla ümumi ansambl təşkil edir.

Köməkçi bina və qurğulara avtomobil dayanacağı, nəzarət-buraxılış məntəqələri, qazanxana, nasosxana, su anbarları, transformator yarımstansiyası və digər qurğular daxildir. Həm ərazidə, həm də binaların daxilində təhlükəsizliyin təmin olunması məqsədilə ən müasir avadanlıq quraşdırılmışdır.

Mərkəzdə İtaliya istehsalı olan panoramalı iki lift quraşdırılmışdır. İşıqlandırma və yanğından mühafizə sistemləri də mükəmməlliyi ilə seçilir. "Qaraçay" şirkəti tərəfindən aparılmış inşaat işləri zamanı yerli və xarici ölkələrin tikinti materiallarından istifadə olunmuşdur. Burada eyni vaxtda 32 idman növü ilə məşğul olmaq mümkündür.

Bu idman qurğusu üçün ən müasir tələblərə cavab verən avadanlıq alınaraq quraşdırılmışdır. Əsas məqsəd isə burada paytaxt sakinlərinin bədən tərbiyəsi və idmanla məşğul olmaları ilə yanaşı, beynəlxalq səviyyəli yarışların da təşkil olunmasıdır.

Tikintisinə 2007-ci ildə başlanan və qısa müddətdə başa çatdırılan bu idman qurğusunda 2500 nəfər tamaşaçı tutumu olan universal zalla yanaşı, birinci mərtəbədə hovuz, fitness salonu, idmanın ağır atletika, bədii gimnastika, müxtəlif döyüş növləri üzrə məşq zalları, məşqçilər üçün otaqlar, sauna, anbarlar və camaşırxana vardır.

Mərkəzdəki universal zal xüsusi layihə əsasında inşa olunmuşdur. Burada bənzəri olmayan metal konstruksiyadan ibarət dayaqsız örtük tətbiq olunmuşdur. Bu günbəzin diametri 53 metr, çəkisi 360 tondur. Onun öz çəkisi ilə birlikdə yükgötürmə qabiliyyəti 900 tona çatır. Almaniya avadanlığı quraşdırılmış günbəz vasitəsilə bu zala avtomatik olaraq təbii hava da veriləcəkdir. Günbəzdə yerləşdirilmiş pəncərələr istənilən vaxt avtomatik qaydada açılacaq və bura təmiz hava daxil olacaqdır.

Mərkəzin ikinci mərtəbəsində kafe, güləş və Şərq döyüş növləri üzrə məşq zallarında, soyunub-geyinmə, məşqçilər və həkim heyəti üçün otaqlarda yaradılmış şərait xoş təəssürat doğurdu.

Üçüncü mərtəbədə komutator otağı, şahmat-dama, stolüstü tennis və bilyard zalları, konfrans salonu, muzey, fəxri qonaqlar üçün loja yerləşir.[2]

Azərbaycanda çerlidinq üzrə ilk ölkə birinciliyi 2016-cı ilin iyun ayında "Sərhədçi" İdman Olimpiya Kompleksində keçirilmişdir[3].

  1. ""Sərhədçi" İdman Olimpiya Mərkəzi". 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-14.
  2. ""Sərhədçi" İdman Olimpiya Mərkəzinin açılışı". 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-14.
  3. Çerlidinqin Azərbaycanda və Dünyada Vəziyətinin Təhlili.[ölü keçid]. ancf.az  (az.)